Misir Mərdənovun işə götürdüyü 800 müəllim qovuldu - SƏBƏB

Misir Mərdənovun işə götürdüyü 800 müəllim qovuldu - SƏBƏB

Tovuz rayonunda 800-ə yaxın müəllimin işdən çıxarılması ilə bağlı məlumat yayılıb.

Məlumatda işdən çıxarıldığını qeyd edən müəllimlər Misir Mərdənovun təhsil naziri olduğu dövrdə müddətli və müddətsiz müqavilələrlə işə düzəldiklərini, bunu müqabilində rayon təhsil şöbəsinin müdirinə 5000 min manat məbləğində pul verdiklərini bildiriblər. Onlar müqavilə müddətinin başa çatması əsas gətirilərək işdən azad olunduqlarını vurğulayıblar.
AzVision.az müəllimlərin müraciəti ilə əlaqədar Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynovadan münasibət öyrənib. Müəllimlərin işdən çıxarılması faktını təsdiqləyən Təhsil Şöbəsinin müdiri bildirib ki, "təmizləmə əməliyyatı” təhsil naziri Mikayıl Cabbarovun əmri ilə əlaqədardır.
"İmtahanlarda müəyyən bal toplayıb müddətli müqavilə ilə işləyən müəllimlərlə bağlı təhsil nazirinin əmri var. Həmin əmrə əsasən, imtahanlarda bal toplamayıb müddətli müqavilə bağlanan müəllimlər avtomatik işdən çıxarılır. Digər müəllimlər məktəblərdə vakant yer varsa və müəllimdən şikayət yoxdursa, işdə saxlanılır, digərləri isə işdən azad olunurlar. Hansı məktəbdə vakant varsa, həmin məktəblərdə işə düzəlmək istəyən müəllimlərlə həvəsləndirmə olan yerlərdə minumim 40 bal, həvəsləndirmə olmayan yerdə minimum 30 balı olarsa, müqavilə bağlanılır”. 
V.Hüseynova, həmçinin müddətsiz müqavilə ilə işləyən müəllimlərin işdən çıxarılmasına da aydınlıq gətirib: "Müddətsiz müqavilə ilə işləyənlər hansılar ki, 2 və ya 3-cü iş yerlərində müəllimlik edirlər, onların işlərinə baxılır. Əgər məktəbdə vakansiya varsa, şikayət yoxdursa, yerdə qalan müəllimlər işlə təmin olunur, müddətsiz müqavilədə olan müəllimlərin 2 və ya 3-cü iş yerlərində qalmasına razılıq verilir. Burada mənimlə bərabər 6 saylı hesablaşma mərkəzinin rəisi Emin müəllim də bu işə qol çəkir. Tək mənim qol çəkməyimlə məsələ həll olunmur”. 






Fikirlər