Azadlığa çıxan məhbuslar yenə Qobustana göndərilir - səbəb

Sahib Məmmədov: “Sosial Adaptasiya Mərkəzinin Qobustanda olması problem deyil, əsas odur ki, tez ərsəyə gəlsin”

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin yaradılması haqda qərar imzalanıb.

Bu qərara əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin Qobustan rayonunda istismarına icazə verilmiş binası, binaya aid bütün infrastruktur qurğu və avadanlıqlar Sosial Adaptasiya Mərkəzinin balansına, onun yerləşdiyi torpaq sahəsi isə istifadəsinə verilib. Qeyd olunur ki, mərkəzin saxlanılması üçün tələb olunan xərclər dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində nazirlik üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçiriləcək.

Qərarla bağlı Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev mediaya açıqlamasında bildirib ki,  2017-ci il 17 oktyabr tarixdə Nazirlər Kabinetinin 434 nömrəli qərarına əsasən, Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin yaradılması nəzərdə tutulur. Qobustan rayonunda yerləşən binanın inşası hazırda yekunlaşmaq üzrədir. Mərkəz istifadəyə verildikdən sonra orada həmin şəxslərin sosial mühitə adaptasiyası eləcə də, onların peşə hazırlığının təşkili, ümumən hüquqlarının müdafiəsi üçün işlər aparılacaq.

Açıqlamadan da məlum olub ki, bu, ilk sosial reabilitasiya mərkəzidir. Ehtimallara görə, bu mərkəz gələcəkdə cinayət hallarının azalmasına təsir göstərə bilər. Həbsxana həyatında 15 il cəza çəkmiş, cəmiyyətdən ayrılmış şəxsin yenidən sosial adaptasiyası, bu kimi adamların cəmiyyətə hazırlanmaları üçün müəyyən müddət (6 ay yaxud başqa) qoyulacaq. Amma bunlar detal olduğu üçün onlar barədə hələlik konkret qərarlar qəbul olunmayıb.

Türmədən çıxan məhbus üçün ilk bir ay ciddi əhəmiyyət daşıyır

Psixoloji araşdırmalar onu göstərir ki, məhbuslar azadlığa çıxdıqdan sonra onların sosial həyata uyğunlaşması üçün ilk ay çox vacibdir. Həbsxanadan azad olunduqdan sonra cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkən, bir çox hallarda iş, ev problemləri ilə üzləşən məhkumlar yenidən cinayət törədərək həbsxanaya düşməli olurlar. Sosioloji araşdırmalar sübut edir ki, azadlığa çıxan məhbuslar bəzi hallarda ailələrini də itirmiş olurlar. Ya ailələri çox vaxt onlardan imtina etmiş olur, ya da özləri ailələsinə geri qayıtmaq istəmirlər. Cəza çəkməkdən azad edilən şəxslər azadlığa buraxılan zaman cəmiyyətə uyğunlaşmasa, cəmiyyət özü həmin şəxsin yenidən cinayət törətməsinə bais olur.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, “Məhkumluğunu başa vurmuş şəxslərin sosial adaptasiyası haqda” qanun var. Müsahibimizin sözlərinə görə, bu qanun keçmiş məhbuslar üçün müvafiq infrastruktur sahələri yaratmağı, dövlət tərəfindən onlara yardım göstərməyi tələb edir: “Doğrudur, keçmiş məhkumlar 400 manata yaxın vəsaiti ala bilirlər. Amma bir sıra məhkumlar var ki, həbsxanadan birbaşa küçəyə çıxırlar. Nə yerləri olur, nə də müvafiq daldalanacaqları. Həmin qanuna görə, müvafiq yataqxanalar tikilməli idi. O  müzakirələr neçə müddətdir davam etsə də, ortada hər hansı nəticə yoxdur”.

Müsahibimiz hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu mərkəzləri tikməklə yanaşı, paralel nəzərdə tutulan başqa tədbirləri də həyata keçirməli idi: “Məşğulluq məsələsi çox vacibdir. Kriminal keçmişi olan şəxsləri heç kim işə götürmək istəmir. Kriminal keçmişi olan şəxslərin əməyindən istifadə, peşə yönümünün artırılması da bu qəbildəndir. Hazırda qabarıq görünən o yataqxananın tikilməməsidir. Müvafiq ayrılmalar yoxdur. Dövlət büdcəsindən o vəsaitin ayrılması, prosesin sürətləndirilməsi birbaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə düşür və bunun zamanında edilməməsi mənfi nəticələrə gətirib çıxarır. Amma bir faktı da unutmayaq ki, bəzi məhkumlar çarəsizlikdən türməyə qayıdır. Oğurluğa görə tutulubsa, çıxandan sonra da oğurluq edir. Tutaq ki, nə işi var, nə də evi. O adam təbii ki, yenidən cinayət əməlinə əl atır. Türmədəkilərin 60 faizi evdən sovqat ala bilmir. Türmədə verilən qida, dərmanları həyatını davam etdirə bilir”.

S.Məmmədov hesab edir ki, reabilitasiya mərkəzinin Qobustanda ayrılması ciddi problem deyil. Yəni tikintisi nəzərdə tutulan məkan üçün şəhərdən uzaqda yer seçilməsi heç bir halda sorunun həllinə maneə sayıla bilməz:  “Amma yer neçə ildir ayrılsa da, inkişaf yoxdur. 7-8 ildir ki, söz-söhbət var. Halbuki bir il, il yarıma işi başa çatdırarlar. O ki qaldı Qobustana gedib-gəlməyə, hesab etmirəm ki, bu, çox ciddi problemdir. Bu, Bakının hansısa kəndinə getməkdən çətin deyil. Orda iş yerləri çoxdur. Üstəlik, Qobustan Bakı şəhərinin hüdudları daxilindədir. Ətrafda Salyan, Şirvan, Hacıqabul rayonları var. Ordan məhkum olanlar üçün Qobustanda reabilitasiya mərkəzinin olması olduqca uyğundur. Hesab edirəm ki, burada mərkəzin yeri əsla müzakirə mövzusu deyil. Əksinə, onun mümkün qədər tez ərsəyə gəlməsi qarşıya qoyulan vəzifələrdən olmalıdır”.






Fikirlər