"MTN-çilər – İlqar Əliyev və Elçin Quliyevlə işləməyi mənə İqbal Ağazadə təklif etdi. Məşhur restoranda ilk görüşümüzdə İqbal Elçin Quliyevi mənə iş adamı kimi təqdim etmişdi”.
"AzPolitika.info”nun məlumatına görə, bu sensasiyalı iddia ilə milli-azadlıq hərəkatının tanınmış simalarından biri, 2 dəfə MTN tərəfindən həbsə atılmış Ramiz Tağıyev çıxış edib. O, "azinforum.az” saytında dərc olunmuş geniş məqaləsində MTN-lə məqsədli əməkdaşlığından, 2 dəfə həbsə düşməsinin səbəblərindən bəhs edib. R.Tağıyev MTN-in məşhur cütlüyü olan Elçin Quliyev-İlqar Əliyev tandemi ilə tanışlığını bütün detalları ilə danışıb, Ümid Partiyasının sədri İqbal Ağazadənin bu şəxslərlə şəxsi yaxınlığına bəlkə də ilk şəxs olaraq canlı şahidlik edib.
Xatırlatmaq yerinə düşər ki, İ.Ağazadə dəfələrlə bəyan edib ki, İlqar Əliyev və Elçin Quliyevlə heç bir tanışlığı olmayıb, heç vaxt onlarla üz-üzə gəlməyib.
2003-cü ilin iyununda Nabranda gerçəkləşən ilk həbsindən, bu həbsdən əvvəl İlqar Əliyevin ona iş adamı kimi yaxınlaşıb tanış olmasından, həbs zamanı və MTN-in təcridxanasında olarkən gördüyü işgəncələrdən ətraflı bəhs edən Ramiz Tağıyev daha sonra yazır: "MTN-nin ilk həbsindən də məhz iyun ayında azad oluna bildim. 2005-ci ilin iyun ayının 20-si mənim üçün sürpiriz bir gün oldu. Əlbəttə, sevinirdim – ailəm, doğmalarım, dostlarım artıq əlçatmaz deyildilər. Təəssüf ki, bu sevinc uzun çəkmədi. Məni növbəti dəfə quldurlarla, dələduzlarla şavaş gözləyirmiş. Bu dəfə rəqiblərim daha güclü, hədsiz qəddar, tülküdən də hiyləgər olacaqmış.
2005-ci ilin iyin ayının 31-də İlqar Əliyevlə bir daha qarşılaşmalı olduq. Həmin zamana qədər onun MTN əməkdaşı olduğunu bilmirdim. Nabranda həbs edildiyim ərəfədə, mənimlə yanaşı otaqda qalırdı. Mənə yaxınlaşıb, özünü iş adamı kimi təqdim etmişdi. Çay içib, dünyanın dərd-sərindən söhbət açmışdıq. Demə, hərif həbs olunmağım üçün əməliyyat şəraiti hazırlayırmış.
Bu dəfəki görüşümüzdə, indi Kürdəxanı İstintaq Təcridxanasının sakininə çevrilib, təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılan MTN-nin Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev də iştirak edirdi (E.Quliyev o zaman polkovnik idi).
Görüşümüz paytaxtın adlı-sanlı restoranlarından birində baş tutdu. Elçin Quliyevi əvvəllər tanımamışdım. Aramızda "körpü” salmaq istəyən, 2 saylı cəzaçəkmə müəssisəsində birgə əziyyət çəkdiyim Ümid partiyasının sədri İqbal Ağazadə oldu. İqbal Elçini imkanlı iş adamı kimi təqdim edib, onun AXCP sədri Əli Kərimli ilə ciddi problemi olduğunu və həmin səbəbdən də məni ona rəqib etmək istədiklərini söylədi və həmin adamlarla işləməyin vacibliyini bildirdi. Elçinin hərəkətləri, danışıq tərzi nədənsə məndə tam başqa hisslər yaradır, onun iş adamı olmasına inana bilmirdim. Hər bir halda, düşünmək üçün vaxt istədim…
Həyatım boyu arxadan zərbəni namərdlik bildiyimdən, belə çirkin oyuna baş vura bilməzdim. Ümumiyyətlə, siyasəti oyunbazlığa çevirib vətənin taleyindən şəxsi istəkləri üçün bəhrələnənlərə daima nifrətim olub. Nə bilim, bəlkə də siyasi fəaliyyətimdə məni addım-addım izləyən uğursuzluqlar belə oyunlardan anlamamağım olub.
