“ATƏT-in HESABATI SİFARİŞLİDİR” - MİLLƏT VƏKİLİNDƏN KƏSKİN REAKSİYA
“ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının bu cür hesabat açıqlamaqda məqsədi ölkəmizə qarşı təzyiq göstərməkdir”. Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı ATƏT-ın müşahidə missiyasının Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı hesabatına münasibət bildirərkən deyib. Millət vəkili bildirib ki, ATƏT-in müşahidə missiyasının nümayəndələri hesabatı Azərbaycana gəlməmişdən əvvəl hazırlayırlar: “Bura gələndən sonra həmin hesabatın üzərində bir az imitasiya edib oxuyurlar. ATƏT-in Azərbaycana qarşı hesabatları, adətən, sifarişli olur. Onlar Azərbaycana qarşı nə zaman ədalətli münasibət göstəriblər? Azad, demokratik seçki nəyə deyirlər? İnsanlar azad şəkildə seçkidə iştirak edirdi, bəzi məntəqələrdə gəlinlə-bəy seçkiyə gəlmişdi. ATƏT kimi bəzi təşkilatlarda Azərbaycana qarşı hazır qərəzli mətn olur. Bu cür məqamlar həmin mətnləri təqdim edirlər. Bu açıqlamaların kökündə Azərbaycana qarşı təzyiq etmək marağı durur. Lakin bu üsulla bizə təzyiq göstərə bilməzlər. Konstitutsiyaya görə xalq prezidentini seçir. Azərbaycan xalqı da bayram əhval-ruhiyyəsi ilə öz Prezidentini seçdi. İnsanlar məmnuniyyətlə məntəqələrə gəlib səs verirdilər”. Qeyd edək ki, təşkilatın bu gün mətbuat konfransında açıqladığı hesabatında seçkilərin məhdud siyasi mühit, qeyri-şəffaf şəkildə keçirildiyi, prosedurlara riayyət edilmədiyi iddia edilib. Və bu iddia Azərbaycan cəmiyyəti, deputatlar, jurnalistlər, habelə ziyalılar tərəfindən kəskin etirazla qarşılanıb.