Yeni komitə sədrinə qarşı ittihamlara - “Qaçqınkom”dan cavab

Bir neçə gün əvvəl mətbuatda Tərtər Texniki Peşə Məktəbində məskunlaşmış 3 ailə bağlı ürəkağrıdan REPORTAJ dərc edilib.
Reportajda Səliqə Əhmədova adlı 73 yaşlı ahıl qadın və 2 qızının (övladları ilə birlikdə) ağır şəraitdə yaşaması əks olunub. 
Ailə üzvlərinin sözlərinə görə, fevral ayında burada yaşayan məcburi köçkünlər yeni mənzillə təmin ediliblər. Ancaq 73 yaşlı ananı qızları və nəvələri ilə birlikdə məcburi köçkünlər üçün tikilmiş mənzillərdən məhrum qoyublar.
Ailə iddia edir ki, "Qaçqınkom” məcburi köçkünlər üçün tikilmiş mənzilləri pulla satıb. Hətta kimlərə satıldığını da adbaad açıqladıqlarını bildiriblər.
 
BakuPost-un əməkdaşı məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mövqeyini öyrənib. Qurumdan sorğuya cavab olaraq bildirilib ki, ailəyə 3 otaqlı mənzil verilsə də, onlar imtina ediblər: "Tərtər rayon Texniki Peşə məktəbində 3 ailə - Əhmədova Səliqə Fərəc qızı və onun iki qızı Əhmədova Hicran və Əhmədova Arzu Nurəddin qızları yaşayırlar.
Daha öncə Əhmədova Səliqə Fərəc qızı və onun subay övladı Əhmədova Hicrana ev bölgüsü zamanı 1 otaqlı ev verilsə də, onlar imtina edib, qəbul etməyiblər.
 
Həmin ailənin digər qızı Əhmədova Arzu evləndikdən sonra Rusiyada yaşayıb, daha sonra boşanaraq iki qızı (Məmmədzadə Dilbər və Məmmədzadə Aynur Rizvan qızları) ilə birlikdə anasının yanında yaşamağa başlayıblar.
Növbəti ev bölgüsü zamanı onlara 3 otaqlı ev verilsə də, ana və qızları qəbul etməyiblər. Əhmədova Hicran və Əhmədova Arzu Nurəddin qızları ayrı təsərrüfat olsalar da, onlar analarının üstündə gedir. (Evli oğlan övladı ayrı təsərrüfat olduqda ona ayrıca ev verilir, qızlara isə yox).
Həmin ailəyə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 3 otaqlı mənzil verilib. Mənzilin kuponları və sənədləri hazırdır. Elə bu gün köçüb orada yaşaya bilərlər. Lakin onlar hər biri ayrılıqda ev tələb etdiyi üçün öz mənzillərinə köçmürlər”.
Qurumdan mənzillərin satılması iddiasına konkret cavab verilməyib.






Fikirlər