Əli Kərimli ilə görüşüb İqbal və dostu ilə söhbətimi anlatdım. Belə razılığa gəldik ki, onlarla görüşləri davam etdirib, məqsədlərinin nə olduğunu sonunacan öyrənməliyəm. Etiraf edim ki, həmin hadisələri yenidən yaşaya bilsəydim, Əliyə inanıb belə ağır davaya girməzdim. Çünki nələrin baş verəcəyini, onsuz da əzablı keçən həyatımın bir daha nə kimi faciələrlə yaşanacağını öncədən təxmin edə bilirdim. Ən çətin məqamlarında köməyinə yetişdiyim Əli Kərimli çox keçmiyəcəkdi ki, məni meydanda tək qoyacaq, iqtidarlı-müxalifətli üstümə ley kimi şığıyan "ağır artilleriya” birləşmələrinin qarşısında özüm və bir neçə sadiq dostum tək və əliyalın qalacaqdıq…”
Ramiz Tağıyev daha sonra Elçin Quliyevlə ikinci görüşündən, bu görüşdə artıq İlqar Əliyevin də iştirak etməsindən bəhs edir: "İkinci görüşümüz də həmin restoranda idi. Tanrının mənə bəxş etdiyi intiusiya ilə hiss edirdim ki, görüş yeri gizli kameralarla müşahidə olunur. Elçin və İqballa "atacağımız” növbəti addımları müzakirə edirdik ki, qəfil qonağın otağa daxil olmağı, məni sanki yuxudan ayıltdı. Bu qəfil qonaq İlqar idi. Həmin İlqar ki, bu görüşümüzdən iki il iki ay öncə onunla Nabranda tanış olmuşduq. İndi Elçinin də iş adamı olduğuna inanmaq istəmirdim… İlqarın məni tanımaq istəmədiyindən şübhələnib, ”Xatırlayırsınızsa, sizinlə Nabranda görüşmüşük” – dedim. Bu arada duydum ki, köhnə "dost” duruxub, peşəsinə uyğun gəlməyən açıqlar buraxmağa başlayır. O, "Bağışla, həmin zaman əmr yerinə yetirirdim, narahat olma, itirdiklərinin əvəzini artıqlaması ilə alacaqsan”, deyə məni qucaqlayaraq, üzümdən öpdü. Ani olaraq baş verənlərdən Elçin və İqbalın da çətin vəziyyətə düşdüklərini hiss etməmək, sezməmək mümkün deyildi. İndi söz demək sırası Elçinin olmalıydı. Belə də oldu. Aram-aram "Biz sənə hər şeyi açıqlayacaqdıq, sadəcə peşəmizə uyğun olaraq, səninlə ətraflı tanış olmaq istəyirdik” deyə, ardınca MTN-nin şöbə müdiri olduğunu, İlqarın isə onun müavini vəzifəsini tutduğunu açıqladı. Bundan sonra yağlı vədlərdən ağız dolusu söhbət açıb məni şirnikləndirməyə çalışdı…”
R.Tağıyev daha sonra yazır ki, "dostları” nüfuzlu şəxsləri şantaj edib, onlardan qazanc əldə etmək üçün istifadə etmək istəklərini gizlətmir, onun evsizliyini, işsizliyini nəzərə alıb, bu ehtiyaclarının da artıqlaması ilə qarşılanacağından ağız dolusu danışıblar. "İlqar Dərnəgüldə kirayə qaldığım yataqxanadakı bir otaqlı mənzilimə gəlib, şəraitimlə tanış olduqdan sonra, doluxsunaraq, tezliklə mənzillə təmin olunacağıma söz vermişdi… Aldanmadım, aldana bilməzdim. Çünki heç bir zaman dünya malına, pula, yaxşı şəraitə aldanmadığımdan, bu dəfə də aldanmayacaqdım…”
Müəllif daha sonra qeyd edir ki, cəmi bir neçə gün çəkən oyun bitib və o, mətbuat konfransı keçirib, dələduz "çekistlərin” müxalifətdəki və mətbuatdakı agentlərini – "siyasətçi və pullu mirzələrini” ifşa edib…
"Mübaliğə kimi qəbul etməyin, həmin zamanı xatırlayanlar yaxşı bilir ki, ölkənin siyasi gündəmini dəyişə bilmişdim. Mətbuat konfransı zamanı yanımda əyləşmiş hüquq müdafiəçisi Novella Cəfəroğlunun qulağıma nələri pıçıldadığını da hələ unutmamışam. O məndən Elçin və İlqarın adlarını çəkməməyi xahiş edib, "aman günüdü Ramiz, onların adını açıqlama, səni öldürəcəklər” deməsi də məni mövqeyimdən çəkindirmədi. Əksinə, "mən 88-də fatihəmi verib, kəlmeyi-şəhadətimi söyləyib meydana atılanlardanam” – cavabını verdim…”