Səfir şəhid əsgərimizin Ermənistanda saxlanmasına etinasızlıqda ittiham edildi
“Beynəlxalq sərhəddə baş vermiş hadisə zamanı həlak olmuş azərbaycanlı əsgərin meyitinin qaytarılması ilə bağlı danışıqlar davam etdirilir”.
Bunu modern.az-a Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
İ.Hüseynova qeyd edib ki, tərəflər razılaşacağı təqdirdə Beynəlxalq Qırmızı Xaç Komitəsi öz neytral vasitəçi rolunu həyata keçirməyə hazırdır.
2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupu ilə Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən döyüşdə həlak olan əsgərimiz Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən BQXK-nın Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edilib. Lakin hələ də Ermənistana təsir etmək mümkün olmayıb.
Bu arada Azərbaycanın müxalifət partiyalarından ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğluna əsgərimizin cəsədinin qaytarılmasına nail olmaq üçün Rusiyada imkanlarından yararlanmamaqda ittiham ünvanlanıb.
AMİP-in beynəlxalq əlaqələr katibi Elşən Mustafayev Polad Bülbüloğlunun Sergey Lavrova cavab verməməyinin, Ermənistanda saxlanan hərbçimizin cəsədinin alınması üçün Rusiya tərəfi ilə lazımi işi aparmamağının qınanmalı olduğunu bildirib.
E.Mustafayev “Yeni Müsavat”a qeyd edib ki, Lider TV-nin artıq keçmiş müxbirinin verdiyi suala Sergey Lavrovun cavabı Azərbaycanın müstəqilliyinə təcavüzdür. Buna ilk reaksiyanı da məhz Rusiyadakı səfir Polad Bülbüloğlu verməlidir. Son günlər jurnalistin Polad Bülbüloğlunun tələbi ilə işdən çıxarılması haqda mətbuatda gedən məlumatlara nə səfirin, nə də səfirlik əməkdaşlarının təkzib verməməsi yazılanların haqlı olduğunu göstərir: “Bu isə Azərbaycanı təmsil etmək vəzifəsi ilə bir araya sığmır. Ölkə prezidenti hər zaman rəsmən bəyan edir ki, sülh danışıqlarının gedişi problemin ədalətli həllinə gətirməyəcəksə, Azərbaycan hərbi yolla torpaqları işğaldan azad etmək hüququndan istifadə edəcək. Bunda sonra Lavrovun jurnalistin sualına cavab olaraq bizim belə bir hüququmuzun olmaması anlamına gələn cavabı Polad Bülbüloğlunu narahat etmir. Belə çıxır ki, prezident İlham Əliyevin fikirləri də səfiri maraqlandırmır? Jurnalisti münasibətlərə xələl gətirən sual verməkdə ittiham etmək səfirin yerində olmadığını göstərir. İki ölkə arasında münasibətlərə xələl gətirəcək əsas Lavrovun cavabıdır, jurnalistin sualı yox. Bir müddət öncə Lavrov Azərbaycan əsgərinin cəsədinin qaytarılması üçün Ermənistana təzyiq edilməsi xahişi ilə bağlı suala cavab olaraq bildirmişdi ki, bu, iki dövlətin arasında olan məsələdir. O zaman səfir Polad Bülbüloğlu niyə susmuşdu və bu gün niyə susur? Bu gün deyə bilməzdi ki, cənab Lavrov, siz Sərkisyanın müşaviri yox, Rusiyanın xarici işlər nazirisiz. Həm də bilməlisiniz ki, cəsəd, əsir dəyişmək humanitar məsələdir və adətən belə işlər 3-cü tərəfin vasitəçiliyi ilə olub. Bunların heç birini biz Polad Bülbüloğlundan eşitmədik. Sanki Lavrovun Azərbaycanın müstəqilliyi əleyhinə açıqlaması və əsgərimizin cəsədinin bir aya yaxındır Ermənistanda saxlanması səfirin vecinə deyil. Polad Bülbüloğlu bəlkə də özünün Rusiya siyasətçiləri, şou-biznes nümayəndələri arasında yaranmış yaxşı oğlan imicinə xələl gəlməsindən çəkinir”.
ADP sədrinin müavini Taliyət Əliyev isə bildirdi ki, Polad Bülbüloğlu Rusiyada səfir olaraq Azərbaycanın maraqlarını müdafiə etməyə borcludur. Belə çıxır ki, səfir bunu etmək əvəzinə, Azərbaycan vətəndaşı olan müxbirin hüquqlarını pozur: “Əgər Polad Bülbüloğlu belə cəsarət sahibidirsə, Rusiya XİN başçısının açıqlamasına münasibətini ortaya qoymalı idi. Sergey Lavrov açıq-aşkar Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü şübhə altına alır, Azərbaycanın Rusiyadakı səfiri isə susur. Bildiyimiz kimi, Rusiya ATƏT-in Minsk Qrupu çərçivəsində həmsədr olan dövlətlərdən biridir. Lavrovun məlum açıqlaması Rusiyanın həmin qrupda vasitəçilik (bitərəf vasitəçilik) missiyası ilə bir araya sığmır və açıq şəkildə Rusiyanın bu münaqişədə tərəf olduğunu bir daha sübut edir. Polad Bülbüloğlu buna öz etirazını bildirməlidir. Polad Bülbüloğlu imkanlarından istifadə edib şəhid əsgərimiz Çingiz Qurbanovun cəsədinin Azərbaycana təhvil verilməsi üçün çalışmaq əvəzinə, Lavrovun müdafiəçisinə çevrilirsə, təəssüflər olsun”.