Əli Nağıyevi mətbuatla toqquşdurmaq planı – generala ayı xidməti

Əli Nağıyevi mətbuatla toqquşdurmaq planı – generala ayı xidməti

Milli təhlükəsizlik nazirinin sabiq birinci müavini haqda xoş sözlər söyləyib, onu hədəfə çıxarmaqla kim(lər) hansı məqsəd güdür?; Eldar Mahmudov vaxtilə öz müavini barədə dəhşətli dosye hazırlayıbmış 

 

Eldar Mahmudovun vəzifədən çıxarılmasından və Milli Təhlükəsizlik Nazirliyinin ləğvindən təxminən 1 il keçir. Amma bu 1 ildə mövzu, demək olar ki, aktuallığını itirməyib. Media hər gün bu haqda yazır. Ən müxtəlif fraqmentlər üzrə araşdırma aparılır, müsahibələr götürülür. Üstəlik, “MTN işi” və “Rabitə çetesi” üzrə məhkəmə prosesi başlayıb. Hər gün həmin məhkəmələr barədə mətbuat reportajlar verir. 
Bir tərəfdən də MTN generallarından vaxtilə zərərçəkmiş iş adamlarının müsahibələri yayılır. Belə iş adamlarından biri də “Eurotikinti” MTK-nın sədri Nəsimi Sadıqovdur. O, Strateq.az saytına geniş müsahibə verib. Müsahibənin növbəti bölümündə milli təhlükəsizlik nazirinin müavini olmuş general Əli Nağıyev barədə maraqlı fikirlər bildirib. 
Sitat: “...2011-ci ilin aprel ayında Əli Nağıyev MTN-in birinci müavini vəzifəsindən uzaqlaşdırıldı. Eşitdiyimə görə, o, Eldar Mahmudov nazir təyin olunandan sonra MTN strukturunda aparılan kadr dəyişikliyi nəticəsində öz vəzifəsini qoruyan və hətta daha da yüksələn yeganə peşəkar çekist kimi tanınırdı. O, həmin vəzifəyə yüksəlməmişdən əvvəl nazirliyin İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə rəhbərlik edirdi. Həm peşəkarlığı, həm də əvvəlki vəzifə təcrübəsi və informasiyası ona imkan verirdi ki, MTN-in iş adamlarının başına gətirdiyi oyunlar barədə müfəssəl məlumatlar toplasın. Görünür, elə buna görə də ölkə rəhbərliyi generalı faktiki olaraq MTN-in ikinci adamı vəzifəsinə gətirmiş, Eldar Mahmudov və onun komandasının mümkün özbaşınalığına qarşı sədd yaratmışdı. 
Aydəm və ”Akula" Akif kimi Eldar Mahmudovun “əlaltıları” isə bu təyinatı öz fəaliyyətlərinə qarşı təhlükə kimi qəbul edir, nəyin bahasına olursa olsun, Əli Nağıyevi “zərərsizləşdirməyə” çalışırdılar. Mən onların bu nigarançılığıyla əvvəllər də şahid olmuşam. Eldar Mahmudova bağlı qüvvələr həmişə Əli Nağıyevə qarşı çıxır və əllərindəki vasitələri işə salıb onu gözdən salmağa çalışırdılar. Həmin ərəfədə “Yeni Müsavat” qəzeti başda olmaqla bir sıra mətbu orqanlarda “qaralama” kampaniyası aparılması da həmin qrupun işi idi. Ümumiyyətlə, bu komandanın mətbuatda çox geniş şəbəkələri vardı". 
Image result for Milli Təhlükəsizlik
Məntiqsizliyə, məkrə diqqət edin: Ə.Nağıyev barədə bu cür xoş sözlər söyləyib, paralel olaraq onu ölkənin ən ciddi və tirajlı qəzeti “Yeni Müsavat”la toqquşdurmaq istəyir(lər). Özünü “iş adamı” kimi təqdim edən Nəsimi Sadıqov iddia edir ki, “Yeni Müsavat” Əli Nağıyevin vurulmasında Mahmudov çetesinə yaxından informasiya dəstəyi verib. 
Tamamilə yalandır və bunu hörmətli Əli müəllim özü də yaxşı bilir. Biz əminik ki, Əli Nağıyev “Yeni Müsavat” qəzetini özünə münasibətdə qərəzli, düşmən hesab etmir. Lakin onun sabiq naziri Eldar Mahmudov bizə hər zaman düşmənçilik edib və bütün fürsətlərdə bu münasibəti büruzə verib. Bunu da ölkə ictimaiyyəti və Əli Nağıyev yaxşı bilir.  
 
Lakin biz Əli Nağıyev haqda indiyədək xeyli araşdırma yazılar dərc etmişik. Buna görə kimdənsə sifariş almağa ehtiyac yoxdu. Əli Nağıyev dövlətin ən strateji strukturunda təmsil olunmasına baxmayaraq, adı böyük biznes layihələrinə qarışıb. 
 
