İlham Əliyev büdcədən səkkiz milyon manat ayırdı
Azərbaycan prezidenti İlham Əliyev Quba rayonunun Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, altı min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,0 (səkkiz) milyon manatı Quba Rayon İcra Hakimiyyətinə ayrılıb.
Maliyyə Nazirliyi və Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.