Qəbirüstü ilə bağlı Naxçıvan təcrübəsi TƏQDİR OLUNUR, ancaq...

Fazil Mustafa: “Bizim qəbiristanlıqların İslamla heç bir əlaqəsi yoxdur, bir şeydən savayı...”; Sərdar Cəlaloğlu: “Belə qərar verilirsə, o zaman baş daşları dövlət tərəfindən hazırlanmalıdır, çünki...”

Xəbər verdiyimiz  kimi, Naxçıvanda qəbirüstü işlərin təsviri ilə bağlı qərar qəbul edilib. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 noyabr tarixli, 115 nömrəli qərarı ilə yeni qaydalar təsdiq edilib. Belə ki, bundan sonra Naxçıvanda bütün qəbirüstü abidələr bir formada olacaq.

Bu məsələ uzun müddətdir ki, mətbuatda müzakirə olunur. Azərbaycanda baş daşlarının sadələşdirilməsi  həm ziyalılar, həm də ictimaiyyət nümayəndələri tərəfindən təklif olunur. Lakin bu məsələdə hələ də bir irəliləyiş əldə olunmayıb. İnsanlar ümumi dəyəri 5-10 min manat arasında dəyişən dəbdəbəli mərmər baş daşlarına üstünlük verirlər. İmkanlı təbəqə üçün bu, elə də çətin olmasa da, aztəminatlı ailələr onlarla yarışa bilmək üçün bəzən illərlə borca girərək ölülərinə baş daşı düzəltdirməli olurlar. Nəticədə Azərbaycan qəbiristanlıqları məzarlıqdan çox heykəltəraşlıq muzeyini xatırladır.

Ancaq ekspertlər bu məsələnin maarifləndirmə yolu ilə təbliğinin tərəfdarıdırlar. Bir çoxlarının fikrincə, burada inzibati üsullara əl atmaq doğru deyil. Başqa bir qisim isə hesab edir ki, Azərbaycanda bu problemin yeganə həlli yolu məhz bu cür inzibati formada verilən qərarlardır. Bəs görəsən, Naxçıvanda verilən bu qərarın ölkə üzrə tətbiqinə cəmiyyət necə yanaşır?

Image result for Fazil Mustafa

Milli Məclisin deputatı Fazil Mustafa belə bir qərarın verilməsinin müsbət qarşılandığını dedi: “Biz bunun tərəfdarıyıq ki, qəbir daşları sadə olsun. Naxçıvanda bu praktik olaraq  tətbiq olunub, müsbət bir haldır. Həmçinin yas mərasimlərində yemək verilməsinin ləğv olunması, qəbiristanlıqlarda səliqəli sistem qurulması və sair məsələlər var ki, bunların Bakıda tətbiqinin  tərəfdarıyıq. Yaxşı ənənəni harada olmasından asılı olmayaraq ölkənin hər yerində tətbiq etmək vacibdir. Əks halda, yenə də problemlər qalacaq. Bu məsələdə yaxşı nümunələri götürmək hamı üçün faydalı olar. Bizdə qəbiristanlıqlarla bağlı qanun qəbul olunub, bu qanunda da çox güman  ki sözügedən müddəalar nəzərdə tutulacaq. Mən bunun tərəfdarıyam. Bütün hallarda məsələnin bu şəkildə həlli, qəbiristanlıqdan daha çox  bir mədəniyyət görüntüsü olaraq istifadə olunması həm ölkə üçün həm də vətəndaşlar üçün yaxşıdır ki, bura bir şöhrətpərəstlik yerinə çevrilməsin”.

Deputatın sözlərinə görə, hazırki vəziyyət heç də yaxşı deyil: “Qəbiristanlıqlar şöhrətpərəstlik, harınlıq, görməmişlik nümunəsidir. Ona görə də, bunu dəyişmək lazımdır. Bizim qəbiristanlıqların İslamla heç bir əlaqəsi yoxdur, bircə ölünün qibləyə basdırılması məsələsi var. Ancaq qalan təmtərağın heç birinin İslama aidiyyəyi yoxdur”.

Image result for ADP sədri Sərdar Cəlaloğlu

ADP sədri Sərdar Cəlaloğlu isə bu qərarın inzibati qaydada verilməsinin normal bir yanaşma olmadığını vurğuladı:“Əgər belə bir qərar verilirsə, o zaman baş daşları dövlət tərəfindən hazırlanmalıdır. Çünki dövlətin hər hansı standart müəyyən edib, daha sonra vətəndaşdan pul almağa  ixtiyarı yoxdur.  Bir çox vətəndaşların heç o standart baş daşını düzəltdirməyə  imkanı yoxdur. Əgər bir məsələ inzibati qaydada qoyulursa, dövlət onun xərcini öz üzərinə götürməlidir. Məsələn, bizdə orta təhsil icbaridir, ona görə də orta təhsil pulsuzdur. Bu  baxımdan qəbir daşlarının standartlaşdırılması  haqqında qərar varsa. Həmin baş daşlarının və sinə daşlarının hazırlanması dövlət hesabına olmalıdır. Əks halda, heç kim vətəndaşlardan standart baş daşı tələb edə bilməz. Çünki yuxarılar o standarta uyğun baş daşı düzəltdirə bilər, ancaq aşağıların pulu çatmaz onu düzəltməyə. Guya Azərbaycanda hamı atasının-anasının qəbrinin üstündə heykəl qoymur ki, adamın var imkanı yoxdur bir taxta parçası qoyur. Onu necə məcbur etmək olar ki, gedib standart baş daşı qoysun. Belə bir qərar verilirsə, onun ikinci bəndi belə olmalıdır ki, qəbirüstü abidələr dövlət tərəfindən düzəldilir”.






Fikirlər