Yoxsul ölkəni toylar boğaza yığıb: ildə 3 milyard dollar...

 Belə məlum olur ki, Orta Asiyanın yoxsul ölkəsi Qırğızıstanda da toylar , daha doğrusu toy və digər şənlinlərə çəkilən ifrat xərclər cəmiyyət üçün ciddi problemə çevrilib. Büdcə gəlirləri cəmi 1.5 milyard dollar olan, 6 milyon əhalinin yaşadığı bu ölkədə insanlar toylara və digər ziyafətlərə həddən artıq xərc çəkilməsinin nə dərəcədə düzgün olduğunu sual edirlər.

Virtualaz.org xəbər verir ki, müxtəlif araşdırmalara görə, Qırğızıstanda hər il yarım milyondan çox ailə təmtəraqlı mərasimlər, şənliklər düzənləyirlər. Hətta bu mərasimlərə sərf edilən vəsait ölkənin xarici borcu ilə müqayisə edilə bilər. Ölkədə xərclərin azaldılması ilə bağlı məsələ qaldırılarkən vətəndaşların da israfçılığı bir neçə dəfə müzakirə mövzusu olub. Belə təkliflər də səslənib ki, təmtəraqlı mərasimlər keçirən vətəndaşlar gəlir və xərcləri ilə bağlı deklarasiya təqdim etsinlər. Bu tip təşəbbüslər bir neçə dəfə parlamentdə qaldırılıb, ancaq hələ də problem olaraq qalır.

 

Borca  girib toy edirlər

 

Adətən, böyük mərasimlər üçün xüsusi restoranlar da tikilir. Əgər əvvəllər belə mərasimlər daha çox payızda keçirilirdisə, indi demək olar ki, bir-iki yay ayı istisna olmaqla ilboyu belə şənliklərə rast gələrsən. Çoxları bu mərasimləri keçirmək üçün borc alır, bankdan kredit götürür və çalışır ki, kimsədən geri qalmasın. Gənclərin kortejin müşayiəti altında gəzintisinin təşkili 10 min som (100 qırğız somu təqribən 1.47 ABŞ dollarıdır)  mərasimin keçirildiyi restoranda minimum xərc 300 min somdur. Bir-birlərinə ənənəvi olaraq, geyim hədiyyəsi etmək, mal-qara kəsmək və digər xərclərin ümumi məbləği bəzən 500 milyon somu ötür.

 

Tacikistan nümunəsi

İctimai fəal Emilbek Momunov qırğızların mərasimlərə çəkdiyi xərcləri hesablayıb. Onun sözlərinə görə, bu, az məbləğ deyil:“Hesablarıma görə, Qırğızıstanda il ərzində mərasimlərə təxminən 3 milyard dollar xərclənir. Ölkənin xarici borcu 3 milyard 700 milyon dollardır”.  Momunov əlavə edir ki, xərcləri azaltmaq lazımdır və Tacikistandan nümunə götürmək olar.Qonşu ölkədə xərclərin və qonaqların azaldılması ilə bağlı qanun qəbul edib. Qanun icrasına ciddi nəzarət olunur.

Qırğızlar təkcə nişan və toy mərasimini yox, “beşik toy”, “jeentek toy”, “nişanlı ilə vidalaşma” kimi tədbirləri də təmtəraqlı şəkildə restoranda keçirirlər.

 

Necə qazanıblar, qoy açıqlasınlar

Ekspert Bakıt Baketaev deyir ki, Qırğızıstanda hər il 500 mindən çox ailə təntənəli mərasim keçirir. Onun fikrincə, böyük xərclər tələb edən mərasimlər daha çox zəngin ailələr arasında geniş yayılıb, ona görə də onlar gəlir-xərcləri barədə deklarasiya təqdim etməlidirlər: “Əgər kimsə böyük toy eləyirsə, qoy deklarasiya təqdim etsin. Onlar hansı pula belə təmtəraqlı mərasimlər keçirirlər? Qoy bu barədə vergi məmurları bilsin. Hüquq mühafizə orqanlarının onlara nəzarət etməsi hər halda gərəksiz olmaz”.

Yerli ekspert Elvira İlibezova hesab edir ki, bu problemi vətəndaşların təfəkkürü dəyişə bilər. Onun sözlərinə görə, israfçı mərasimlərlə bağlı məsələlər çoxdan qaldırılsa da, hələ də konkret addım atılmayıb: “Əksinə, mərasimlərə yeniləri əlavə olunur və xərclər artır”.

İctimaiyyətdə mərasimlərdə qənaət eləmək ideyasını dəstəkləyənlər də var. Bəzi ailələr toya 20-yə yaxın qonaq çağırmağa, qənaət edilmiş pulu isə başqa ehtiyac olan şeylər üçün xərcləməyə hazırdır. Əsasən, xaricdə təhsil alan gənc cütlüklər bu ideyanı dəstəkləyir. 2013-cü ildə hökumət mərasimlərdə qənaət edilməsi ilə bağlı ictimai rəyi öyrənmək üçün sorğu keçirib. Amma sorğunun nəticələri açıqlanmayıb.

Xatırladaq ki, Azərbaycanda da ifrat israfçılığın baş alıb getdiyi toy mərasimləri və digər şənliklər barədə dəfələrlə ictimai müzakirələr aparılıb. Hətta məsələ parlamentin gündəliyinə də çıxıb və deputatlar toy mərasimlərində israfçılığın qarşısını almaq, bu mərasimləri hansısa formada tənzimləmək üçün qanun layihəsi təşəbbüsü irəli sürüblər. Lakin daha sonra bu məsələ yaddan çıxıb və ekspertlər bunu "toyxana mafiyası"nın gücü ilə izah edirlər.

Virtualaz.org






Fikirlər