Elman Məmmədov: “Çalışacağıq ki, hər şey əhalinin tələblərinə uyğun şəkildə həll olunsun”
Yanvarın 27-də Bakının Sabunçu rayonu Pirşağı qəsəbəsindəki Məşəl, Tonqal, Lalə və digər düşərgələrdə yaşayan məcburi köçkünlərlə “Azərişıq” ASC-nin əməkdaşları və polislər arasında insident baş verib.
Gununsesi.info saytının yaydığı məlumata görə, köçkünlər onlara ayrılan kommunal xərclərlə bağlı limitin ləğvinə və sayğaclaşdırmaya etiraz ediblər. Saytın yazdığına görə, sakinlər bildiriblər ki, günlərlə bu ərazidə qaz olmur və bir çox evlər qazlaşdırılmayıb. Həmçinin, onlar bir çox kommunal xidmətlərdən istifadə etmirlər.
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsi üzrə deputat Elman Məmmədov etiraz edən əhali ilə görüşəcəyini dedi: “Elə bu gün (dünən-red.) ora gedib, həmin insanlarla görüşəcəyik. Vəziyyətin nə yerdə olduğunu öyrənib, problemin həllinə çalışacağıq. Cənab prezidentin sərəncamı olub və biz də onunla bağlı camaatın içərisində müəyyən məsələləri aydınlaşdıracağıq. Təbii ki, müəyyən məsələlər var ki, onları əhaliyə aydınlaşdırmağa, izah etməyə ehtiyac var. Ümumi məqsədimiz bu olmalıdır ki, əhalimizin sosial müdafiəsi üçün lazımı tədbirlər görülsün. Yəni bu istiqamətdə problem yaranmasın. Sərəncamla bağlı qeyd etdiyim kimi əsas olan, müəyyən məsələləri aydınlaşdırmaqdır. Bundan əlavə isə hər birimiz çalışmalıyıq ki, ehtiyacı olan camaatımıza kömək olaq. Məqsədimiz də yalnız budur”.
Deputat bildirib ki, müvafiq sərəncamdan əlavə, məlum olduğu kimi Nazirlər Kabinetinin də bu məsələ ilə bağlı qərarı var: “Lakin bununla yanaşı, müəyyən analizlər də aparılmalıdır. Burada elə təbəqə var ki, onların ehtiyacları böyükdür. Əhaliyə məsələni aydınlaşdırmaqla bərabər, ciddi təhlillər də aparılmalıdır. Müvafiq orqanların əsas borcu da bu istiqamətdə işlər aparmaqdır. Təbii ki, biz də millət vəkili olaraq üzərimizə düşən vəzifəni çalışacağıq ki, onlarla bərabər icra edək. Çalışacağıq ki, hər şey inzibati qaydada yox, əhalinin tələblərinə uyğun şəkildə həll olunsun. Şəxsən mən buna istiqamətlənmişəm ki, işlər insanların tələblərinin ödənilməsi yönündə olsun”.
Etirazlar barəsində danışan E. Məmmədov bildirib ki, burada başqa məsələlər də var: “Telefon vasitəsi ilə hər şeyi aydınlaşdırmaq mümkün deyil. Orada problemlər çoxdur. Telefon söhbəti deyil. Dünən elə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində müşavirə çağırılmışdı. Biz hamımız orada iştirak etdik. Yəni araşdırmalar nəticəsində burada, o məsələlərdən də əlavə problemlər ortaya çıxır. Ancaq ümumi bir xətt və məqsəd ondan ibarətdir ki, məsələ inzibatçıların, qərar verənlərin istədiyi kimi yox, camaatımızın, xalqımızın əsas ehtiyacları üzrə öz həllini tapsın. Fərman və sərəncamla bağlı istədiyimiz odur ki, ehtiyacı olan təbəqəyə zərbə dəyməsin. Əksinə, onlara köməklik edə bilək”.
Xatırladaq ki, prezident İlham Əliyev yanvarın 23-də “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərman imzalayıb. Həmin sənədə əsasən, məcburi köçkünlərə, onlara bərabər tutulan şəxslərə yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər dayandırılır. Bunun əvəzinə onlara hər ay 36 manat məbləğində vahid aylıq müavinət veriləcək.
Onu da qeyd edək ki, Pirşağıdan öncə yanvarın 26-da məsələ ilə bağlı Yasamal rayonunda, Şərifzadə küçəsi, Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasıyla üzbəüz binada yaşayan məcburi köçkünlər etiraz aksiyası keçiriblər. Onlar etiraz əlaməti olaraq yolu bağlamağa cəhd ediblər. Bildiriblər ki, kommunal qiymətlərin qaldırıldığı bir vaxtda onlar işığın və qazın pulunu ödəyə bilməyəcəklər. Lakin hadisə yerinə cəlb olunan Post-Patrul Xidmətinin əməkdaşları köçkünlərin yolu bağlamasına mane olublar.