31 Mart SOYQIRIMI: Bu DƏHŞƏTLƏRİ hansı YAZIÇI YAZACAQ?
Qarşıdan 31 mart Azərbaycanlıların Soyqırımı Günü gəlir. Bu faciənin üstündən bir əsr keçsə də, soyqırımı haqqında M.S.Ordubadinin "Qanlı sənələr" əsərindən başqa bədii əsərə rast gəlmək mümkün deyil. Görəsən, Mart soyqırımı haqqında ədəbiyyatımızda hər hansı yeni bədii nümunə varmı? Ümumiyyətlə, bu mövzu ədəbiyyatımıza gələ bilərmi? Mövzuyla bağlı millət vəkili Fazil Mustafa Teleqraf.com-a bildirdi ki, o dövrün mənzərəsini təsvir edən müxtəlif məqalələr, yazılar var, ancaq ədəbiyyat nümunəsi sayıla biləcək xüsusi bədii əsər yoxdur: “Həmin məqalələr, yazılar da o dövrün ayrı-ayrı siyasətçiləri tərəfindən yazılıb. Seyid Hüseyn Sadiqin və başqa şahidlərin yazıları var. Bir də soyqırım mövzusuna Məhəmməd Əsəd bəyin “Bakıda neft və qan” əsərində rast gəlmişəm”. Yazıçısı-publisist Qan Turalı bu mövzuda əsərlərin azlığını sovetin qadağaları ilə əlaqələndirdi: “31 Mart soyqırımı tariximizin ən qanlı səhifələrindən biridir. Bu soyqırımından dərhal sonra sovet hakimiyyəti qurulduğuna, həmçinin soyqırımı araşdırmaq yasaq olduğuna görə, bu mövzuda yazarlarımızın nəsə yazmaq imkanları olmayıb. İki əsəri qeyd etmək istəyirəm, ancaq bu əsərlər bədii əsər deyil, xatirələrdir. Biri Azərbaycanın görkəmli jurnalisti Ömər Faiq Nemanzadənin sovet dövründə çap olunmuş xatirələridir, sonra o, repressiya qurbanı oldu. Biri də böyük yazıçımız Cəlil Məmmədquluzadənin xatirələridir. Hər iki əsərdə mart qırğınıyla bağlı məqalələr, materiallar var. Hətta “Molla Nəsrəddin” jurnalının ilk sayı 1918-ci ilin aprelində çap olunmuşdu, jurnalda soyqırım haqda yazılar yer almışdı. Müasir yazarlarımız bu məqalələrdən və materiallardan istifadə etməklə yeni əsərlər yaza bilərlər. Bu, həm də xalqımızın tarixini öyrənmək, onu gələcək nəsillərə ötürmək baxımından da maraqlıdır. İnsanlar daha çox bədii əsərlər oxuyurlar, bu mənada bizim üzərimizə müəyyən vəzifə düşür”. Tənqidçi, filologiya üzrə fəlsəfə doktoru İradə Musayevanın sözlərinə görə, soyqırımı haqqındakı materiallar sovet dövründə gizlədilib: “1918-ci il 31 Mart soyqırımı haqqında elmi, publisistik araşdırmalar, materiallar çoxdur. Və gündəlik mətbuatdan da öyrənirik ki, bu istiqamətdə yeni arxiv araşdırmaları davam edir. Lakin problem ondadır ki, həmin illərdə isti-isti yazıya alınan faktların çoxu məhv edilib. O cümlədən də C.Cabbarlının, M.B.Məmmədzadənin şahidi olduqları hadisələrin təsviri ilə bağlı materiallar. Bu da çox ağrılıdır ki, 1918-ci ildə 19 yaşlı C.Cabbarlının gözləri qarşısında baş verən soyqırımı haqqındakı materiallar sovet dövründə gizlədildi və C.Cabbarlı 1930-cu illərdə kolxoza, kollektivləşməyə dramlar həsr etdi, eləcə də 1931-ci ildə yazdığı “1905-ci ildə” adlı beynəlmiləlçilik ruhu aşılayan, əsərində ermənilərlə tarixi düşmənçiliyi yox, tarixi dostluğu təbliğ etməyə üstünlük verdi. Hətta əsərin əlyazmasında olan “türk” ifadələri əlimizdə olan variantlarda ixtisar edilmişdi. Rus-sovet ideologiyası C.Cabbarlı kimi dramaturqun yaradıcılığını və tarixi yaddaşını öz siyasətinə uyğunlaşdıra bilmişdi. Bu cür faktlar çoxdur. Məsələ ondadır ki, sovet dönəmində yazılan hekayə və povestlərin, şeirlərin çoxunda bu “erməni sevgisi” ideoloji tapşırıq kimi işlənirdi. Yəni, ədəbiyyat materialı kimi yox... Və bizim bu mövzudan ilhamlanan şairlərin, rəssamların və b. sənət sahiblərinin əsərləri təbliğ olunanda, məktəblərdə imtahan tapşırığı kimi əzbərlətdiriləndə ermənilər bütün ideoloji təbliğat vasitələrində fəallığı saxlayırdı. Bu gün Qarabağ haqqında ədəbi-estetik, bədii-fəlsəfi dəyəri olan, siyasi problemləri özündə ehtiva edən əsər arzulayırıq. Yazıçılar deyir ki, hələ tezdir, isti-isti yazmaq çətindir. 100 il öncənin tarixi hadisələrinə isə “artıq gecdir” deyirlər bəlkə də... Yəqin ki, bu məzmunlu əsərlər tarixi materiallar və bədii təxəyyül hesabına yaranmalıdır”. İradə xanım onu da qeyd etdi ki, yazıçılara mövzu diktə etmək doğru deyil. Amma məlumdur ki, hər bir xalqın tarixi faciəsi onun siyasi, elmi və mədəni yaddaşında iz qoyur: “Yaddaş bütün mübarizələr üçün böyük situmuldur, o tarix həm də “bədii yaddaş” (hansısa hekayə, povest və roman və s.) şəklində yaşanarsa, əhəmiyyətli olar. İstər klassik şərq, istərsə də antik yunan və müasir qərb ədəbiyyatında müharibələr, soyqırım və müstəmləkəçilik siyasəti həm də ədəbiyyatlaşa bilib. Bu hadisələr, soyqırımı faciəmiz ədəbiyyat materialı kimi maraqlı olar... Təkcə Quba qırğınını əks etdirən soyqırım kompleksi, başına mismar çalınmış başlar bu gün tarixi eksponata çevrilib. Bu mənzərənin özü Hamletvari suallar doğurur. Bunun üçün mütləq Şekspir olmaq lazımdırmı? Əslində lazımdır, amma Şekspir və ya H.Cavid kimi ədəbiyyata bəşəri suallarla gəlirsənsə... Bax o zaman bu mövzu “Hamlet” və ya “İblis” siqlətli nümunələr kimi meydana gələ bilər”... Yazıçı, Kulis.az saytının baş redaktoru Şərif Ağayar bu mövzuda nəsə yazmağa ürək etmədiyini dedi: “Mənim üçün bu mövzular çox ağırdır. Yazmağa ürək eləmərəm. Bu cür hadisələrin bədii həllini vermək imkansız kimi görünür. Ancaq bu mövzularda müxtəlif variasiyalar etmək olar”. AzerTaym.az