İstilik tarifləri ARTIRILA BİLƏR

Rafiq Əliyev: “Bizim qiymətlər maya dəyərindən aşağıdır, ona görə də idarə zərərlə işləyir”; Natiq Cəfərli: “Bu cür açıqlamaların arxasında gələcəkdə tariflərin artırılacağı ehtimalı dayanır”

Hesablama Palatası növbəti dəfə “Azəristiliktəchizat” ASC-nin fəaliyyətində nöqsanlar aşkarlayıb. Bu nöqsanların bir qismi qurumun idarə olunması ilə bağlıdır.  Belə ki, qurumun cari idarə olunması ilə bağlı məsələlər İdarə Heyəti tərəfindən kollegial qaydada həll edilməyib, İdarə Heyətinin üzvləri arasında vəzifə bölgüsü aparılmayıb.  Bu barədə Hesablama Palatasının rüblük rəsmi məlumat bülletenində qeyd edilib. Sənəddə vurğulanıb ki, ASC-nin Müşahidə Şurasının tərkibinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi daxil edilməyib.

Bundan başqa, “Azəristiliktəchizat” ASC-nin mərkəzi idarəetmə aparatının strukturunda eyni funksiyalı xidmət sahələri saxlanılmaqla, funksional təkrarçılığa və səmərəsiz xərclərə yol verilib.

Həmçinin bu qurum dövlət büdcəsindən ayrılmış vəsaitlərin səmərəsiz xərclənməsinə də yol verib.  2015-ci ildə dövlət büdcəsinin funksional təsnifatının “Mənzil və kommunal təsərrüfatı” bölməsindən və iqtisadi təsnifatın “Məhsula görə ödənişlər” xərc maddəsindən “Azəristiliktəchizat” ASC-yə təsərrüfat fəaliyyətinin maliyyə nəticələri üzrə yaranmış zərərin ödənilməsi üçün 22 mln. 614,754 min manat subsidiya ödənilib, lakin Vergilər Məcəlləsinin 104-cü və 106-cı maddələrinin tələblərinə əməl edilməyərək ƏDV-siz 19 mln. 165 min 45,7 manat məbləğində subsidiya gəlirə aid edilməyib.

Nəzarət tədbiri 2015-ci ilin aprel-dekabr ayları və 2016-cı ili əhatə edir.

Bülletendə qeyd edilib ki, ASC tərəfindən Vergi Məcəlləsinin 159-cu maddəsinin tələblərinə tam əməl edilməyərək büdcəyə çatası ƏDV 239,485 min manat az hesablanıb, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinin tələblərinə əməl edilməyərək vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə görə həmin fiziki şəxslərə ödənilmiş vəsaitdən 2015-ci il üzrə 113 min 912,5 manat və 2016-cı il üzrə 304,665 min manat ödəmə mənbəyində vergi tutulmayıb.

Dövlət qurumu tərəfindən Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinin tələblərinə tam əməl edilməyərək auditlə əhatə olunan dövr üzrə 1 mln. 316 min 856,4 manat ƏDV məbləği gec ödənilib, ƏDV məbləğinin əsas məbləğdən gec ödənilməsinə görə Vergi Məcəlləsinin 58.6-cı maddəsində 658 min 428,2 manat maliyyə sanksiyasının tətbiq olunması nəzərdə tutulub.

