MƏTBUAT ŞURASI BAŞSAĞLIĞI verdi...
Mətbuat Şurası Azərbaycanın əməkdar jurnalisti Tatyana Çaladzenin vəfatı ilə bağlı nekroloq yayıb. "AzerTaym.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, nekroloqda Tatyana Çaladzenin Azərbaycan, xüsusən də Dağlıq Qarabağ həqiqətlərinin çatdırılmasında xidmətlərinin böyük olduğu bildirilir: “Buna görə onu fədakar qələm sahibi adlandırmaq mümkündür. O, 1992-ci ildə məhz Qarabağ münaqişəsini işıqlandırmaq üçün doğulub boya-başa çatdığı və jurnalist kimi çalışdığı Latviyadan ölkəmizə gəlib. Müharibənin canlı şahidinə çevrilib, döyüşlərdə yaralanıb. T.Çaladze çoxsaylı məqalələrində Qarabağ konfliktinin tarixini, erməni separatçılığının ideoloji tərəflərini geniş təsvir edib, Azərbaycanın ədalətli mövqeyinin fəal təbliğatçısı olub. Mərhumun 2014-cü ildə çapdan çıxmış “Karabaxskaya oteçestvennaya: Oni umirali çestno” kitabı bu baxımdan xüsusi qiymətləndirilir. Əməkdar jurnalist Tatyana Çaladzenin vəfatı Azərbaycan jurnalistikası və ictimai fikri üçün böyük itkidir. Mətbuat Şurasının sədri və İdarə Heyətinin üzvləri jurnalisti tanıyan, onun sənətinə dəyər verən hər kəsin üzüntüsünü bölüşür, bir daha dərin hüznlə başsağlığı verir”.