“Haqsız mənəvi, psixoloji işgəncələr almışam” – Hüseyn Abdullayev prezidentə ÜZ TUTDU

“Haqsız mənəvi, psixoloji işgəncələr almışam” – Hüseyn Abdullayev prezidentə üz tutdu

Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin məsələsi Azərbaycan hökuməti ilə prezident və Xarici İşlər Nazirliyi səviyyəsində müzakirə olunub. Hüseyn Abdullayevin dövlət başçısı İlham Əliyevə məktubundan belə məlum olur.

 Bizimyol.info xəbər verir ki, keçmiş deputat iyunun 12-də İlham Əliyevə məktub ünvanlayıb.

Burada yazılanlara görə, Almaniyanın Azərbaycandakı səfirliyi Hüseyn Abdullayevin məsələsini prezident və Xarici işlər Nazirliyi səviyyəsində bir neçə dəfə qaldırıb. Hüseyn Abdullayev bu işdə Almaniya prezidenti Frank-Valter Ştaynmayerə göndərdiyi məktubun birbaşa rolu olduğunu düşünür. Çünki aprelin 6-da Almaniya prezidenti ofisindən onun vəkilinə cavab məktubu gəlmişdi.

Hüseyn Abdullayev dövlət başçısına məktubunda haqsız mühakimə olunduğunu yazıbOnun sözlərinə görə, irəli sürülən ittiham qondarmadır. Hüseyn Abdullayev məktunda iki ilə yaxın Bakı İstintaq Təcridxanasında təkadamlıq kamerada saxlanılmasından, mənəvi, psixoloji işgəncələrdən bəhs edib.

“Mən bu qədər aqressiv, hadisələrə qətiyyən adekvat olmayan təzyiq və işgəncələri haqq etməmişəm. Bununla belə, heç kimə qarşı kin və ədavət saxlamıram. Ola bilər ki, sizə yalan və qərəzli məlumatlar verilib, vəziyyəti bu həddə çatdırıblar. Buna baxmayaraq, bu haqsızlığı edənləri də mərhum atanızla aramızda olmuş yaxın və səmimi münasibətlərə xatir bağışlamağa hazıram… 18 iyunda Ali Məhkəmədə mənim işimə baxılacaq. Azərbaycanın beynəlxalq aləmdəki imicinə ciddi zərbə vurmuş bu insan oğurluğu hadisəsinə mənə bəraət verilməklə aradan qaldırmaq mümkündür. Haqq etdiyim bəraətimi aldıqdan sonra Almaniyaya qayıdıb öz işim və yaradıcığımla məşğul olub, xalqımız üçün yeni-yeni nəğmələr yazmaq istəyirəm”, – məktubda yazılıb.

Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilmişdi. Keçmiş deputat “dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması” əməllərində ittiham edilmişdi. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum olunmuşdu. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayandan sonra Ali Məhkəməyə şikayət verilmişdi.

Hüseyn Abdullayevlə eyni cinayət işi üzrə onun anası da cəza alıb. Z.Abdullayeva haqqında ittiham hökmü çıxarılıb, qadın 4 min manat cərimə olunub.






Fikirlər