70 yaşlı GƏNC

Yeniyetməlik mətnlərimizdə dostluğun mahiyyətini bu sözün tərkibindəki hərflərə uyğun mənalandırardıq: D - dəmir kimi möhkəm, O - od kimi isti, S - su kimi təmiz, T - torpaq tək müqəddəs. 

Təxəyyül imkanlarına uyğun, bu sözlərin yerinə eyni hərflə başlayan digər kəlmələri qoyanlar da vardı. Amma bu, mahiyyəti dəyişmirdi. Çünki bütün hallarda söz elə seçilirdi ki, hərf başlanğıcı şərtindən başqa, həm də hansısa ali bir keyfiyyəti ifadə etsin. 
O vaxtdan anlamağa başlamışdım ki, əsl dostluq dünyanın ən uca dəyərlərinin ümumiləşmiş adıdır. 
Sizin heç 65 il dostluq etdiyiniz biri varmı?! 

 

Bu sualı kiməsə ünvanlamaq o qədər çətindir ki... İnsanın uşaqlıq illərindən dostluq etdiyi biri ilə ömrün yetmişinci illərinə gəlib yetişməsi, bu zirvələri də sağ-salim halda birgə addımlaması, qoşa fotolardan bərabər baxması, bu fotolarda bir yaşlanması əgər Tanrının böyük lütfüdürsə, həyatın hələ məsum çağlarında təməli qoyulmuş dostluq münasibətlərini bu illərə qədər daşıyıb gətirməyin özü də ömrün başqa bir bəxşişidir. 
Uşaq yaşlarından gələn dostluq əlaqələrisə bütün bu məsuliyyət duyğularının bir insan üçün yaşın lap erkən çağlarından başlanması deməkdir. Dostluq könül işidir, heç kim zorla bir-birinə dost olmur. İnsanları bir-birinə mənəvi ehtiyaclar, daxili dünyalarını paylaşmaq istəyi yaxınlaşdırır. Bu münasibətləri başlamaq kimi bitirmək də çox asandır. Bəzən adi bir söz illərin dostluğuna son qoyur. Yaxud həyatın hansısa anı yetişir, dost saydığın birinin davranışlarından görürsən ki, onu özünə yaxın buraxmaqla xətaya yol vermisən. Həyat ətrafındakı insanları beləcə ələyir, illərin sınağı sənə əsl dostluğun hekayətini anladır. Görürsən ki, bu sözün mahiyyəti sandığın kimi deyilmiş. 
Və əgər bu məqamdan sonra da yanında yenə uşaqlıqdan gələn bir dostunu görürsənsə, dünyanın ən xoşbəxtisən, demək. Çünki illər təkcə o dostunu sınaqdan çıxarmayıb. Sən özün də başqa birinin həyatında zamanın sınaqlarından şərəflə çıxa bilmisən. Mənəvi dəyərlərə sədaqətini bir insanın həyatında göstərmisən. Ən azı, bir nəfər buna heç bir tərəddüdsüz şəhadət gətirəcək. 
Sizin heç 65 il dostluq etdiyiniz biri varmı?! Mənim var... 

 

***

 

Biz Lerikin Nuravud kəndindən idik, onların ailəsi Lənkəranın Viravul kəndindən. Gəlib Lənkəran şəhərindəki 2 nömrəli məktəbdə tapışmışdıq. 
Düz 65 il əvvəl həmin məktəbdə eyni parta arxasında əyləşmişdik. Bu günsə Azərbaycan parlamentinin iclas salonunda eyni masanı paylaşırıq. Bəhs etdiyim o insan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, tanınmış ictimai-siyasi xadim Hadi Musa oğlu Rəcəblidir. 
Birinci sinifdən başlanan dostluq münasibətlərimizin xoş xatirələrini Hadi bir neçə ay əvvəl doğum günüm münasibətilə qələmə aldığı təəssürat yazısında bölüşüb. O ağır illərdə ərk edib bir-birimizin paltarlarını geyinməyimizə, 7-ci sinifdə Lənkəranın “Leninçi” qəzetində dərc edilmiş ilk hekayəmin məktəbimizdə qopardığı səs-küyə, ilk sevgi sirlərimizi bir-birimizlə bölüşməyimizə, buraxılış gecəsində səhnələşdirdiyimiz pyesə, hətta bir bayram günü ömrümüzdə birinci dəfə içdiyimiz spirtli içkinin adına - “Tri semyorki” çaxırına qədər hər şeyi yada salıb. 
O, uzaq uşaqlıq cağlarımıza 70 yaşının zirvəsindən boylanıb...
Ona görə də daha geniş təfərrüatlara və təkrarçılığa varmadan, Anadolu türkləri demişkən, yazdıqlarının tamamına qoşuluram. Bunlar iki ömürdə bir yaşanmış ortaq xatirələrdir. Amma elə məqamlar da var ki, onları bu sətirlərin müəllifinin qələmindən duymaq, yəqin, daha maraqlı olar. 
Çünki Hadinin özünə qalsa, təvazökarlığa qapılıb bunları yazan deyil. 

