Arif Əsgərovun biznes ortağı kimdir?

Arif Əsgərovun biznes ortağı kimdir?Onun oğlu Elnar Əsgərov isə bir sıra tender layihələri həyata keçirir və bu zaman əyrintilərə yol verir
Nəqliyyat nazirinin müavini ilə onun şərikinin bir sıra xarici ölkələrdə nəhəng obyektləri var


Yol verdiyi ciddi nöqsanlar səbəbindən adı mətbuatın gündəmindən düşməyən şəxslərdən biri də "Azərbaycan Dəmir Yolları" QSC-nin sabiq sədri, bu ilin fevral ayında nəqliyyat naziri Ziya Məmmədovun müavini təyin olunan Arif Əsgərovdur.
İlk öncə onu qeyd edək ki, onun QSC sədri vəzifəsində çalışdığı dönəmlərdə "Azərbaycan Dəmir Yolları"nda müxtəlif xoşagəlməz məqamların yaşandığı artıq çoxlarına bəllidir. Hətta o da məlumdur ki, Arif Əsgərovun oğlu Elnar Əsgərov İngiltərənin Yorkşir Universitetində təhsil alarkən tələbə yoldaşı olan ingilislə dava edib və sonda onu bıçaqlayıb.

Təxminən, 2 il əvvəl isə Elnar Əsgərovun adı iri maliyyə kələklərində, daha dəqiq desək, 48 milyon manatlıq yeyintidə hallanırdı. Məlumat üçün bildirək ki, bu işdə adı çəkilən digər şəxs, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının tərəfindən həbs olunan Rahib Hüseynov "Azərbaycan Dəmir Yolları" QSC-nin marketinq şöbəsinin rəisi vəzifəsində çalışıb. Rahib Hüseynovun Arif Əsgərovun bacısı oğlu olduğunu vurğulayan məlumatlı şəxs iddia edir ki, ümumilikdə 50-yə yaxın sahibkarın ziyan çəkdiyi maliyyə fırıldağında nəqliyyat nazirinin müavininin oğlu Elnar Əsgərov da iştirak edib: "Elnar Əsgərov, Rahib Hüseynov və onun qardaşı Emin Hüseynov neçə illərdir bir yerdə çalışdıqları iş adamlarına külli miqdarda kələk gəliblər. Zərərçəkmişlər adıçəkilən şəxslərlə danışıqlar aparıb problemi yoluna qoymağa çalışıblar. Lakin bunun heç bir faydası olmayıb. Məhz bundan sonra sahibkarlar məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıblar. Qeyd edim ki, Elnar Əsgərov "Azərbaycan Dəmir Yolları" QSC-nin təchizatını həyata keçirən iri şirkətin rəhbəridir. Belə ki, o, "Liman Group" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəridir. Bu şirkət Türkiyə və Rusiya bazarlarında uzun müddətdir fəaliyyət göstərən, tikinti, ticarət və digər sektorlarda önəmli paya malik olan müəssisədir. Şirkətin fəaliyyəti tikinti, quraşdırma, montaj işləri, ticarət və digər biznes sahələri ilə məşğul olmaqdır. Elnar Əsgərov bir sıra tender layihələri həyata keçirir və bu zaman bir sıra əyrintilərə yol verir".

Bu arada, Ziya Məmmədovun müavini Arif Əsgərovun Londonda yaşayan oğlu Azər Əsgərovdan tutmuş Bakıda yaşayan yaxınlarınadək hər birinin cangüdənlə gəzdiyini deyən məlumatlı şəxsin sözlərinə görə, hətta onun mülklərində gözətçilik edənlərə də cangüdənlər ayrılıb: "Deyilənlərə görə, Arif Əsgərov nəqliyyat nazirinin müavini təyin olunduqdan sonra ona və yaxınlarına qarşı xoşagəlməyən addımlar atılacağından ehtiyat edir. Yəqin, bunun üçün onun ciddi əsasları var. Arif Əsgərovun tərcümeyi-halına nəzər yetirdikdə aydın olur ki, o, həyatı boyu bizneslə məşğul olmayıb, daim büdcədən əməkhaqqı alıb. Lakin buna baxmayaraq, onun daşınmaz əmlakının sayı-hesabı yoxdur. Belə ki, nazir müavininin Novxanıda hər birinin dəyəri bir neçə milyon dollarla ölçülən 3 bağ evi, "Vorovski"də 4 villası, şəhərin mərkəzində yeni tikilmiş binalarda 6 evi, Londonda, İstanbulda mülkləri, Azərbaycanın müxtəlif rayonlarında imarətləri var. Hələ bu, harasıdır. Deyilənlərə görə, Arif Əsgərov Ziya Məmmədovla birgə Rusiyanın Stavropol vilayətinə 200 milyon manat həcmində yatırım qoyub. Proses bir neçə ildir ki, başlayıb. Onlar Stavropol vilayətində 1000 hektarlarla ərazi alıb, ora taxıl əkdiriblər. Şəriklər əldə olunan məhsulu baha qiymətə Azərbaycana, bir hissəsini isə İrana satdırır və bu sahədə monopoliyaya nəzarəti həyata keçirirlər. Artıq onlar "parnik" biznesinə də keçiblər. Stavropol vilayətində ucsuz-bucaqsız "parnik"lər Ziya Məmmədovla Arif Əsgərova məxsusdur".
Məlumatlı şəxsin iddiasına görə, nazirlə onun müavininin şərikli biznesinə Arif Əsgərovun yaxın adamı, "Tovuzlu Nəsrəddin" kimi tanınan şəxs nəzarət edir: "Deyilənlərə görə, Nəsrəddin uzun müddət Stavropol vilayətində yaşayıb və kənd təsərrüfatı malları ilə ticarət edib. Lakin o, qəfildən zəngin bir iş adamına çevrilib. Bunun da səbəbi Ziya Məmmədovla Arif Əsgərovun şərikli biznesinin onun nəzarətinə verilməsi olub. Bundan başqa, o da deyilir ki, nazirlə onun müavininin qardaş Türkiyədə, İngiltərədə, Çexiyada və bir sıra başqa ölkələrdə ortaq biznesləri, nəhəng obyektləri var".

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

P.S. Bir neçə müddət öncə Arif Əsgərovun qohumları sevinirdilər ki, o nazir olacaq, deyəsən zaman yetişib. (Gündelikbakı.com)






Fikirlər