Hadı Rəcəblinin oxuduğu ferma tipli məktəb dağılır – Şikayət + FOTOLAR
Lənkəranda Əfqanıstanda hərbi xidmət borcunu yerinə yetirərkən həlak olmuş məzununun – Canəli Əzimovun adını daşıyan Veravul kəndindəki 2 saylı orta məktəb qəzalı vəziyyətdədir. Kənd sakini Tamara Əliyeva deyir, hər səhər evdən yola saldığı azyaşlı övladlarından nigaran qalır: “Məktəb elə vəziyyətdədir, deyrərsən, indi dağılar, bu saat dağılar… Deputat Hadı Rəcəbli də bu məktəbdə oxuyub. Ona da məktub yazmışıq. Hər yerə yazmışıq. Prezidentə, Heydər Əliyev Fonduna, təhsil nazirinə…”. Sakinlər bildirirlər ki, Fövqəladə Hallar Nazirliyi məktəbin qəzalı olması barədə rəy verib. Ancaq hökumət hələ də tədbir görməyib. Veravul doğumlu Əzizə Salmanova deyir: “Özüm Bakıda yaşayıram. Bacımın uşaqları o məktəbdə ibtidai sinifdə oxuyur. Kənddə olanda uşaqları məktəbdən götürməyə getdim. Gözlərimə inanmadım. Maraqlandım, dedilər, bu binanı tikəndə ferma üçün nəzərdə tutublar. Sonradan nə fikirləşiblərsə, məktəb ediblər. Elə quruluşu da fermaya bənzəyir. Sınıq-salxaq partalar, çürümüş döşəmələr… Örtüyü bir küləyə bənddir ki, “uçub getsin”. Sinif otaqları buz kimi… Dəhlizlərdə siçovullar qaçışır. Məktəb deyil, xəstəlik mənbəyidir. Uşaqlar da xəstəliklərə yoluxmağa həssasdılar”. Yağış yağanda, qar əriyəndə məktəb binasının qarşısında iri və dərin gölməçə əmələ gəlir. Məktəbə gələn və məktəbdən gedən uşaqlar həmin gölməçədən keçir, su ayaqqabılarına dolur, corablarına qədər yaş islnırlar. Ötən əsrin ortalarında tikilən və ömrünü çoxdan başa vuran məktəb binasında 400-ə yaxın şagirdin təhsil aldığı bildirilir. Vəziyyətdən müəllimlər də narazıdır. Onlar da yeni məktəb binası üçün dəfələrlə müxtəlif qurumlara müraciət ediblər. Sakinlərin sözlərinə görə, məktəbin bir hissəsi 5 il öncə çöküb. O zamandan yuxarı sinif şagirdlərinə yaxınlıqda yerləşən bələdiyyə binasında yer ayrılıb. Bina yeni olsa da, otaqlar kiçikdir deyə, tədrisə əlverişli deyil, şagirdlər oraya normal yerləşə bilmirlər. Kənddə 1 saylı orta məktəb də var. Yeni tikilib və təxminən 150 şagird oxuyur. Şagird tutumu az olduğundan, heç kəs övladını aparıb o məktəbə düzəldə bilmir. Lənkəran Şəhər İcra Hakimiyyətindən bildirilib ki, 2012-ci ildə Nazirlər Kabinetinin xüsusi komissiyası kəndlərdəki 89 məktəbə baxış keçirib. 34 bina qəzalı kimi qeydiyyata alınıb. İndi bu qəzalı məktəblərin yerində yeniləri tikilir. Ancaq məktəblər növbəli qaydada inşa olunur. Veravuldakı 2 saylı tam orta məktəb də siyahıdadır: “Orda bir məktəb tikilib istifadəyə verilib, növbəsi çatanda daha bir məktəb tikiləcək və 2 saylı məktəb söküləcək”. Veravullularsa deyirlər ki, 5 il əvvəl onlara məktəb binasının 2013-cü ildə tikiləcəyini vəd ediblər. Hətta məktəbin yaxınlığında yeni məktəb binasının təməli də qazılıb. Sonradan onlara məlum olmayan səbəblərdən işlər yarımçıq qalıb.(Azadliq.org) Ferma kimi tikilib, məktəbə çevrilib?
“Sırası çatanda daha bir məktəb tikiləcək”
5 il öncə demişdilər ki…