Eks-məmuru güllələyən “Göl Əli” ləqəbli biznesmen imiş
Tovuzda keçmiş məhkəmə sədri, hüquqşünaslıq fəaliyyəti ilə məşğul olan Firudin Ələkbərovu güllələyən Əli Şəmiyev rayonda “Göl Əli” ləqəbi ilə tanınan iri biznesmen, yerli oliqarxdır. "AzerTaym.az" virtualaz.org-a istinadən xəbər verir ki, cinayətin motivi isə ilkin məlumatlara görə, Firudin Ələkbərovun “Göl Əli”nin Tovuzun magistral su xəttinin mühafizə zonasında tikilmiş otel-istirahət kompleksi barədə dəfələrlə müxtəlif orqanlara şikayətlər yazmasıdır. “Göl Əli”nin Tovuzda bir çox iri obyektləri, o cümlədən Zəyəm çayının üzərində otel-istirahət mərkəzi var. Həmin istirahət mərkəzinin həyətində süni göl də yaradılıb ki, Əli Şəmiyevə ləqəbi də həmin gölə görə veriblər. Qətlə yetirilən Firudin Ələkbərov O, eyni zamanda Tovuz rayonunun keçmiş icra hakimiyyəti başçısı Tofiq Zeynalovla və nəqliyyat nazirinin keçmiş müavini, “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş rəhbəri Arif Əsgərovla qudadır. Belə ki, “Göl Əli”nin qızları Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovla və Arif Əsgərovun oğlu Rahib Əsgərovla evləniblər. Rayonun sabiq başçısı T. Zeynalov da Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşıdır. “Göl Əli”nin qardaşı Eyvaz Şəmiyev isə Rusiyanın Xantı-Mansiysk muxtar vilayətində biznes fəaliyyəti ilə məşğul olur. İri biznesmendir və çoxsaylı kommersiya müəssisələrinin sahibidir, eyni zamanda muxtar vilayətin Radujnı şəhər Dumasının deputatıdır. Qeyd edək ki, bu gün səhər saatlarında Tovuz rayonu Yanıqlı kənd sakini, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu şəxsi münasibətlər zəminində Qədirli kənd sakini, 1963-cü il təvəllüdlü Ələkbərli Firudin Muxtar oğlunu Makarov tipli tapança ilə güllələyib. F. Ələkbərli xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.