Image result for CATEL
Deyilənə görə, onun Eldar Mahmudovla toqquşmasında bardağı daşıran sonuncu damla rabitə biznesi üstündəki mübahisələri olub.  Xatırlayırsınızsa, Azərbaycanda CATEL telefonları fəaliyyət göstərirdi. Bazarda ciddi payı olan bu firma həm mobil, həm də stasionar telefon xidməti ilə məşğul idi. Bu şirkətin general Əli Nağıyevə məxsus olduğunu ölkədə bilməyən yox idi. O vaxtlar deyilirdi ki, E.Mahmudov CATEL-ə 50 faizlə şərik olmaq istəyib. Ə.Nağıyev isə buna razılıq verməyib. Günlərin birində, daha dəqiq desək, 2011-ci ilin aprel ayının əvvəllərində CATEL heç bir izahat verilmədən, əvvəlcədən abonentlərə xəbərdarlıq edilmədən qapadıldı... 
Image result for Əli Nağıyev
Həmin vaxt dünyanı “ərəb baharı” silkələyirdi. Bu proses Azərbaycana da yansımışdı. Müxalifət həftədə bir dəfə paytaxt Bakı küçələrində etiraz aksiyaları keçirirdi. Əli Nağıyevin vəzifədən çıxarıldığı haqda fərmanın elan edilməsi, nə qədər maraqlı olsa da,  müxalifətin növbəti aksiya keçirdiyi günə düşdü. O dövrdə bəzi ekspertlər güman edirdi ki, bu, təsadüf deyil. Sonradan bu güman iddiaya çevrildi. Deyildi ki, Eldar Mahmudov Əli Nağıyevi zərərsizləşdirmək və MTN sistemindən birdəfəlik uzaqlaşdırmaq üçün onun müxalifətin bir qanadı ilə əlaqədə olması haqda dosye hazırlayıb. Həmin dosyedə çox ciddi məqamların olduğu bildirilirdi. 
Beləliklə, nazir olmağa hazırlaşan Əli Nağıyev prezidentin fərmanı ilə milli təhlükəsizlik nazirinin 1-ci müavini vəzifəsindən çıxarıldı. Üstündən bir neçə ay keçdikdən sonra Ə.Nağıyev Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə rəis müavini vəzifəsinə təyinat aldı. Təbii ki, bu, nazirin 1-ci müavini postundan qat-qat aşağı və əhəmiyyətsiz vəzifə idi. Lakin Eldar Mahmudova bu şəkildə uduzmaq o zaman üçün əslində Əli Nağıyevin xilası sayıla bilərdi. Sabiq nazir müavininin iqtidardakı qüdrətli himayəçisi onu son anda güc-bəla ilə xilas etmişdi. Hər halda o zaman mətbuat olayı bu şəkildə təsvir və təqdim edirdi. 
Image result for Eldar Mahmudov
Nəsimi Sadıqov müsahibəsində Əli Nağıyevi sahibkarların dayağı kimi qələmə verir. Ola bilər. Bəlkə də bizim bilmədiyimiz elə faktlar var ki, onları ictimailəşdirmək, həmin faktlar üzərində PR qurmaq heç hörmətli generalın ağlına belə gəlməyib. Yaxud o, bunun təbliğ olunmasını məsləhət görməyib. Fəqət, ortada bir başqa fakt da var ki, Ə.Nağıyevin adı vaxtaşırı bizneslə məşğul olan məmur kimi hallanır. Vəzifə tutan məmurların bizneslə məşğul olması isə  qanunla qadağandır. Korrupsiya ilə mübarizə aparan bir qurumun rəhbərliyində təmsil olunan məmur üçünsə bu, ümumiyyətlə, yolverilməzdir. 
Ə.Nağıyevin biznes obyektləri sırasında “Körpü” Ticarət Mərkəzi, uşaq bağçası, klinikalar, “Sərhədçi” İdman Kompleksi, metronun “Qara Qarayev” stansiyasının yaxınlığındakı çoxsaylı ticarət mərkəzləri sırası, “Qusar park” Otel-Əyləncə Mərkəzi, “Diqlas” və “Lotos” ticarət mərkəzləri, “Ağ Saray”, “İnci”, “Nazlı” “Şır-şır”, “Relax”, “Qızılboğaz” və s. restoranları da var. 
 
Image result for Lotos Diqlas
Yeri gəlmişkən, “Diqlas” və “Lotos” ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarlara qarşı vaxtaşırı divan tutulması barədə mətbuatda indiyədək çox yazılıb. Ara-sıra bu obyektlər haqda yenə də şikayətlər eşidilir. 
Sonda qeyd edək ki, Nəsimi Sadıqov bu cür açıqlama verməklə Əli Nağıyevi mətbuatla toqquşdurmaq xətti götürüb. Bu, ya bilərəkdən edilib, ya da, necə deyərlər, generala “ayı xidməti”dir...  
Mövzunu diqqətdə saxlayacağıq.






Fikirlər