 

***

İkimiz də imkansız ailələrdə böyümüşük. İşıq üzü görmüş ilk hekayəmdə təsvir etdiyim “Bir tikə çörək”imiz həmişə olsa da, yəni, ac qalmasaq da, bu bir tikə çörəyin hansı əziyyətlər hesabına başa gəldiyini hər zaman fərq etmişik. 
Ona görə də indi Hadinin ara-sıra qalmaqal yaradan müsahibələrini, insanları israfçılıqdan, mənasız dəbdəbədən, qeyri-təvazökar həyatdan çəkindirməyə, tənbəllik etməməyə, dövlətdən müftə nəsə gözləməməyə, işləyib zəhmət çəkməyə çağıran fikirlərini bu sətirlərin müəllifindən gözəl anlayan kimsə yoxdur, bəlkə də...
Hadinin sosial həyat anlayışı belədir, çünki o özü belə bir həyatdan gəlib. Körpəlikdən zəhmətə alışıb, həyatın ən böyük uğurlarının gərgin zəhmət üzərində bərqərar olduğunu anlayıb və özü də gərgin zəhmət bahasına bu uğurlara zərrə-zərrə nail olub. 
14-15 yaşımız vardı, çoxumuz ailəmizə kömək üçün dərsdən sonra hansısa bir işin qulpundan yapışmağa çalışardıq. Hadi isə gündüzlər məktəbdə oxuyur, gecələr Lənkərandakı 14 nömrəli çörək zavodunda fəhlə işləyirdi. O, bunu sinifdəki başqa uşaqlardan gizlətməyə çalışırdı.

 

Əlbəttə, burada nəsə qəbahət yox idi. Amma sovet quruluşu uşaq əməyindən istifadəyə qarşı olduğundan məktəb şagirdinin gecə növbəsində işlədiyi bilinsəydi, yəqin bir olay çıxa bilərdi. Ağır iş növbəsindən sonra bəzən dərsdə mürgülədiyini görürdüm. Müəllim və sinif yoldaşlarımız Hadini belə vəziyyətdə “yaxalamasınlar” deyə, tez-tez dümsükləyib oyadardım onu. İndi isə şirin xatirələrin işığında həmin epizodları təbəssümlə anırıq...

 

***

 

