Bakı Metropoliteni açılmaq üçün hazırlıq görür? - RƏSMİ AÇIQLAMA

Bakı Metropoliteni açılmaq üçün hazırlıq görür? - RƏSMİ AÇIQLAMA

Bakı metrosu sərnişinlərə xidməti dayandırsa da, hazırda yeraltı nəqliyyat növündə işlər davam edir.

Bu barədə "Bakı metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib.

Onun sözlərinə görə, "Bakı metropoliteni" yeraltı nəqliyyat infrastrukturu kimi özünəməxsus xüsusiyyətləri çoxdur.

“Bu səbəbdən də, sadəcə sərnişindaşıma xidmətinin dayandırılması metropolitendə bütün işlərin dayandırılması mənasını vermir.

Əksinə "Bakı metropoliteni"ndə hazırda mövcud infrastrukturun qorunub-saxlanılması, cari qulluq və baxış istiqamətində müntəzəm şəkildə bütün işlər aparılır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi rejimli karantinlə bağlı tapşırıq və tövsiyyələrinə uyğun olaraq sərnişindaşınma dayandırıldığından işlər məhz bu istiqamətdə qurulur”, - deyə B.Məmmədov bildirib.

Qurum rəsmisi deyir ki, hazırda metropolitendə, istər stansiyalarda, istərsə də tunellərdə, istərsə də depo şəraitində işlər görülür:

Avadanlıqların saz saxlanılması, hər bir detalın öz xüsusiyyəti nəzərə alınmaqla onlara baxış və qulluğun təmin edilməsi vacib məsələdir.

Karantin dövrü başa çatandan dərhal sonra Bakı metropoliteni sərnişindaşıma funksiyasını yerinə yetirməyə başlayacaq.

Ən vacib işimiz metropoliteni olduğu kimi qorumaq və zamanı gəldikdə sərnişindaşıma funksiyasını yerinə yetirməyə başlamaqdır.

Sərnişindaşıma fəaliyyətinə başlamaq isə Operativ Qərərgahın səlahiyyətinə daxil olan məsələdir”.

Qeyd edək ki, Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, martın 31-i 22:00-dan Bakı Metropoliteni aprelin 20-dək fəaliyyətini dayandırıb.






Fikirlər