07.05.2014. - “PREZİDENTƏ hər şeyi deyəcəm” – Admiralın xanımı OD PÜSKÜRDÜ!

07.05.2014. -  “PREZİDENTƏ hər şeyi deyəcəm” – Admiralın xanımı OD PÜSKÜRDÜ!Həbsxana onun yeri deyil. Orda şərait necə olursa-olsun, istəyir ora lap televizor qoysunlar”

“Şahin Sultanovu sındırmağa çalışırlar, amma bu heç cür alınmayacaq”.
Bu sözləri “Azadlıq”a Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanovun xanımı Iradə Sultanova bildirib. Vitse-admiralın xanımı deyib ki, Şahin Sultanov həbs ediləndə ona qarşı kobudluq edilib: “Şahin Sultanov həmişə vətəninə xidmət edib, vitse-admiraldır. Amma onun qoluna dərhal qandal vurdular, kobudluq elədilər, bununla onu sındırmaq istədilər, indi də həbsxanada saxlamaqla sındırmaq istəyirlər. Amma möhkəm, güclü adamdır. Həm də təqsiri yoxdur”.

İradə Sultanova daha sonra bildirib ki, Şahin Sultanov dəmir barmaqlıqlar arasına salınacaq şəxs deyil: “Həbsxana onun yeri deyil. Orda şərait necə olursa-olsun, istəyir ora lap televizor qoysunlar, Şahin Sultanov həbsxanaya salınacaq adam deyil. Şahin Sultanova qarşı belə münasibət olmamalıdır”.

Vitse-admiralın xanımı deyib ki, Şahin Sultanov yalnız əmrləri icra edən şəxsdir: “O, əsgərdir. O özbaşına nə edə bilər axı? Şahindən yuxarıda nazir, prezident var idi. O, yalnız donanmanın inkişafı üçün çalışırdı. Ailəsinə heç o qədər vaxt ayırmırdı. O, rütbəni, vəzifəni pulla almayıb. Biliyi, bacarığı, zəhmətilə bu səviyyəyə çatıb. Onun nə imkanlı əmisi, nə də dayısı olub ki, onu qabağa çəksinlər. Indi belə bir adamı həbs ediblər”.

İradə Sultanova həyat yoldaşının həbsinin səbəblərilə bağlı da bəzi təfərrüatları açıqlayıb: “Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra Hərbi Dəniz Qüvvələrinə komissiya gəldi. Şahini işləməyə qoymadılar, göndərdilər məzuniyyətə. Yoldaşım dedi axı belə şey etmək olmaz, bu qanunsuzluqdur. İmkan verin, işləyim, komissiya da öz işini görsün. Lakin razı olmadılar. Məzuniyyətdən sonra 3 gün işlədi. Həmin vaxt general Çingiz Məmmədov ona zəng elədi və dedi ki, bəlkə təqaüdə çıxasan. Təsəvvür edin, Çingiz Məmmədovun özünün təqaüdə çıxmaq vaxtıdır, mənim yoldaşımın vaxtına isə hələ 4 il var. Deməli, özü pensiyaya çıxmalı olan adam Şahinə deyir ki, pensiyaya çıx. Şahin ona cavab verdi ki, niyə pensiyaya çıxmalıyam ki? Mənim hələ vaxtıma var”.

İradə Sultanovanın sözlərinə görə, Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra həyat yoldaşını işdən kənarlaşdırmaq üçün ona müxtəlif formada təzyiqlər olunub: “Pensiya söhbətindən sonra dedilər ki, əgər çıxmasan, başqa cür olacaq. Gör sənin başına nə oyun gətirəcəyik. Çingiz Məmmədov kimdir ki, Şahin Sultanova zəng vurub ona belə təzyiq edir. Əlbəttə ki, Çingiz Məmmədov da bunu Zakir Həsənovun göstərişilə edib. Şahin onlara deyirdi ki, əgər mənimlə işləmək istəmirsinizsə, gözləyin, komissiya işini bitirsin, aktı mənə təqdim edin, sonra çıxaram. Amma bunlar razı olmadılar və Şahinin başına belə oyun açdılar. Bunlar hamısı Zakir Həsənov nazir təyin olunandan sonra baş verdi. O nazir olanda əllərində siyahı var idi. Həmin siyahıda işdən çıxarılacaq adamları adı var idi. Şahinin də adı siyahıya salınmışdı. Mən çox şeyi indi demək istəmirəm. Bütün detalları prezidentə deyəcəm. Prezidentə hər şeyi deyəcəm, bu oyunu necə qurublar, kimlər qurub, hamısını deyəcəm”.

