Hökumət 22 milyon itirəndən sonra Çin yuanından imtina etdiq

 Hökumət 22 milyon itirəndən sonra Çin yuanından imtina etdi

Vüqar Bayramov: “Postneft dövründə Azərbaycan valyuta ehtiyatlarını qoruyub saxlamağa çalışmalıdır” 

 

Azərbaycan Çin yuanı və digər inkişaf etməkdə olan ölkələrin valyutalarına investisiya yatırmaq planlarını təxirə salıb. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib. 
 
Onun sözlərinə görə, hazırda dünya iqtisadiyyatında baş verən mənfi tendensiya nəzərə alınır, odur ki, Azərbaycanın yuana və digər inkişaf etməkdə olan ölkələrin valyutalarına investisiya qoyması münasib deyil. AMB sədri əlavə edib ki, bununla əlaqədar dünya iqtisadiyyatının sabitləşdiyini gözləmək lazımdır. Ekspertlər baş bankirin bu addımını müsbət qiymətləndirir və bildirirlər ki, daha öncə Rusiya bazarında, Çin yuanına, Türkiyə lirəsinə edilmiş yatırımlar hesabına Azərbaycan külli miqdarda vəsait itirib. Bu səbəbdən inkişaf etməkdə olan dövlətlərin valyutası hazırkı durumda etibarlı yatırım vasitəsi deyil. Bununla hökumət valyuta ehtiyatlarını riskə atmamalıdır. 
 
Xatırladaq ki, ötən ilin avqustunda Neft Fondu yuanın devalvasiyaya uğraması nəticəsində 22 milyon dollar itirmişdi. Həmçinin fondun Rusiyada aldığı daşınmaz əmlak rublun devalvasiyaya uğraması nəticəsində kəskin dəyər itirdi. Beləliklə, Neft Fondu sadəcə yanlış hesablanmış yatırımlar üzündən milyonlarla manat vəsaiti heç bir valyuta əməliyyatı keçirmədən havaya sovurdu. 
“Yeni Müsavat”a açıqlamasında məsələyə münasibət bildirən iqtisadçı Vüqar Bayramov vurğuladı ki, inkişaf etməkdə olan ölkələrin valyuta bazarına investisiya qoymaq hazırda çox risklidir: “İstər Neft Fondu, istərsə də Mərkəzi Bank valyuta alarkən çalışmalıdır ki, əsaslandırılmış bir yığım qərarı olsun. Ancaq çox təəssüf ki, əvvəlki praktika göstərir ki, xüsusən də Dövlət Neft Fondunun təcrübəsində vəsaitlərin heç də gəlirli olmayan valyutaların alınmasına yönəldilməsi halları baş verib. Dövlət Neft Fondunun rubla, Türkiyə lirəsinə investisiya etməsi, o cümlədən Çinin səhm bazarı da daxil olmaqla, yuanla investisiya yatırması nəticə etibarilə bu qurumun rezervlərinə mənfi təsir göstərdi.  Neft Fondu bu valyutaların hər birində müqayisəli şəkildə zərərə düşdü. Təbii ki, söhbət vəsaitlərin hansı valyutada saxlanmasından və gəlir əldə edilməsindən gedir. Söhbət xırda maliyyə itkilərindən yox, milyonlarla ifadə olunan ziyandan gedir. Bəzi hallarda dövlət vəsaitlərinin doğru istiqamətə yönəldilməməsi nəticədə rezervlərin həcmində artım faizini xeyli azaldır”. 
V.Bayramovun sözlərinə görə, bu aspektdən qiymətləndirdikdə Mərkəzi Bankın gec də olsa yuanda və digər inkişaf etməkdə olan ölkələrin valyutalarında investisiya etməməklə bağlı qərarı doğru qərardır:“Hətta bu, gecikmiş qərardır. Bunu əvvəllər də etməyə ehtiyac var idi. Valyuta alınarkən sadəcə ölkələrin yaxın olması, qonşuluq münasibətləri nəzərə alınmamalıdır, iqtisadi əsaslandırma olmalıdır. Dünya bazarına çıxışı zəif olan valyutalara investisiya qoyulmasına ehtiyac yoxdur. Gələcəkdə avro və ABŞ dollarına və bu ölkələrin iqtisadiyyatına yatırım edilməsi, həmin valyutalarda vəsaitin saxlanılması daha məqsədəuyğundur. Postneft dövründə Azərbaycan valyuta ehtiyatlarını qoruyub saxlamağa çalışmalıdır. Artıq rezervlərimizi ikinci dərəcəli ölkələrin valyutalarına yönəltməklə azalda bilmərik, əksinə, onların qorunması və artırılması vacibdir. Bu mənada istər Mərkəzi Bank, istərsə də Dövlət Neft Fondu valyuta qərarlarını ciddi hesablamalar əsasında qəbul etməlidirlər. İndiki məqamda yenə də avro və dollar arasında səbət bölgüsünün aparılmasına ehtiyac var. Bu mənada hər iki qurum itkilərini azaldıb gəlirlərini artıra bilər. Birmənalı şəkildə əvvəlki dövrlərdə olduğu kimi, Rusiya, Çin, hətta Türkiyə valyutasına investisiya qoymaq rentabelli deyil”. 
Daşınmaz əmlak bazarına qoyulan investisiyaların səmərəliliyinə gəlincə, V. Bayramov bunun müvafiq ölkənin inkişaf göstəricilərindən asılı olduğunu bildirdi: “Rusiya və Türkiyənin daşınmaz əmlak bazarına investisiya qoymaq məqsədəuyğun deyil. Ancaq inkişaf etmiş ölkələrin uyğun qiymətə olan daşınmaz əmlak bazarına investisiya yatırmaq olar. Avrozona və ABŞ-ın daşınmaz əmlak bazarı növbəti illər üçün də səmərəli görünür. Ancaq burada qiymət çox önəmlidir. Bəzi hallarda heç də uyğun olmayan qiymətə daşınmaz əmlakın alınması hallarına rast gəlinir. Bütün faktorlardan öncə olan odur ki, əmlak bazar qiymətindən aşağı qiymətə alınsın və rentabelli olsun. İndiki məqamda məkan da çox önəmlidir, region ölkələri daşınmaz əmlak alınması baxımından rentabelli deyil. Bu ölkələrdə daşınmaz əmlakın qiymətinin artacağı haqqında proqnozlar yoxdur”. 
Nərgiz LİFTİYEVA

 






Fikirlər