Məmurların sərvətləri ilə bağlı araşdırmalar başlayıb - Azərbaycanda
Bildirilir ki, qeyri-rəsmi olaraq məmurların var-dövləti, daşınmaz əmlakları ilə bağlı məlumatların toplanması və müvafiq yoxlamalar aparılması barədə ən yüksək səviyyədə tapşırıq verilib.
Aldığımız məlumata görə, belə bir yoxlama zamanı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərkibindəki “Bakılift-təmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovla bağlı heyrətamiz məlumatlar ortaya çıxıb. Məlum olub ki, baş direktorun özünün yox, sürücüsünün “adına” nə az-nə çox, düz 5 milyon manatlıq əmlak var! Özü də Bakının mərkəzindəki “Alov qüllələri” kompleksində! İzahat üçün dərhal deyək ki, həm “Alov qüllələri” kompleksində, həm də “Hilton” hotelində şəxsi mənzil üslubunda da yaşayış sahələri var və onlar yüksək qiymətlərə satılır.
Müdirindən maksimum 1000 manat məvacib alan sürücünün adına olan həmin əmlakın əsl sahibinin kimliyi haqda uzun-uzadı araşdırma aparmağa gərək olmayıb. Qüdrət Şükürovun iqtidardakı adamlarının əlaqələrini işə salması da nəticə verməyib. Ona yoxlamanın “yuxarıdan” və heç kimə fərq qoyulmadan aparmaq göstərişinin verildiyini deyiblər.
Qaynağımızın məlumatına görə, hazırda “Bakılift-təmir” İstehsalat Birliyində Vergilər Nazirliyi və Hesablama Palatası yoxlamalara başlayıb. İndi məlum olur ki, bir neçə gün əvvəl Vergilər Nazirliyinin vergidən yayınan bəzi dövlət idarələrinin adlarını açıqlaması təsadüfi deyilmiş. Yayılan rəsmi məlumatda paytaxtın Xətai, Yasamal, Nəsimi, Suraxanı, Sabunçu və Səbayel rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, Abşeron rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyi, Şirvan şəhər Mənzil Təsərrüfatı İdarəsi və Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin vergi borcunu ödəmədiyi qeyd olunurdu. Xüsusi olaraq borclu vergi ödəyiciləri sırasında Qaradağ rayon kanalizasiya İdarəsi və “Bakılift-təmir”ə tabe olan “Baklift-1", ”Bakılift-2" ixtisaslaşdırılmış istehsalat idarələrinin adları qeyd olunurdu. Maraqlıdır ki, adları çəkilən bütün idarələr Bakı meri Hacıbala Abutalıbova tabedir. Vergilər Nazirliyinin məlumatında dövlət qurumlarının vergi borclarının miqdarı haqda qeyd yox idi. Aldığımız məlumata görə, yoxlamalar zamanı “Bakılift-təmir” İstehsalat Birliyinin 8 milyon manatdan artıq vergi borcunun olduğu üzə çıxıb. Maraqlı rəqəmdir deyilmi?
Belə bir vəziyyətdə baş direktorun sürücüsünün adına 5 milyon manatlıq mənzil alınması böyük qalmaqal yaradıb. Büdcə pullarının yeyintisinin hansı səviyyədə olması aranı qatıb. Məsələnin ölkə rəhbərliyinin diqqətində olduğu barədə də artıq məlumatlar var.
Araşdırmalarımız zamanı öyrəndik ki, Q.Şükürov hazırda tutduğu vəzifəyə 2012-ci ilin yanvarında Bakı meri Hacıbala Abutalıbovun əmri ilə təyin edilib. Ona qədər ilk baxışdan əhəmiyyətsiz görünən bu postu Vaqif Xəlilov tutub. H.Abutalıbovun kadr seçiminin “özəlliyi” haqda məlumatı olanlar bilir ki, Bakı meri ən əhəmiyyətsiz posta belə təyinat zamanı əmrləri imzalamaqdan yayınır. Namizədin kimliyini müxtəlif yollarla araşdırır. Bu baxımdan Q.Şükürovun da təsadüfən baş direktor vəzifəsinə təyinat almasını söyləmək olmaz. Onu da demək olmaz ki, Q.Şükürov hansısa addımı Bakı merinin xəbəri olmadan atıb. Ola bilər ki, o, özünə əmlak alanda H.Abutalıbovla məsləhətləşməyib, amma indi Bakı meri də əməllicə cəncələ düşüb...
Q.Şükürovun bu təyinata qədər hansı vəzifəni tutduğu haqda məlumat yoxdur. Bilinən odur ki, 2010-cu ilin aprelində ona məxsus olan “Range Rover” markalı maşından şüşəni sındırmaq yolu ilə 100 min ABŞ dolları və 60 min manat oğurlanıb. Sonradan polis oğruları tutub. Onun deputatlardan biri ilə qohumluq əlaqələrinin olduğu da bildirilir.
Qeyd edək ki, 2008-2009-cu illərdə Bakıdakı liftlərdə bir-birinin ardınca baş verən bədbəxt hadisələr hökuməti bu sahəyə diqqət ayırmağa məcbur etdi. 2009-cu ilin dekabrında Bakının Xətai rayonu ərazisində Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı faciəvi şəkildə dünyasını dəyişdi. 51 yaşlı polkovnik-leytenant Məhərrəm İzzətov lift şaxtasına düşərək həyatını itirmişdi. Hadisə rayonun Mehmandarov küçəsində yerləşən 16 mərtəbəli binada baş vermişdi. Həmin binada yaşayan M.İzzətov binanın 13-cü mərtəbəsində liftin açıq şaxtasından aşağı düşmüşdü. Həmin ilin oktyabrında isə Suraxanı rayonu, Hövsan qəsəbəsində 13 yaşlı Orxan Rüstəmov liftin şaxtasına düşərək faciəvi şəkildə həlak olmuşdu. Bir-birinin ardınca baş verən faciəvi hadisələrdən sonra dövlət başçısı liftlərin təmirinə 10 milyon manat vəsait ayrılmasına sərəncam verdi. Və sonrakı illərdə də hər il büdcədən liftlərin təmirinə milyonlarla manat vəsait ayrılır. Bu vəsaitin təyinatı üzrə xərclənmədiyini söyləmək üçün hansısa xüsusi yoxlama aparmağa da ehtiyac yoxdur. Sovetdən qalma binalardakı liftlərə daxil olmaq kifayətdir...
Mövzuya qayıdacağıq... ( musavat.com )