Hadi tələbəlik həyatına və karyerasının ilk pillələrinə də elə çalışdığı çörək zavodundan başladı. Burada işləyə-işləyə Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsində qiyabi təhsil aldı. Zavodda fəhlə, mühasib, texnoloq, iqtisadçı oldu. Xeyirxahlığı, prinsipiallığı, əqidəsinə, peşəsinə sadiqliyi, bir sözlə, şəxsiyyəti ilə həyatımızda gözəl bir nümunə yaratmış Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi İsa Məmmədov da onu elə burada gördü. 
Onda xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik fəaliyyətinə yeni başlamışdı. Cəmiyyət həyatının bütün sahələrində köklü islahatlar gedirdi. Ölkədə böyük bir inkişaf dalğası hiss olunurdu. Yerlərdə mənəvi-psixoloji iqlimin sağlamlaşdırılmasını, qabiliyyətli kadrların seçilməsi, yetişdirilməsi və müxtəlif vəzifələrdə irəli çəkilməsini də Heydər Əliyev mühüm vəzifə kimi qarşıya qoymuşdu. İsa müəllim rəhbərlik etdiyi Lənkəran rayonunda belələrini, adətən, özü arayıb tapırdı. Hadini də çörək zavodunda görüb bir gənc kimi tərbiyəsinə, dərrakəsinə, çalışmaq həvəsinə şahid olandan sonra onunla daha dərindən maraqlanmağa başlamışdı. Qısa söhbətdən sonra belə nəticəyə gəlmişdi ki, bu zirək gənc həm də yüksək əxlaqa sahibdir. Siyasi cəhətdən hazırlıqlıdır və onu komsomol işinə irəli çəkmək olar. 
1971-ci ildə Hadi Rəcəbliyə yüksək etimad göstərildi, Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi vəzifəsinə seçildi. Yeni işində də yüksək təşəbbüskarlığı, bilik və bacarığı, təşkilatçılıq məharəti ilə diqqəti çəkməyə başladı. Bundan sonra pillə-pillə yüksəldi: 1972-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin birinci katibi, 1978-ci ildən “Bakinski raboçi” qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri oldu. Bu arada indi professoru olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında - o vaxtı Ali Partiya Məktəbində də təhsil aldı. 
1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi oldu. On birinci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçildi. 1989-1995-ci illərdə Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışdı. 1995-ci ildən sonrakı karyera həyatı isə parlament ilə bağlandı. Beş çağırış Milli Məclisin deputatı, komitə sədri oldu. 

 

Ömürlüyündən də göründüyü kimi, sadə kəndli ailəsindən çıxan bir uşaq zəkasının gücü, əlinin zəhməti, mənəvi-əxlaqi keyfiyyətlərinin qazandırdığı rəğbətlə ölkənin tanınmış ictimai-siyasi xadimi mərtəbəsinə yüksəldi. Bu yolda çətinliklərlə də üzləşdi, yolun enişi, yoxuşu da oldu, amma ömrün heç bir məqamında dəyişmədi, başqalaşmadı, 65 il əvvəl onu bu sətirlərin müəllifinə doğmalaşdıran saflığını, səmimiyyətini, obyektivliyini, əməksevərliyini, həyat eşqini, nikbinliyini hər zaman qorudu. 
Elə insanlar var ki, başqalarının onun haqqında tək xoş sözlərində deyil, hətta ən kəskin tənqidi fikirlərində də bir doğmalıq duyursan. Haqqında mənfi nələrsə danışıb yazmaq istəyənlərdə də ərkyanalıq, istilik nifrəti üstələyir və son nəticədə tənqid də pozitiv məzmun almağa başlayır. Bunu dostum Hadı Rəcəbliyə münasibətdə də müşahidə etmişəm. Bu insana nifrət etmək, kin, hiddət bəsləmək sadəcə, olaraq mümkün deyil. Çünki bu cür hisslər onun özünə də yaddır. 65 illik dostum saçının qar bəyazlığı, üzündən yağan şəxsiyyət və səmimiyyət işığı ilə bütün mənfi hisslərdən çox ucada dayanır. Çalışdığı, göründüyü bütün sahələrdə insanlara faydalı olmağa çalışır. Əlindən gələn köməyi göstərməyə can atır. Gecələr zavodda işlədiyi uşaqlıq illərindəki fədakarlıq əzmini yaşın indisinə qədər qoruyur. Başqalarının karına gəlir, xeyrinə-şərinə yarayır. Bu keyfiyyətləri ilə də onu tanıyan hər kəsin qəlbində özünə uca bir şəxsiyyət abidəsi ucaldır.

 

***

 