Hesablama Palatasının aşkarladığı bu pozuntularla bağlı  “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev problemin səbəbini təmsil etdiyi qurumun zərərlə işləməsi ilə əlaqələndirdi: “Vergi sanksiyasi ilə bağlı  onu deyə bilərəm ki, bizim tariflər maya dəyərindən aşağıdır, ona görə də idarə zərərlə işləyir. Bu baxımdan kreditor borclarını, vergi öhdəliklərini vaxtında ödəmək mümkün olmayıb. Onunla bağlı bu problem yaranıb. Bizim abonentlərimiz  tərəfindən bəzən ödənişlər gecikdirilir. Məsələn, yanvar, fevral, mart ayında istilik mövsümüdür və həmin dövrdə yaranan  vergi öhdəlikləri və ƏDV borcunu biz vaxtında ödəyə bilmirik. Abonentlərdən vəsaitlər yığıldıqca ödəyirik. Bizim qurumda o qədər vəsait olmur ki, abonent yığımlarından öncə vergiləri ödəyək. Ancaq artıq bütün vergi öhdəlikləri tamamən həll olunub. Bundan başqa, idarə heyətində kollegiya məsələsi ilə bağlı irad var. Cəmiyyətin İdarə Heyəti var, bu heyətdə qərarlar müzakirə olunur, sonra sədr tərəfindən əmr şəklində təsdiq olunur.  ”Azəristiliktəchizat" ASC-nin sədri cənab prezident tərəfindən təyin olunur. Yəni qərarlar İdarə Heyəti ilə razılaşdırıldıqdan sonra sədr tərəfindən əmr şəklində imzalanır. Hesablama Palatasının göndərdiyi digər rəylər də bizim qurumda müzakirə olunub, demək olar ki, bütün iradlar aradan qaldırılıb". 

Rafiq Əliyevin sözlərinə  “Azəristiliktəchizat” ASC-nin Azəriqaz İB-ə borc məsələsinə də hökumətdə baxılır: “Tariflərin aşağı olması səbəbindən biz ”Azəriqaz" qarşısındakı öhdəliklərimizi vaxtında yerinə yetirə bilmirik. Son illər qazın və elektrik enerjisinin tarifləri artsa da, istilik tarifləri dəyişmədi. Bununla bağlı hökumətə müraciət etmişik, hökumətdə bu məsələlərə baxılır. “Azəriqaz” da, biz də dövlət təşkilatıyıq. Çalışacağıq ki, iki dövlət qurumu arasında olan borc məsələsindən vətəndaşlarımız əziyyət çəkməsinlər".

Tariflərin artırılmasına gəlincə, R.Əliyev bildirdi ki, bu, Tarif Şurasının əlində olan məsələdir: “Rüblük və illik hesabatlarımızda idarənin zərərlə işlədiyi görünür. Tariflərin artırılması da Tarif Şurasının səlahiyyətində olan məsələdir. Ona görə də bununla bağlı dəqiq bir söz deyə bilmirəm”.

Image result for Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli də bildirdi ki, qurum effektiv şəkildə idarə olunmur: “Təbii ki, qurum şəffaf işləmədiyi üçün, idarəetmədə problem olduğu üçün ziyanla işlədiyini də önə çəkmək olar. Dövlət qurumlarının heç birində effektiv idarəetmə modeli tətbiq olunmadığına görə burada da həmin model yox dərəcəsindədir. Ziyanla işləməsini həm də digər enerjidaşıyıcılarının, qazın, elektrik enerjisinin bahalaşması ilə əlaqələndirmək olar. Ancaq idarəetmə baxımından da qurumda nöqsanlar var. Xarici şirkətlərdə təcrübə belədir ki, ilk növbədə problemlər təsbit olunur, harada çətinliklər varsa xərclər azaldılır, xərclərin azaldılması ilə paralel olaraq rentabelliyin artırılması üçün addımlar atılır. Azərbaycanda bu model dövlət şirkətlərində tətbiq olunmur. Bu cür açıqlamaların arxasında gələcəkdə tariflərin artırılacağı ehtimalı dayanır. Çox güman ki, yaxın gələcəkdə istilik  tariflərinin artırılması ilə bağlı müəyyən qərar veriləcək".

İqtisadçının sözlərinə görə, “Azəristiliktəchizat” ASC-nin özəlləşdirilməsi qurumun fəaliyyətində effektivliyi artıra bilər:“Lakin sadəcə idarəetmə özəlləşməyə verilməlidir, bütün sistem deyil. Müəyyən bölmələr üzrə və ya coğrafi məkanlar üzrə effektivlik arta bilər. Ancaq tariflərlə bağlı müəyyən artımın olması ehtimalı da var. Çünki köhnə vergi və kreditor borclar da icarədarın üzərində qalsa, o zaman tariflərin artması qaçılmaz olacaq. Yox, əgər borclar dövlət tərəfindən sıfırlanıb özəlləşməyə çıxarılarsa, o zaman yeni icarədarın tarifləri artırmadan da effektiv idarəetməsi mümkündür”. 






Fikirlər