Bakı milyonçusunun osetin qızla məhəbbət hekayəsi və İstanbulda başa çatan FACİƏ - FOTOLAR

Bakı milyonçusunun osetin qızla məhəbbət hekayəsi və İstanbulda başa çatan FACİƏ

Bakının mərkəzində ucalan “Səadət sarayı”nın məşhur milyonçu Murtuza Muxtarov tərəfindən tikildiyini hər kəs bilir.

Bu saray sovet hakimiyyəti illərində klub olaraq istifadə olunurdu, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Şirvanşahlar muzey-qoruğu, daha sonra kəbinkəsmə yeri olaraq istifadə edildi. Lakin sarayın taleyində dəyişməyən yegan həqiqət budur: bütün yeni evlənənlər bu saraya baş çəkir və öz məhəbbətlərinə sadiq qalacaqları haqda orada and içirlər. Bu ənənə hələ sarayın tikildiyi dövrdən başlamışdı. Buna səbəb isə Murtuza Muxtarovun öz xanımı Lizaya olan məhəbbəti idi və bu saray onun nişanəsidir.


Publika.az
 “Vestnik kavkaza” saytına istinadən xəbər verir ki, Murtuzanın osetin hərbi aristokrat ailəsindən olan Liza Tuqanovaya məhəbbəti dillər əzbəri olub.


Osetin zadəganlarından olan Liza Tuqanova Osetiyada doğulub, orada da boya-başa çatıb. Onun atası Aslanbəy Tuqanov və anası Paşa xanım Dudarova hörmətli aristokrat nəslindəndir. Bu ailə bu günə kimi Qafqazda məşhurdur. Murtuza Muxtarovun Lizanı görüb sevməsi, onunla ailə qurması da elə Tuqanovların evindən başlayır.

Murtuza Muxtarov bir gün öz işləri ilə bağlı Osetiyaya gedir. Qatardan düşəndə perronda bir generalla iki əsgərin namaz qıldığını görür. Muxtarov onlarla tanış olur. General Lizanın atası Aslanbəy Tuqanov idi. Aslanbəyin evinə gedən Muxtarov onun qızı Lizanı görür və ona vurulur və beləcə evlənirlər. Milyonçu öz arvadının şərəfinə Osetiyada məscid də tikdirir və bu məscid indiyə kimi Muxtarov məscidi olaraq məşhurdur.

Muxtarov toydan sonra həyat yoldaşı ilə Avropaya səyahətə çıxır. Paris, Roma, Venesiya kimi şəhərləri gəzirlər. Lizanın Venesiyada bir evdən xoşu gəlir. Bunu görən Muxtarov binanın arxitekturasını yadda saxlayır və arvadına sürpriz etmək qərarına gəlir. Onlar Bakıya gələndən sonra milyonçu eyni arxitektura üslubunda binanın inşasını sifariş verir. Bina rekord müddətə - cəmi bir il ərzində tikilir. Müasirləri yazırlar ki, Liza binanı görəndə gözlərinə inanmadı, uzun müddət özünə gələ bilmədi.

Liza Bakıda yaşayır və böyük xeyriyyə işləri ilə məşğul olurdu. Onun adı xəstəliklərlə mübarizə üzrə proqramlarda tez-tez çəkilirdi. O, 1913-cü ildə təsis edilmiş “Uşaq xəstəxanası” xeyriyyə cəmiyyətinin aktiv üzvü idi və Bakıda uşaqlar üçün xüsusi klinikanın yaradılmasına yardım edirdi. Muxtarovların öz uşaqları yox idi, övladlığı götürdükləri oğlan uşağı isə körpə vaxtı dünyasını dəyişmişdi.

Liza Fars küçəsində (hazırki Muxtarov küçəsi) öz təmtəraqlı sarayında kasıb ailələrin qızları və yetimlər üçün pansionat açmışdı. O, uşaqların təhlisinə kömək edirdi. Misal üçün, “Azərbaycanın Karmeni” adlandırılan Fatma Muxtarova məhz Lizanın sayəsində təhsil alaraq, bu zirvəyə yüksələ bilmişdi.

1920-ci ilin aprelində bolşeviklərin gəlişi Muxtarovlar ailəsi üçün də bədbəxtlik gətirdi. Qırmızı ordu onların sarayını zəbt etdi. Həmin vaxt Bakı maqnatlarının çoxu doğma şəhəri tərk edirdi. Lakin Murtuza Muxtarov qorxaqlığa nifrət edirdi və o, öz evini tərk etməmək qırarına gəldi. Ailəsini isə riskə atmamaq üçün Batumiyə göndərdi.

Bolşeviklər onun evinə zorla girdilər. Muxtarov evi tərk etmək barədə nə qədər xəbərdarlıq etsə də, onu dinləyən yox idi. Belə olanda o, son gülləni özü üçün saxlayaraq, revolverdən atəş açmağa başladı. Lakin sonuncu gülləni özünə vurarkən, yaralandı və iki gün ərzində qanı axa-axa, əzabla öldü.

Liza bunu eşidən kimi Bakıya qayıdır və öz evini viran edilmiş şəkildə tapır. Bolşeviklər ona sarayın padvalında yaşamağa icazə verirlər. Lakin o, bu taledən qaçmaq üçün türk diplomatla saxta nikaha girərək, Türkiyəyə gedir. Onu aparan türk diplomat isə Lizanın özü ilə apardığı bütün var-yoxunu oğurlayaraq aradan çıxır. Milyonçunun arvadı İstanbulda bir qəpiksiz qalır. Lizanın faciəsi İstanbulda da sona çatdı.

Muxtarovların məhəbbətinin nişanəsi olan “Səadət Sarayı” isə bu gün onların doğma şəhəri Bakıda ucalır və dövlət tərəfindən qorunur.

   

 

  .






Fikirlər