Əli İnsanovun məhkəməsi başlayır – o, 22 martda ad gününü azadlıqda QEYD EDƏCƏKMƏ?

Sabiq nazir Qurban bayramına, Qurtuluş gününə, ya da ilin sonunda əfvə ümid edə bilər, amma...

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Bu barədə “Trend”ə Ə.İnsanovun vəkili Toğrul Babayev məlumat verib.

Vəkil bildirib ki, cinayət işinin istintaqı başa çatıb və iş tanışlıq mərhələsinə verilib: “Hazırda işlə tanış oluruq. Bu həftənin sonuna işlə tanış olma mərhələsi başa çatacaq və cinayət işinin materialları baxılmaq üçün məhkəməyə göndəriləcək”. 
Qeyd edək ki, sabiq nazirə qarşı irəli sürülmüş 3 maddədən edilən şikayət çərçivəsində Avropa İnsan Haqları Məhkəməsi müraciəti qəbul edib. Bu barədə Avropa Məhkəməsi fevralın 8-də Əli İnsanova rəsmi məlumat göndərib.

Qeyd edək ki, ötən il avqustun 24-də həbsdə olan sabiq səhiyyə naziri Ə.İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Ötən il oktyabrın 11-də Ə.İnsanov barəsində Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu il yanvarın 11-də prokurorluğun təqdimatı ilə Qaradağ Rayon Məhkəməsi Ə.İnsanov barəsində həbs-qətimkan tədbirinin daha 2 ay, martın 3-də isə daha bir ay uzadılması barədə qərarlar çıxarıb.

Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə, 11 il müddətinə azadlıqdan məhrum edilib.1946-cı ilin mart ayının 22-də Ermənistan SSRİ-nin (keçmiş Dağ Borçalısı bölgəsinin) Ləmbəli kəndində anadan olub. 12 ilə yaxındır həbsxana həyatı yaşan sabiq nazir bir neçə gün sonra 71 yaşını qeyd edəcək.

Hüquqşünasların fikrincə, Ə.İnsanovla bağlı həbs-qətimkan tədbiri dəyişdirilsə, yaxud da cinayət işinə xitam verilsə, yalnız o halda azadlığa çıxması mümkün ola bilər.

Ötən ilin avqustundan barəsində yeni cinayət işi açılan Ə. İnsanovun iki dəfə həbs müddəti iki ay, son dəfə isə bir ay uzadılıb. Belə ehtimal etmək olar ki, cinayət işinin istintaqının bu qədər yubadılmasının səbəbi məhz onun əfvə düşə bilməməsi üçün edilə bilərdi. Aydındır ki, yaxın günlərdə məhkəmə başlasa belə, onun əfv şansı yoxdur. Bu halda isə Ə.İnsanov Qurban bayramına, Qurtuluş gününə, ya da ilin sonunda əfvə ümid edə bilər. Amma Ə.İnsanova sürpriz də ola bilər...

 






Fikirlər