Vitse-admiralın xanımının sözlərindən belə anlaşılır ki, Zakir Həsənov müdafiə naziri təyin olunan gündən Şahin Sultanova mənfi münasibət sərgiləyib. Lakin bu münasibətin kökündə nələrin dayandığı bəlli deyil: “Təsəvvür edin, Zakir Həsənov nazir təyin olunmuşdu. Şahin dəfələrlə onun qəbuluna düşmək istədi. Amma həyat yoldaşımı qəbul eləmədi. Əvəzində Şahinin tabeliyində olan adamları qəbul edirdi. Biz bilmirik ki, o niyə belə edir. Axırda da belə oldu. Şahini tutdurdular. Prezidentə Şahindən o qədər yalan deyiblər ki. Guya Hərbi Dəniz Qüvvələrində 5 milyon yeyinti olub. Amma komissiya araşdırdı, bu məsələ təsdiqini tapmadı. Şahinə böhtan atırdılar. Prezidentin gözündən salırdılar. Zakir Həsənov deyir ki, təzə gəmilər alınmayıb, nə bilim baza sökülüb, yeni baza yoxdur. Məgər Şahin Sultanov özbaşına idi? Şahin Sultanov özbaşına necə gəmi ala bilərdi? Şahin icraçı idi. Desəydilər gəmi al, alardı. Bir də Şahin Sultanov köhnə, yararsız vəziyyətə düşən gəmini təmir elətdirib. Həmin gəminin əvvəlki və təmirdən sonrakı vəziyyətini əks etdirən fotoları mətbuat konfransında nümayiş etdirdik, hamı gördü. Putin Azərbaycana gələndə prezidentlə hansı gəmiyə getmişdi? Həmin gəmi idi də. 65-ci illərin gəmiləri idi. Gedin araşdırın, görəcəksiniz ki, hamısı yağ içində və təmirlidir. Yalan deyirəmsə balalarım ölsün!”.

İradə Sultanova deyib ki, yoldaşının həbsilə ilə bağlı Müdafiə Nazirliyinin baş qərargah rəisi Nəcməddin Sadıqova zəng edib:" Birinci dəfə zəng elədim. Dedi ki, ezamiyyətdəyəm. Və bildirdi ki, mən də bilmirəm niyə belə edirlər, prokurorluğa zəng edəcəm, ona deyəcəm, buna deyəcəm. Amma sonra zənglərimə cavab vermir. Halbuki Nəcməddin Sadıqov həmişə yoldaşıma deyirdi ki, mən səninlə fəxr edirəm. Onun bacısı oğlu da Hərbi Dəniz Qüvvələrində xidmət edirdi. Yoldaşıma deyirdi ki, istəyirəm bacım oğlu da sənə oxşasın. Oyun qurdular yoldaşıma. Mənim yoldaşımın təqsiri yoxdur".

Vitse-admiralın yoldaşı deyib ki, həyat yoldaşının həbsindən sonra xeyli hərbçi zəng edib onlarla maraqlansa da, keçmiş müdafiə naziri Səfər Əbiyevdən səs çıxmayıb: “Şahin tutulandan Səfər Əbiyev bircə dəfə də zəng eləməyib”.

Şahin Sultanov aprelin 23-də tutulub. Vitse-admiral Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılıb. O, Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

Yazıda adı hallandırılan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.






Fikirlər