SÖZLƏ KEÇƏN, SÖZDƏN KEÇƏN ÖMÜR - RAUF ARİFOĞLU 52
Rauf Arifoğlu başqa qəzetlərin də yaradılmasında birbaşa rol oynayıb. O, 1992-ci ildə “Yeni Turan”, “Cümhuriyyət” qəzetlərini, “Dünya” jurnalını təsis edib. Sayğılarla, “Yeni Müsavat” Media Qrupunun kollektiviBu gün “Yeni Müsavat” Media Qrupunun rəhbəri, tanınmış jurnalist Rauf Arifoğlunun doğum günüdü.
R.Arifoğlu müasir Azərbaycan mətbuatının təməlini qoyan, onu yaradan və yaşadan azsaylı insanlardandı.
1988-ci ildən başlayan meydan hərəkatı fonunda formalaşmağa başlayan milli mətbuatın ilk təsisatlarını məhz o yaradıb, ortaya çıxarıb. Meydan hərəkatının ilk vaxtlarında R.Arifoğlu “Birlik” dərgisini yaradıb. Sonradan – 1989-cu ilin noyabr ayında isə “Yeni Müsavat” qəzetinin əsasını qoyub.
R.Arifoğlu yeni dövr milli mətbuatın əsasını qoyan əksər insandan fərqli olaraq 30 ilə yaxın müddətdir ki, qəzetçilik fəaliyyəti göstərir. Azərbaycan mətbuatının təkcə yaradılmasında deyil, qorunmasında, yaşamasında və inkişafında danılmaz xidmətlər göstərib. Və o xidmət davam edir.
Bu gün “Yeni Müsavat” Media Qrupunun nəzdində xeyli KİV fəaliyyət göstərir. Onlarla jurnalist bu KİV-lərdə işləyir. Rauf Arifoğlu ən çətin şərtlərdə belə mətbu sözün yaşaması, ayaqda qalması üçün böyük fədakarlıqlar göstərən bir ziyalı və qəzetçidi.
Rauf bəy yaşı 30 ilə dayanan bir jurnalistika məktəbinin də yaradıcısıdı. Hazırda Azərbaycanda fəaliyyət göstərən əksər qəzet, sayt və tv-lərdə vaxtilə “Yeni Müsavat” qəzetində çalışmış həmkarlarımıza rast gəlmək mümkündür.
R.Arifoğlu təkcə yaxşı redaktor, istedadlı qələm adamı deyil, həm də bacarıqlı menecer, idarəçidi.
Rauf bəyin fəaliyyətində əsas yerlərdən birini də onun milli düşüncənin, Cümhuriyyət dəyərlərinin, dini kimliyimizin Azərbaycanda uğurla təbliği tutur. R.Arifoğlu M.Ə.Rəsulzadənin və digər Cümhuriyyət banilərinin tanıdılmasında, onların Azərbaycan və Türk Dünyası üçün gördükləri böyük işlərin təqdim edilməsində əsas rollardan birini oynayıb.
Rauf Arifoğlu Sovet İmperiyasının Azərbaycanın milli bayrağını qadağan etdiyi vaxtlarda o bayrağı və oradakı rəmzləri ölkəsinin vətəndaşları üçün açan, təbliğ edən fikir adamlarındandır.
20-ci əsrin əvvəllərində istiqlalçı və cümhuriyyətçi nəsil bayrağımızda 100 illər sonra bizə lazım olacaq simvollar buraxdı. Millət və ölkə olaraq siyasi qibləmizi müəyyənləşdirdilər. “Türkləşmək, İslamlaşmaq, Çağdaşlaşmaq” şüarını böyük istedadla bayrağımıza köçürdülər. 70 il sonra Azərbaycanın yeni istiqlalçı və cümhuriyyətçi nəsli bu simvolları dürüst və dolğun bir formada millətə çatdırmalıydı. Cümhuriyyət yaradıcısı olan atalarımızın yolundan sapmaq olmazdı. Bu işə çiyin verən, əmək verən, bayrağımızın yenidən Vətən səmasında dalğalanmasına qatqısı olan, onu millətə sevdirən əsas simalardan biri də məhz Rauf Arifoğlu oldu.
Rauf Arifoğlu Türkiyə-Azərbaycan əlaqələrinin, dostluğunun, qardaşlığının təbliğində, hər iki ölkədə bu vacib mövzunun ictimai şüura yeridilməsində müstəsna rol oynamış aydınlarımızdandır. O, bu görəvini bu gün də davam etdirir.
“Yeni Müsavat” Media Qrupunun kollektivi olaraq Rauf Arifoğlunu – bu dəyərli, işıqlı və Azərbaycan sevdalısı ziyalımızı doğum günü münasibəti ilə ürəkdən, candan təbrik edirik. Ona sözə, fikrə verdiyi xidmətlərə görə təşəkkür edirik. Ən əsası, komandamızın, “Yeni Müsavat” ailəsinin bu cür liderinin olmasından yana özümüzü şanslı və xoşbəxt sayırıq. Yaxşı ki varsınız, Rauf bəy. Doğum gününüz mübarək olsun.