Hadi uzun illərdir ki, Azərbaycan parlamentində ən ağır, problemli bir sahəyə - Sosial siyasət komitəsinə rəhbərlik edir. Bu, elə bir sahədir ki, insanların faydasına saysız-hesabsız nələrsə edəndə, sıravi vətəndaşın sosial problemlərinin həllinə yönələn, həyatını yaxşılaşdıran qanunvericilik sənədlərinin qəbulu üçün illərlə zəhmət çəkəndə bu, o qədər gözə görünmür. Heç kim buna görə sağ ol demir. Amma elə ki, məsələnin dərinliyinə varmaq istəməyənlərin maraqlarına toxunacaq nəsə bir açıqlamaya yol verdin, hamı yerbəyerdən üstünə gəlir. Bu mənada, Hadinin işi çox ağırdır. Milli Məclis seçkili orqan olaraq vətəndaşların ən çox müraciət etdikləri dövlət qurumlarındandır. Belə bir maraqlı statistika: parlamentə göndərilən müraciətlərin 60 faizindən çoxu məhz Hadiyə ünvanlanır. Özü də bu müraciətlər sıravi insanların həyat və məişətində ortaya çıxan ən ağlagəlməz problemlərə qədər bir çox məsələləri əhatə edir. Amma uşaqlıq dostum bunlardan yorulub usanmır, hansısa müraciəti etinasız buraxmır, siyasi səbatının, təcrübəsinin gücü ilə vətəndaşların bu dövlət orqanından gözləntilərini imkan daxilində doğrultmağa çalışır. 
Özüm dəfələrlə şahid olmuşam ki, parlamentin təmizlikçi, sürücü, fəhlə və bu qəbildən olan başqa sadə peşə sahibləri də Hadinin qapısını sıxılmadan, çəkinmədən açıb, öz problemlərini, qayğılarını sanki yaxın bir dostlarına danışırlarmış kimi, onunla bölüşə bilirlər. Bu münasibəti yaradan Hadinin səmimiyyətidir. Müqəddəs dinimizin də lənətlədiyi təkəbbür hissini heç zaman öz şəxsiyyətinə yaxın buraxmamasıdır. 

***

Hadi Rəcəbli ulu öndər Heydər Əliyev kimi böyük şəxsiyyətin dövlətçilik məktəbinin yetirmələrindəndir. Maraqlı bir faktı xatırladım ki, 1994-cü ilin avqustunda ümummilli liderin müqəddəs Kəbə evinə ziyarətinin təşkilatçısı da Hadi idi. Ölkəmizin sosial-iqtisadi, siyasi cəhətdən ən ağır günlərində, xüsusilə qaçqın və məcburi köçkünlərimizin problemlərinin müzakirəsi və həlli prosesində də o, daim ulu öndərin yanında olub. Bu sahədə həyata keçirilən dövlət siyasətinin icrasında fəal iştirak etməklə yanaşı, daim fərdi inkişafa, öyrənməyə, savadını, təcrübəsini artırmağa meyilli biri kimi ümummilli liderdən bacardıqca öyrənib. Bu böyük dövlət adamının ustad dərslərindən əxz etməyi fərdi inkişaf üçün özünə fürsət bilib. Heydər Əliyevin yetirməsi olmağı ilə hər zaman qürur duyub. Heydər Əliyevdən öyrəndikləri sayəsində Hadi çox parlaq təşkilatçı və təşviqatçıdır, bəlağətli tribundur, mətbuata hər zaman açıq, jurnalistlərin sualları qarşında heç vaxt dili dolaşmayan mahir siyasət adamlarındandır. 
65 illik uşaqlıq dostum, mətin əqidə adamı bu gün də öz məsləkinə, ona həyatının ən böyük nailiyyətlərini qazandırmış Heydər Əliyev yoluna sadiqdir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü kimi möhtərəm Prezident İlham Əliyevin yürütdüyü siyasətə bütün varlığı ilə bağlıdır. Hadinin dövlətçiliyimizə sədaqəti, fədakarlığı, malik olduğu mənəvi dəyərlər ölkə rəhbərliyi tərəfindən hər zaman təqdir edilib, yüksək qayğı, isti münasibətlə qarşılanıb. 

 

***

 

Biz uşaq olanda Hadinin yaxşı şeir yazmağı vardı. Sonralar bu maraq yerini daha çox publisistikaya verdi. 1970-ci illərin sonlarında o, “Bakinski raboçi” qəzetinin bölgə müxbiri kimi çalışdı. Jurnalistika təcrübəsi qələmini də siyasi təfəkkürünü də itilədi, püxtələşdirdi. İndi də onun hərdən işdən-gücdən başı açılıb, bir az da insafa gəlib ölkə mətbuatında dərc etdirdiyi aktual məqalələri ilə rastlaşanda bu yazıları sadə üslubuna, oxunaqlığına, məntiqi sisteminə görə, az qala, su kimi başına çəkmək istəyirsən. Əfsuslar olsun ki, o, publisistikada az görünür. Çünki jurnalistikanın qazandırdığı səriştədən daha çox, elmi-pedaqoji fəaliyyətində faydalanmaqdadır. O, hazırda ölkəmizdə çox az sayda - 6 siyasi elmlər doktorundan biridir, professordur, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının üzvü, buraxılış imtahan komissiyasının sədridir. 

