18 il həbs cəzası alan məhbus Prezidentə MÜRACİƏT etdi - MƏTN

18 il müddətinə azadlıqdan məhrum edilmiş məhbus Rafət Abış oğlu Nərimanov Prezident İlham Əliyevə müraciət edib.

Müraciətində Rafət Nərimanov bildirir: “Mən 18 yanvar 1969-cu ildə Neftçala rayonunun Qaçaqkənd kəndində anadan olmuşam. Üç qardaş, on bacım var. Kənddə orta məktəbi bitirib, sonra hərbi xidmətə getmişəm. Keçmiş Sovet ordusu tərkibində Əfqanıstanda qulluq etmişəm. 40-cı ordunun xüsusi şöbəsində 12 dəfə əməliyyatlarda iştirak edib bir dəfə də başımdan yaralanmışam. Dəfələrlə orden və medallarla təltif olunmuşam. Hərbi xidmətdən qayıdandan sonra Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinə daxil olub, 1996-cı ildə həmin fakültəni bitirmişəm. 1996-2008-ci illərdə müxtəlif işlərdə (turizm agentliyində baş menecer və s.) çalışmışam. 2008-ci ilin may ayından Fövqəladə Hallar Nazirliyində Maddi-Texniki Təchizat İdarəsinin maddi təchizat şöbəsində işləmişəm”.

Daha sonra Rafət Nərimanov qeyd edir ki, o, 8 iyun 2018-ci il tarixində məcburiyyət qarşısında və demək olar ki, əsəbilik dərəcəsinin son pilləsində cinayət törədib: “Nizami Qasımov adlı şəxs mənim həyat yoldaşıma qarşı ağır ifadələr işlətdiyinə görə özümə məxsus ov tüfəngi ilə Nizami Qasımovun binanın aşağı mərtəbəsində dayanan avtomobilinin yanına getdim, onu qorxutmaq məqsədilə tavana bir güllə atdım, sonra üç güllə boş maşınına atdım, avtomobilə zərər vurmaq istədim. Nizami Qasımov avtomobilin yaxınlığında olduğundan maşından ayrılan kiçik dəmir qırıntısı onun çiyin nahiyəsinə yüngül xəsarət yetirib. Nizami Qasımov aldığı zədəyə görə xəstəxanada tədavi olunub, evinə buraxılıb.

Mən hadisəni törədən gün könüllü olaraq polisə təslim olmuşam. Ancaq polisə könüllü təslim olmağım barədə sənədi sonradan iş materiallarının içindən götürüblər. Polisdə olarkən Nizami Qasımov Yasamal Rayon Prokurorluğunun müstəntiqi İsmət Nəsimiyevə verdiyi izahatında guya mənə saxlamaq məqsədi ilə 100.000 (yüz min) ABŞ dolları verdiyini, daha sonra pulu geri almaq istədikdə mənim ona atəş açdığımı qeyd edib. Bundan sonra Yasamal rayon prokuroru bir neçə əməkdaşı ilə evimə gələrək “Pullar hardadır? Pulları gətirin!” deyə qışqıraraq, çox kobud rəftar ediblər. Həyat yoldaşım evdə olan 800 (səkkiz yüz) manat pulu və hətta öz şəxsi qızıllarını gətirərək, onlara təqdim edib və evdə bunlardan başqa pul və qiymətli vəsait olmadığını bildirib.

Rayon prokurorunun və işçilərinin hüquqi əsas olmadan, tutduqları vəzifədən sui-istifadə edərək, kobud şəkildə çığır-bağır salmaları nəticəsində kiçik yaşlı uşaqlarımın psixologiyası pozulub. İndi evdə qapı döyüləndə uşaqlar stolun altında gizlənirlər, bacım orda olub, deyir ki, kinolardakı basqınları biz həyatda yaşadıq”.

