“Köçkünlər hüquqi çərçivəni aşmamalıdır” - Deputat sayğaclaşmaya qarşı aksiyalardan DANIŞDI

Картинки по запросу Fazil Mustafa 

"Qaçqın və məcburi köçkünlərin bütün əhali kateqoriyası ilə eyni ödəniş sisteminə salınmasında müəyyən narahatlıqlar yarana bilər”.

Bunu BakiPost.az-a açıqlamasında deputat Fazil Mustafa son vaxtlar məcburi köçkünlərin sayğacların quraşdırılmasına qarşı keçirdikləri etiraz aksiyalarını şərh edərkən deyib.

Deputat hesab edir ki, məcburi köçkünlərin kifayət qədər sıxıntıları var və kommunal xərcləri ödəmək imkanlarının nə qədər olduğunu daha çox düşünmək lazımdır: "Onların sıxıntılarını da həll eləməyin özü bir problemdir.

Dövlət səviyyəsində xeyli işlər görüldü. Evlər tikildi, mənzillərlə təmin olundular. Məncə onların mənzillə təmin olunma məsələsini kompleks həll etməyənə kimi hələ ki, bu problemlər qalacaq. İndi müəyyən dərəcədə güzəştli variantların düşünülməsi vacibdir. Onlar elə bir həssas kateqoriyalı insanlardır ki, onların vəziyyətini bütün hallarda nəzərə almaq lazımdır. Bütün əhali kateqoriyası ilə eyni ödəniş sisteminə salınmasında müəyyən narahatlıqlar yarana bilər. Bu baxımdan da mən hər halda hökumətin bu barədə düşünməsini vacib sayıram. Çünki məcbur köçkünlər bizim ən həssas yerimizdir. Torpaqlar işğaldan azad olunmayana kimi onlar bizim üçün bir əmanətdir. Onların müəyyən dərəcədə yaşaması, ayaqda qalması hamımızın müəyyən köməkliyini istəyən bir sahədir. Ona görə də bu məsələyə bir az anlayışlı yanaşmaq vacibdir ki, sıxıntı yaşamasınlar”.

 Fazil Mustafa ödəniş imkanları məhdud olan məcbur köçkünlər üçün alternativ variantları düşünmək bərədə müzakirələr aparıla biləcəyini bildirib.

 Deputat qeyd edib ki, bununla bağlı söhbətlər, profilaktik iş aparmaq lazımdır ki, bu etirazlar hüquqi çərçivəni aşmasın: "Hüquqi çərçivəni aşanda adamların özləri də birbaşa əziyyət çəkir. Bu baxımdan da bütün hallarda hüquq çərçivəsində hər kəs öz hüququnu, haqqını tələb etməyə üstünlük verməlidir”.

Qeyd edək ki, prezident İlham Əliyevin imzaladığı fərmana əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.

Prezidentin verdiyi fərmandan sonra məcburi köçkünlərin yaşadıqları mənzillərə sayğacların qoyulmasına başlanılıb.

Lakin məcburi köçkünlər müxtəlif yerlərdə sayğaclaşmaya etiraz əlaməti olaraq aksiyalar keçirib və aidiyyəti qurumların əməkdaşları ilə dava ediblər.

AzerTaym.az






Fikirlər