Tanınmış təbib Füzuli Hüseynov Bakıdakı "Xruşşovka” adlandırılan beşmərtəbəli binaların insan səhhətinə təsiri ilə bağlı açıqlamalar verib.
"AzerTaym.az" Medicina.az-a istinadən xəbər verir ki, o, sözügedən binalardakı nəmin burada yaşayan sakinləri zəhərlədiyini, sağlam ikən xəstə saldığını deyib:
"Yəqin ki, hamınız Bakıdakı fransız və Xruşşovka deyilən 5 mərtəbələri görmüsünüz, içində olmusunuz, bəlkə də yaşayırsınız. Bu binaların nəinki içində, hətta azca yaxınlığında belə insanı nəm, rütubət qoxusu vurur. Blokda isə dəhşətli nəmişlik gözlə görülür. Mən anlayıram ki, bu rütubət balalarımızı illərlə necə zəhərləyir, sağ ikən öldürür. Bu binaların çoxunun zirzəmisi su içindədir, bu su isə köhnəlmiş kanalizasiya borularının sıradan çıxmasına görə dolur. Zirzəmidəki su bataqlıq kimi qalır, burada ağcaqanad və milçəklər çoxalır, 5 mərtəbələrin blokları ağcaqanadla dolu olur, qapını açan kimi mənzilə girir. Ağcaqanad və milçəklər isə xəstəlik daşıyıcısıdır".
Təbib qeyd edib ki, daim nəmişlik olan binada kif göbələkləri artıb çoxalır: "Bu göbələklər yatdığımız yorğan-döşəkdə belə minlərlə dəfə çox olur, bizim daxilimizə keçir, burun dəliklərimizdən ağciyərlərimizə, qanımıza dolur və Rinit adlı iltihabi xəstəlik yaradır. Əgər bunun qarşısı alınmazsa, yuxarı tənəffüs yollarının ilfeksiyalaşmasına, bronxitlərə, faringit, haymorit, astma bronxitə səbəb olurlar.
Hələ bunlar nəfəslə keçənlərdir, qida ilə mədə-bağırsağa keçib çoxalan göbələklər daha da təhlükəlidir. Belə ki, bu göbələklər bağırsaqlarda toksik-zəhərlər yaradır, qaraciyər yüklənir, zəifləyir, immunitet aşağı düşür, bədənimiz xəstəliklərin əsirinə çevrilir. Orada yaşayan insanlarda tez-tez köpmələr, sonra daxildə yanma hissi başlayır, yorğunluq, halsızlıq, oynaqlarda ağrılar, zəiflik artır. Rütubətli yerdə mikroblar, bakteriyalar, viruslar da minlərlə dəfə çoxdur. Rütubətli evin sakini olan hər 3 adamdan biri revmatizmdir desək yanılmarıq”.
F. Hüseynov belə binaların sökülməli olduğunu düşünür: "Təəssüf ki, bizdə bu köhmə 5 mərtəbələrin üzünü boyamaqla ömrünü uzadırıq. Halbuki qonşu Gürcüstanda artıq sovet dövründən qalma 5 mərtəbə binalar qalmayıb, hamısı sökülüb. Bir mühəndisin dediyinə görə, 5 mərtəblər artıq ikinci ömrünü də başa vurub. 35 illik istifadə üçün tikilmiş binalar 70 ildir fəaliyyətdədir. Belə binalarda isə minlərlə vətəndaşımız yaşayır.
Sonda bu sakinlərə məsləhətim odur ki, çalışın otaqların havasını daim dəyişin, özünüz açıq, günəşli havada çox olun, zirzəmidəki suları qurutmağa nəzarət və tələb edin.
Belə evlərdə yaşayanlar alma sirkəsi, bal, sarımsaq, soğandan bol istifadə etsinlər. Hər axşam 2 diş sarımsağı bölüb, udun, üstündən 1 stəkan ilıq süd için”.
Fikirlər