AYNUR Elgünəş və XƏDİCƏ İsmayılova VƏKİLLƏR Kollegiyasını MƏHKƏMƏYƏ VERİRLƏR
Jurnalistlər Aynur Qəmbərova (Elgünəş) və Xədicə İsmayılova Vəkillər Kollegiyasını məhkəməyə verirlər. Virtualaz.org “Turan”a istinadən bildirir ki, buna səbəb Vəkillər Kollegiyasının vəkil Yalçın İmanovun səlahiyyətlərinin dayandırılması barədə qərarıdır. "Yalçın İmanovla müqaviləm var. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində bir neçə dəfə dindirməyə çağırılmışam. Sonuncu dindirmə vəkil Yalçın İmanovun iştirakı ilə keçirilib. İndi onun fəaliyyəti dayandırılıb", - A. Elgünəş bildirib. Yeni vəkillə müqavilə bağlamaq əlavə xərcdir, ən əsası isə bu, vəkilə inam məsələsidir. "Vəkillər Kollegiyasının 800-dən artıq üzvü olsa da, onların arasında gerçəkdən vəkilliklə məşğul olan, tənqidçi jurnalistləri müdafiə etməyə cəsarəti çatan, beynəlxalq hüququ, Avropa İnsan Hüquqları Məhkəməsi təcrübəsini bilən vəkillərin sayı çox azdır", - A.Elgünəş qeyd edib. İddia ərizəsi yaxın günlərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndəriləcək. Qeyd edək ki, Y.İmanov X.İsmayılovanın da hüquqlarını müdafiə edir.