Azərbaycanda KAZİNOLAR AÇILSIN - məşhur jurnalist bunun SƏBƏBLƏRİNDƏN YAZDI

Tanınmış jurnalist, media eksperti Azər Qəribov sosial şəbəkədə bir yazı ilə çıxış edib.

Musavat.com həmin yazını oxucuları ilə paylaşır:

***

Gəlin yenə də qumardan danışaq.

Bildiyiniz kimi, Azərbaycanda rəsmi olaraq kazinolara qadağa qoyulub. Amma demək olmaz ki, bütün qumar növlərinə qadağa var, çünku ölkədə rəsmi olaraq Topaz adlı totalızator işləyir və bu sahədə bütün monopoliya məhz elə Topaza verilib.

Topaz şərikli bir qurumdur, lakin ona nəzarət və onun idarəçiliyi qəribə məntiqlə Gənclər və İdman Nazirliyinə verilib.

Nazirlik isə bu idarəçiliyi tapşırıb deyilənə görə vaxtıylə Əli İnsanovun yaxın silahdaşlarından olmuş və adları səhiyə sistemində korrupsiyada hallanan adamlara.

Lakin, kələmi keçiyə etibar etməsinin müəmmalı səbələrini araşdırmaq bizim işimiz deyil, bunun üçün müvafiq qurumlar var, dediyim başqadır.

Azərbaycana turist axını yeni imkanlar yaradır və düşünürəm ki, bu imkanlardan maksimum istifadə etmək lazımdır.

İndi düşəcəksiniz üstümə, amma mən kazinoların açılmasının tərəfdarıyam. Lakin bir şərtlə - Azərbaycan vətəndaşları oraya buraxılmasın.

Necə ki majorların əziz məkanı olan Monte-Karlo edir. Monte-Karlo kazinosu bu balaca dövlətə gəlir gətirir, amma heç bir Monako vətəndaşı orada oynaya bilməz. Bu qanundur.

Bildiyiniz kimi, kazinolara pasportsuz buraxmırlar və Monte-Karlo kazinosu dünyada bəlkə də yeganə yerdir ki, orada Monako pasportuna hörmət etmirlər.

Vətəndaşsan? Bas bayıra!

Kazinoların açılması nə verə bilər ölkəmizə? Əvvəla, büdcə gəlir əldə edər, həm də qonşu Tbilisiyə yalnız qumar üçün yollanan xarici turistləri buraya gətirər.

Müəyyən yerlərdə, müəyyən məhdudiyətlərlə, Azərbaycan vətəndaşlarının buraxılmaması şərti ilə işləyən kazinolar həm iş yerləri deməkdir, həm investisiyaların gəlişi.

Əlbəttə, kazinoların bağlanması vaxtıylə düzgün addım idi, neçə neçə evlər yıxmışdı kazinolarımız, amma o vaxt həm ölkə vətəndaşlarına məhdudiyət qoyulmamışdı, həm də neftdən gələn pul turizmin inkişafını ikinci plana çəkmişdi.

Bu gün isə büdcəmizin əlavə gəlirlərə ehtiyacı var.

Bilirəm, bunu dəstəkləməyənlər çox olacaq, mentalitet söhbəti və s., bilirəm ki, burada siyasi məqamlar da var, islam dünyasının narazılığı filan, amma onsuzda ölkədə qumar var, totalizatorları nəzərdə tuturam, hamı oynaya bilər və bu oyunlrdan da yıxılan evlərin sayı az deyil.

Ona görə, kazinoların açılması dəyərlərimizə əlavə zərbə vurmayacaq, vurulan vurulub onsuzda.

Və xüsusi bir qurum yaratmaq olar ki, ölkədə bütün qumara nəzarət etsin. Həm kazinolara, həm totalizatorlara.

Çünki hələlik görsənən odur ki, totalizatorlardan büdcəyə qəpik quruş gəlir, onu idarə edən həmin o kələmsevərlər isə günü gündən zənginləşir, sərvətləri göz qabağında.

Madəm dövlət qumar günahını boynuna götürüb, heç olmasa bu gunahdan əldə edilən gəlir dövlətin büdcəsinə getsin. Dünən insanlarln fiziki sağlamlığı, bu gün isə onların mənəvi sağlamlığı hesabına varlarnıb harınlayan şəxslərin cibinə yox.

Nəzarətsiz yeyintilərin zamanı arxada qaldı. Bunu könüllü olaraq anlamayanları məcburi anlatmaq vaxtı çatıb.

O ki qaldı kazinolara, zənnimcə, bu mövzu ətrafında müzakirələr aparıb ictimai rəyi öyrənmək pis olmazdı...

 






Fikirlər