 

***

Nəcib bir nəslin, halal ailə ocağının təmsilçisi olan Hadinin ailə həyatının onun ictimai-siyasi, elmi karyerasını tamamlamasına hər zaman fərəhlənmişəm. O, gözəl ailə başçısıdır, əldə etdiyi nailiyyətlərdə 45 illik ömür-gün yoldaşının böyük əməyi var. Bu ailə cəmiyyətə dörd saleh övlad bəxş edib. Onlardan ikisi elm yolundadır, fəlsəfə doktorudur. Şərəflə yaşanmış, xeyirxah əməllərə sərf olunmuş ömrün uşaqlıq dostuma ən böyük hədiyyəsi, dostlar yanında atalarının üzünü ağ, başını uca edən yüksək mənəviyyatlı övladlardır, Tanrının əta etdiyi 9 nəvə payıdır. 
Bu övladlar da Hadinin çoxsaylı dostlarına onun özü qədər doğmadırlar. Hadidə bir keyfiyyət də var ki, onun kiminləsə qurduğu ülfət, kəsdiyi duz-çörək tədricən ailəvi dostluqlara çevrilir. Ailələri, övladları, ocaqları da bir-birinə doğmalaşdırır. Əvvəllər elə bilirdim ki, bu doğmalıq təkcə ikimizin münasibətlərimizə aiddir. Necə də olmasa, bizimki daha köhnə dostluqdur. Amma həyatın sonrakı dönəmlərində rastlaşdığı insanların da ona münasibətinə şahid olunca anladım ki, Hadi bütün dostları ilə münasibətində belədir. 
İkimizə də doğma olan Milli Məclisin komitə sədri Eldar İbrahimovun maraqlı bir sözü yadıma düşür. Onlar Hadi ilə ailəvi dostdurlar, deyir, biz altı bacanağıq, bir dəfə Hadi müəllimin də iştirak etdiyi ailə məclislərinin birində qərara gəldik ki, xanımlarımızın, övladlarımızın da bir-birinə doğmalığını nəzərə alaraq onu özümüzə yeddinci bacanaq elan edək. O vaxtdan həmişə bir yerə düşəndə zarafatla deyirik “Yeddi bacanaq yol gedirdi...”

 

***

Bu sətirləri qələmə aldığım anlarda qəfildən yadıma düşür ki, bu 65 ildə uşaqlıq dostumla bir-birimizə saysız-hesabsız suallar versək də, ona niyə məhz Hadi adının qoyulması ilə o qədər dərindən maraqlanmamışam. Bəlkə nə vaxtsa söyləyib, amma fakt budur ki, indi dəqiq tarixçə yadımda deyil. Əvəzində o, mənim üçün həmişə ədəbiyyat tariximizdə alov kimi yanan Məhəmməd Hadinin adaşı olub. “Cahana gəlmədə məqsəd nədir insana bilməm ki...” yazırdı nakam taleli şair. 
İlk dəfə oxuduğumda buna cavab tapmaq çox çətin idi. Amma indi əsrin o biri üzündən eşidilən suala bəlli bir cavabım var. Düşünürəm ki, insan həyatının ən böyük məqsədi elə bu yazının qəhrəmanı kimi əzab-əziyyətli, amma halal bir ömür yaşamaq, 65 illik dostluğu, ülfəti qoruyub saxlaya biləcək qədər səmimiyyətə, uca mənəviyyata sahib olmaqdır. 
Bu günsə onun - illərimin yol yoldaşı Hadi Rəcəblinin 70 yaşı tamam olur. Doğum günün mübarək, əziz dostum! 
Hər zaman qəlbində yeni arzulardan həyatında böyük nailiyyətlərə yol görünsün!

 

Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı, yazıçı-publisist






Fikirlər