Müraciətində Rafət Nərimanov zərərçəkmiş Nizami Qasımov haqqında dövlət başçısına belə bir qısa məlumat da verir: “Nizami Qasımov Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri, hazırda məhbus həyatı yaşayan Cahangir Hacıyevin xalası oğludur. O, Cahangir Hacıyevin adından istifadə edərək yaşadığı (mənim də yaşadığım) binanın həyətində, el dili ilə desək, “at oynadırdı”. Bunun nəticəsində o öz qapı qonşusu, ailəvi dost olduğu insanın həyat yoldaşının namusuna sataşdı, nəticədə həmin ailə dağıldı. Bu hadisədən sonra Nizami Qasımov öz çirkin əməllərindən əl çəkməyib. Cahangir Hacıyevin həbsindən sonra Nizami Qasımovun həyat yoldaşı da ondan ayrılaraq, onu evdən qovub. Nizami Qasımov qonşuluqdakı binada kirayə yaşamağa başlayıb. Ancaq bizim binanın həyətinə gedib-gəlməyə davam edib. Həyətdə qadınların və uşaqların çox olduğu vaxt neçə dəfə ona “Özünü yaxşı apar, tərbiyəsiz danışıqlarından əl çək” deyə xəbərdarlıq etdim, o isə buna məhəl qoymadı. Nəhayət, mənim həyat yoldaşımın da ünvanına nalayiq söz işlətməsi məni cinayətə sövq etdi.

Hazırda Nizami Qasımov iddia edir ki, guya mənə saxlamaq məqsədi ilə 100.000 (yüz min) ABŞ dolları veribmiş, aramızdakı münaqişə də guya Nizaminin nalayiq hərəkətlərinə görə deyil, həmin vəsaitə görədir...

Mənim Nizami Qasımovla heç bir qohumluq əlaqəm yoxdur, pulu mənə verdiyi barədə heç bir sənəd və şahid yoxdur. Nizami Qasımovun o qədər vəsaiti vardısa, onu niyə öz doğmalarına deyil, banka deyil, mənə etibar etsin?!

Buna baxmayaraq Yasamal Rayon Prokurorluğunun müstəntiqi İsmət Nəsimiyev Nizami Qasımovun şəxsi əlaqələrinin güclü olmasına görə mənə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1; 228.4; 179.3.2; 29.120.2.5; 29.120.2.6-cı maddələri ilə cinayət işi açdı və yekunda iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi.

Halbuki törədilən cinayət Cinayət Məcəlləsinin 221.3-cü (yəni xuliqanlıq, silah və ya silah qismində əşyalardan istifadə etməklə əmlaka ziyan vurma və ya bədənə yüngül xəsarət yetirmə) maddəsinə aiddir. Bununla belə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasov törətdiyim əməllərə aid olmayan maddələrlə məni təqsirli bilib, 18 il müddətinə azadlıqdan məhrum etdi. Üstəlik, mənə dedi ki, “mən sənə yaxşılıq etdim”. Görəsən Əlövsət Abbasov pislik etsəydi hansı qərarı çıxardardı!..”

Rafət Nərimanovun ölkə Prezidentinə müraciətində yazdığına görə, məhkəmə hökmü nə ekspertizanın nəticələrinə, nə vəkilimin sübutlarına məhəl qoymadan çıxarılıb. Məhbusun bildirdiyinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi də, Bakı Apellyasiya Məhkəməsinin hakimi də belə deyiblər: “Məsələnizi prokurorla həll edin, biz heç nə edə bilmirik”.

18 il müddətinə azadlıqdan məhrum edilmiş Rafət Nərimanov müraciətini bu sözlərlə bitirir: “Cənab Prezident! 2 ildən çoxdur ki, 15 saylı Cəzaçəkmə Müəssisəsində mənə verilmiş ədalətsiz hökm nəticəsində cəza çəkirəm.

Sizdən çox xahiş edirəm, mənə qarşı olan haqsız böhtanlara, qərəzli şərləmələrə son qoyulmasına, ədalətin öz yerini tapmasına yardım edəsiniz. Bu islahatlar dönəmində, məhkəmə-hüquq sistemində, müvafiq Sərəncamlar və çağırışlar fonunda mənə qarşı tətbiq olunan “sabotaj xarakterli” qərarın araşdırılmasına göstəriş verəcəyinizə, ədaləti bərpa edəcəyinizə inanıram, həmişə inandığım kimi. Mən heç vaxt insana güllə atmamışam, heç kimin malına göz dikməmişəm, yalnız bir şəxsin  maşınına zərər vurmuşam. Cənab Prezident, ümidim Sizədir!”






Fikirlər