Paşa Qəlbinur: “VƏZİFƏDƏN UZAQLAŞMAQ niyyətim yoxdur”
Azərbaycan Tibb Universitetinin (ATU) bir neçə kafedra müdiri yeniləri ilə əvəz olunub. Qeyd edək ki, Modern.az hələ 2017-ci ilin sentyabr ayında kadr dəyişiklikləri olacağı ilə bağlı məlumat vermişdi. Bu sırada adları çəkilən Urologiya, Oftalmologiya, Travmatologiya və ortopediya, Uşaq cərrahlığı və bir sıra başqa kafedra müdirlərinin bəziləri artıq vəzifədən uzaqlaşdırılıb. Siyahının ilk yerlərində 1990-cı ildən ATU-nun Urologiya kafedrasına rəhbərlik edən sabiq deputat, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru Sudeyif İmamverdiyev qərarlaşıb. Travmatologiya və ortopediya kafedrasına hazırda travmatoloq-ortoped Əhməd Əhmədzadə rəhbərlik edir. O, 1998-ci ildən kafedra müdiri vəzifəsində işləyir. 1995-ci ildən Uşaq cərrahlığı kafedrasına rəhbərlik edən Çingiz Quliyevin yerinə tibb üzrə fəlsəfə doktoru, tanınmış uşaq cərrahı Ramiz Poluxov təyinat alıb. Modern.az-a daxil olan məlumata görə, növbədə Oftomologiya kefdrasının rəhbəri, tanınmış oftomoloq Paşa Qəlbinurdur. Amma 1991-ci ildən etibarən kafedra müdiri kimi fəaliyyət göstərən həkim, vəzifəsindən uzaqlaşmaq istəmir. Kafedradakı mənbənin bildirdiyinə görə, artıq onun məsələsinə baxılıb və vəzifəsindən kənarlaşdırılması ilə bağlı qərar verilib. Qərarla razılaşmayan P.Qəlbinur hətta universitetin rektoru, professor Gəray Gəraybəylinin qəbulunda olub, vəzifədə qalmaq üçün xahiş edib. Amma rektor bu xahişi qəbul etməyib. Oftomoloqa “Struktur dəyişirsə, sən niyə qalmalısan” sualını ünvanlayıb. Hazırda oftomoloqun bir çox instansiyalar vasitəsilə xahiş mesajlarını davam etdirdiyi iddia edilir. Modern.az bayram günü olmasına baxmayaraq, məsələyə aydınlıq gətirməsi üçün P.Qəlbinurla əlaqə saxlayıb. Oftomoloq saytımıza Tibb Universitetində kadr dəyişikliyi getdiyini təsdiqləyib: “Bəli, doğrudur, bir neçə kafedra müdiri vəzifədən göndərilib, yenilərilə, daha gənc olanlarla əvəzlənib. Amma qeyd edim ki, göndərilənlərin hamısı təqaüd yaşına çatanlardır. Onların hamısı 70, 80, 85, 90 yaşlılardır. Amma bu yaşlarda olub hələ də çalışanlar var. Çünki bacarıqları, qabiliyyətləri var. Azərbaycanda yaş senzi yoxdur”. Tanınmış həkim vəzifədən uzaqlaşmaq niyyətinin olmadığını vurğulayıb: “Mən hazırda Oftomologiya kafedrasının rəhbəriyəm. Təqaüd vaxtım da deyil. Nəyə görə uzaqlaşdırılmalıyam ki? Belə şey yoxdur. Bu barədə yazırlar, amma mənim hələ vəzifədən uzaqlamaq fikrim yoxdur”.
Bu kafedranın rəhbərliyinə tibb elmləri namizədi, məşhur travmatoloq-ortoped Cəfər Nəsirlinin gətiriləcəyi gözlənilir.