17 iyun - Səhiyyə İşçilərinin Peşə Bayramı günüdür.
"AzerTaym.az" bildirir ki, bu münasibətlə iyunun 16-da Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) Azərbaycan Xalq Cümhuriyyətinin, o cümlədən Azərbaycan səhiyyəsinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən əvvəl tibb işçiləri, o cümlədən səhiyyə naziri Oqtay Şirəliyev Fəxri xiyabana gələrək xalqımızın ulu öndəri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı önünə əklil qoyulub.
Səhiyyə işçiləri görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin də məzarları üzərinə gül dəstələri düzüblər.
Tədbirdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan səhiyyəsinin 100 illik inkişaf yolundan danışaraq deyib: "Bu gün biz öz taleyini ən nəcib və lazımlı peşə ilə bağlayanların – insanlara həyat və sağlamlıq bəxş edən tibb işçilərinin şərəfinə bayram keçiririk. Builki peşə bayramımız xüsusi məna daşıyır. Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin Sərəncamı ilə tibb işçilərinin peşə bayramı üçün 17 iyun tarixinin müəyyən edilməsi təsadüfi deyil. Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri ilə 1918-ci il iyunun 17-də Səhiyyə Nazirliyi təsis olunub. Beləliklə, bu il biz Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 100 illik yubileyini qeyd edirik”.
Ötən 100 ildə Azərbaycan səhiyyəsinin böyük inkişaf yolu keçdiyini vurğulayan nazir Cümhuriyyət dövründə səhiyyə sahəsində mühüm tədbirlərin həyata keçirildiyini bildirib. Tibbi yardımın təşkili üçün yeni xəstəxanalar və apteklər açılıb, həm əhaliyə, həm də döyüşlərdə yaralanan əsgər və zabitlərə tibbi yardımın təşkili, həmin dövrdə geniş yayılmış yoluxucu xəstəliklərin qarşısının alınması üçün tədbirlər görülüb. Cümhuriyyətin səhiyyə sahəsində mühüm tədbirlərindən biri də tibbi kadrların hazırlığı idi. Həmin dövrdə Cümhuriyyət hökumətinin xaricə təhsil almaq üçün göndərdiyi tələbələrdən bir çoxu təbabət üzrə təhsil alırdılar. Digər tərəfdən, 1919-cu ildə əsası qoyulan Bakı Dövlət Universitetində tibb fakültəsi yaradıldı. Bu tibb kadrları sonralar səhiyyəmizin kadr potensialının özəyini təşkil etdilər.
Bu istiqamətdə işin sovet hakimiyyətinin ilk illərində də davam etdirildiyini, yüzlərlə yeni xəstəxana, poliklinika və aptekin yaradıldığını vurğulayan O.Şirəliyev deyib ki, Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazasında Azərbaycan Tibb İnstitutunun əsası qoyulub, bir neçə elmi tədqiqat institutu fəaliyyətə başlayıb. Burada milli tibb kadrlar hazırlanmağa başladı, elmi məktəblər yarandı. Həmin dövrdə Azərbaycanın Mirəsədulla Mirqasımov, Əziz Əliyev, Mustafa bəy Topçubaşov, Əbülfəz Qarayev və digər tanınmış alimlərinin adları sovet ölkəsində böyük hörmətlə çəkilir, onların tədqiqatları dərsliklərdə təqdim olunurdu.
Diqqətə çatdırılıb ki, Böyük Vətən müharibəsi illərində Azərbaycandan yüz minlərlə insan həm ön cəbhədə döyüşür, həm arxa cəbhədə fədakar əməkləri ilə qələbəyə töhfə verirdi. Azərbaycan səhiyyəsi də qələbəmiz naminə böyük işlər görmüşdü. Onlarla hərbi hospital yaradılmışdı. Həkimlərimiz, bütün tibb işçilərimiz yaralıları həyata qaytarmaq üçün gecə-gündüz çalışır, bu işdə böyük uğurlar qazanırdılar. Müharibədən sonrakı dövrdə Azərbaycan səhiyyəsi sülh dövrünə uyğunlaşmağa başladı. Əsas diqqət əhalinin sağlamlığına, müxtəlif xəstəliklərlə mübarizəyə yönəldi.
