“Hüseyn Əli Həsənova nə qədər kömək eləyib” - Həbsdə olan keçmiş deputatın ANASI

Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevlə birlikdə mühakimə olunan anası Zeynəb Abdullayeva oğlunun xidmətlərinin unudulmasından gileylənir. Yüksək postlarda vəzifədə olmuş şəxslərin adlarını çəkir, deyir ki, H.Abdullayevin onlara köməyi dəymişdi, amma qarşılığında yamanlıqla üzləşdi.

H.Abdullayevin 6 il həbs, anasının isə cərimə cəzasına məhkum edilməsi haqda hökmdən verilən şikayətə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. Dekabrın 10-da məhkəmədə H.Abdullayevin vəkili Cavid Rzazadə sabiq deputata qarşı ittihamların əsassız olduğunu söyləyib, ona bəraət verilməsini istəyib.

Z.Abdullayeva da oğlunun günahsız olduğunu vurğulayıb: "Bütün şirkətlər mənim mülkiyyətimdə olub. Birincisi, heç bir qanun pozuntusuna, cinayətə yol verilməyib. Heç bir fakt yoxdur. Yox, əgər pozuntu olubsa belə, bunun Hüseynə dəxli yoxdur. Ana kimi sizdən xahiş edirəm, imkan verin, oğlum Yeni ildə yanımda olsun. Ya onu buraxın, ya da məni də tutun..."

Vergidən yayınma ittihamının cəfəngiyat olduğunu deyən Z.Abdullayeva keçmiş vergilər naziri Fazil Məmmədov, prezidentin sabiq köməkçisi Əli Həsənov haqqında da danışıb: "Allahın işidir, onlar öz cəzalarını aldılar. Əli Həsənova Hüseyn nə qədər kömək eləyib. Onun vəzifəyə getməsində də Hüseynin rolu olub. Amma o neylədi? Öz televiziyalarında – «Xəzər»də Hüseynin əleyhinə reportaj verdirdi. Budur yaxşılığın qarşılığı?"

Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelindən həbsdədir. İttihamda yazılıb ki, onun barəsində müxtəlif adamların şikayətləri əsasında 14 fevral 2018-ci ildə cinayət işi başlanıb. 2006-cı ildən H.Abdullayevin nəzarətində olan «Araz-İnşaat» ASC ilə bağlı araşdırma aparılıb, səhmdarlara yalan məlumat verilməklə 1 milyon 374 min manatlıq gəlirin mənimsənildiyi üzə çıxarılıb.

Təqsirləndirilən şəxslərdən Namiq Babayev sabiq deputatla əlbir olub səhmdarları aldatmaqda ittiham edilir. H.Abdullayevə dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb.

H.Abdullayev ittihamları rədd edir, saxta olduğunu bildirir. Bakı Hərbi Məhkəməsinin hökmüylə ona 6 il həbs cəzası kəsilib. Həmin hökmlə onun 70-yaşlı anası Zeynəb Abdullayeva da cəzalandırılıb. Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Z.Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək, 4 min manat cərimələnib.

Z.Abdullayevanın ölkədən qanunsuz çıxmasına yardım etməkdə ittiham olunan keçmiş sərhədçilər - Həbib İbrahimov, Zaur Quliyev, Pərviz Kazımov və Xalid Əliyevə şərti cəza verilib. Onlar öncə həbs olunub, bir ilə yaxın təcridxanada saxlansalar da, məhkəmə başlayanda ev dustaqlığına buraxılıblar.

Digər təqsirləndirilən şəxslərdən Abdullayevlər ailəsinə məxsus «Araz-İnşaat» ASC-də işləmiş Namiq Babayev 4 il, Nazim Əliyev 3 il azadlıqdan məhrum edilib. Abdullayevlərin qohumu İntiqam Soltanov da şərti cəza ilə məhkəmə zalından azadlığa buraxılıb.

2007-ci il martın 16-da hِökumətin Milli Məclisdə hesabatı zamanı deputat H.Abdullayevlə Ana Vətən Partiyasının sədri F.Ağamalı arasında fiziki qarşıdurma baş vermiş, hər iki deputat əlbəyaxa olmuşdu.

Bundan sonra Abdullayevin mandatı əlindən alınmış, daha sonra isə o, həbs olunmuşdu. Lakin elə həmin il məhkəmənin qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxmışdı. O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmamışdı. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı. (azadliq.org)






Fikirlər