Nazir xüsusi vurğulayıb ki, Azərbaycan səhiyyəsinin sonrakı inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Səhiyyə məsələlərinə böyük diqqət və qayğı ilə yanaşan Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə bugünkü iri tibb müəssisələrinin əksəriyyəti inşa olunub əhalinin istifadəsinə verildi. Kadr hazırlığına böyük diqqət yetirən Ulu Öndər istedadlı gəncləri tanınmış tibb təhsili ocaqlarına göndərir, orada yüksək ixtisaslı kadrlar kimi formalaşmasına şərait yaradırdı. Həkimlərin ixtisasını artırması üçün Azərbaycanda müxtəlif konfranslar, simpoziumlar keçirilirdi. Ümummilli Lider bu fəaliyyətini müstəqillik illərində - xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışından sonra da davam etdirdi.
"Müstəqilliyimizin ilk illəri bütün ölkəmiz üçün, o cümlədən səhiyyəmiz üçün də çətin dövr idi. Müharibə şəraiti, bir milyon qaçqın və köçkün, ağır iqtisadi vəziyyət, yoluxucu xəstəliklərin epidemiya təhlükəsinin yaşandığı bir dövrdə ölkəni bu bəlalardan yalnız ulu öndər Heydər Əliyev xilas edə bildi. Dahi şəxsiyyət böyük nüfuzu sayəsində ölkəmizə çoxlu vaksinlərin, zərdabların gətirilməsinə nail olundu ki, bu da həmin xəstəliklərin qarşısının alınmasında həlledici rol oynadı”, - deyə nazir bildirib.
O.Şirəliyev deyib: "Bu gün biz XXI əsrin əvvəllərində səhiyyəmizin vəziyyətini yada salanda, situasiyanın çox da ürəkaçan olmadığını xatırlayırıq. Bərbad, çox vaxt qəzalı vəziyyətdə olan xəstəxanalar, ötən əsrdən qalma nasaz avadanlıq, dərman qıtlığı - bütün bunları görən xarici ekspertlərin fikrincə, Azərbaycan səhiyyəsinin inkişafı üçün onilliklər lazım idi. Lakin Prezident İlham Əliyevin gərgin əməyi, səyi, möhkəm iradəsi sayəsində, ölkəmizdəki ictimai-siyasi sabitlik sayəsində Vətənimiz hər sahədə inkişaf etdi. Həmçinin səhiyyə sahəsində də inqilabi dəyişikliklər baş verdi.
Hazırda insanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və dövlətimizin başçısı bu məsələləri daim diqqət mərkəzində saxlayır. Son illərdə həm paytaxtda, həm ölkəmizin müxtəlif bölgələrində yeni-yeni tibb müəssisələri, səhiyyə mərkəzləri tikilib, əsaslı təmir olunub, ən müasir avadanlıqla təchiz edilib”.
Nazir müasir dövrdə Azərbaycan səhiyyəsinin inkişafında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın misilsiz xidmətlərini xüsusi qeyd edib. Diqqətə çatdırıb ki, Mehriban Əliyevanın ölkəmizdə əhalinin, xüsusilə də gənc nəslin sağlamlığı ilə bağlı ən mühüm problemlərin həllinə yönəlmiş addımları, onun tövsiyəsi ilə qəbul olunmuş qərarlar, qanunlar, Dövlət proqramları, yaradılan tibb mərkəzləri səhiyyəmizin tərəqqisinə böyük töhfədir.
Digər çıxış edənlər də Azərbaycan səhiyyəsinin inkişafından, onun beynəlxalq aləmdə xüsusi yerindən danışıblar. Qeyd edilib ki, beynəlxalq qurumlar Azərbaycan dövlətinin əhalinin sağlamlığının qorunması sahəsində fəaliyyətini yüksək qiymətləndirir, bir sıra hallarda bunu digər dövlətlərə də nümunə göstərirlər.
Sonra Azərbaycan səhiyyəsinin keçdiyi 100 illik inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.
Tədbirin sonunda səhiyyə sahəsində fərqlənən şəxslər təltif olunublar.
Fikirlər