ELDAR HƏSƏNOVUN Qudasının Oglu HƏBS Olunub! – Həyat yoldaşına xəsarət yetirib! (FOTOLAR)
Prokuror qalmaqallı biznesmenə 5 il həbs cəzası tələb edib! Bakının tanınmış iş adamlarından biri – “Şahin” şirkətlər qrupunun və məşhur “Kənd Süfrəsi” və “Kartinq” restoranlarının sahibi Hüseynli Şahin Rabil oğlu ikinci həyat yoldaşını döyərək, bıçaqla qoluna yüngül xəsarət yetirdiyinə görə həbs olunub, hazırda məhkəməsi gedir.
Keçmiş prokurorluq əməkdaşı olan Şahin Hüseynli “Bakı Şərab-2” ASC-nin sahibi Rabil Hüseynovun oğludur. R.Hüseynovun digər oğlu Azərbaycanın sabiq baş prokuroru Eldar Həsənovun kürəkənidir.
Ş.Hüseynli indiyədək də bir neçə dəfə medianın diqqət mərkəzinə düşüb. O, ilk dəfə 2005-ci ildə prokurorluq orqanlarından istefa verib, 26 saylı Sabunçu birinci seçki dairəsindən deputatlıq uğrunda yarışa qoşulanda və dairə ərazisində külli miqdarda vəsait xərcləyərək, təmtəraqlı seçki kampaniyası aparanda diqqətləri çəkmişdi. Ş.Həsənli hakimiyyətlə müxalifət arasında çox gərgin rəqabətin getdiyi 2005 seçkilərində böyük vəsait, ağıllı kampaniya və Eldar Həsənov faktoruna görə hər iki tərəf üçün problemə çevrilmiş, nəticədə, onun namizədliyi DSK tərəfindən ləğv olunmuşdu.
Şahin Hüseynli bir də 7 il sonra – 2 yanvar 2012-ci ildə içkili vəziyyətdə məşhur “Neolit” restoranında törətdiyi silahlı insidentə görə medianın gündəminə düşdü.Həmin vaxt Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğunun birgə məlumatında deyilirdi ki, Hüseynli Şahin Rabil oğlu sərxoş vəziyyətdə əylənmək üçün “Neolit” restoranına gəlib. Lakin o, özünə məxsus “Yaguar” markalı avtomobili restoranın qarşısında düzgün saxlamayıb. Nəticədə restoranın əməkdaşları ilə aralarında mübahisə yaranıb. Bu zaman, o, avtomobilinin yük yerində gəzdirdiyi özünə məxsus 16 kalibrli, yivsiz qoşalülə ov tüfəngindən restoranın giriş qapısına atəş açıb.
Bu zaman “Neolit”də istirahət edən çoxsaylı insanlar vahiməyə düşərək restoranı tərk edib, foyedə olmuş Nağıyev Fəxrəddin Firdovsi oğlu isə açılmış atəş nəticəsində bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb. Dərhal hadisə yerinə gələn Nizami Rayon Polis İdarəsinin əməkdaşları Şahin Hüseynlini zərərsizləşdirib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah tətbiq etməklə) maddəsi ilə cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib və Ş.Hüseynli saxlanılıb.
Qısa müddətdən sonra azadlığa buraxılan Ş.Hüseynlinin “Neolit”də təsadüfən silahlı insident törətmədiyi, bu restorana görə onun bibisi oğlu Yaşar Məlikovla atası Rabil Hüseynovun arasında çəkişmə olduğu üzə çıxmışdı.
İndi isə Ş.Hüseynli, yuxarıda da qeyd etdiyimiz kimi, öz həyat yoldaşına xəsarət yetirdiyinə görə həbsdə və medianın gündəmindədir. Şahin Hüseynlinin işi hazırda Xəzər Rayon Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır. Dekabrın 25-də keçirilən iclasda xuliqanlıqda təqsirləndirilən iş adamı barəsində dövlət ittihamçısı 5 il azadlıqdan mərhumetmə cəzasının təyin olunmasını istəyib. Yanvarın 22-nə təyin olunan növbəti iclasda Şahin Hüseynliyə hökm oxunacağı gözlənilir.
Maraqlıdır ki, onun şikayəti əsasında həbs olunsa da, hazırda həyat yoldaşı nəinki şikayətçi deyil, hətta Ş.Hüseynlinin azadlığa buraxılması üçün mübarizə də aparır. Prokurorun 5 il tələbindən sonra onun məhkəmədə etiraz əlaməti olaraq özünə xəsarət yetirdiyi də bildirilir.
İş adamının həbsinə səbəbkar olan həyat yoldaşı baş verənlərlə bağlı azinforum.az saytına, adının çəkilməməsi şərtilə, müsahibə də verib. O, bildirib ki, Ş.Hüseynli ilə dini kəbin əsasında uzun müddətdir birlikdə yaşayırlar: “Biz 21.07.2017-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Mayak bağları”ndakı evimizdə olarkən aramızda mübahisə düşdü. Bu hər evdə olan bilən bir hadisədir. Hər ikimiz əsəbi olduğumuzdan mübahisə davaya çevrildi və Şahin mənə yüngül xəsarət yetirdi. Mən həmin vaxt hirsli olduğumdan polisə şikayət etdim .Elə düşündüm ki, bununla Şahini bir qədər sakitləşdirə bilərəm. Lakin sonradan biz barışdıq və mən şikayət ərizəmi geri götürdüm. Ancaq buna baxmayaraq, həyat yoldaşım 6 aydır ki, azadlıqdan mərhum edilib.
Hesab edirəm ki, onun əməli AR CM-nin 128-ci maddəsinə tövsif edilməli və biz barışdığımıza görə işə xitam verilməlidir. Çünki evin içərisində ər-arvadın mübahisəsi nəticəsində yetirilən xəsarət xüliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Hadisə baş verəndə evdə bizdən başqa heç kəs olmayıb, sonra Şahin mənə kömək edib, taksi çağırıb və məni xəstəxanaya aparıb”.
İş adamının həyat yoldaşı daha sonra bildirib ki, o, şikayətindən imtina etsə və onun əməlində xüliqanlıq cinayətinin tərkibi olmadığını vəkillər və iş materialları sübuit etsə də, Ş.Həsənlinin azadlığa buraxılmasına nail ola bilmirlər: “Onun “içəridə” qalması və düzgün olmayan ittihamın verilməsindən belə çıxır ki, günahkar mənəm. Əgər mən şikayət etməsəydim, o indi azadlıqda mənim yanımda olardı. Mən bu haldan çox sarsılmışam və hətta özümə qəsd etmək həddinə çatmışam. Fürsətdən istifadə edib sizin sayt vasitəsilə mən cənab Prezidentə müraciət edirəm ki, Şahin Hüseynlinin azadlığa çıxaraq ailəsinə qovuşması üçün köməkliyini əsirgəməsin”.
Ş.Hüseynlinin həyat yoldaşı 2012-ci ildə “Neolit” restoranında baş verən hadisə haqda da danışıb. “Şahin Hüseynlini tanıyan hər kəs bilir ki, o, haqsızlıqla barışan insan deyil. Elə bu səbəbdəndir ki, 2012-ci ildə başına gələn hadisə səbəbindən AR CM-nin 221.3 (xuliqanlıq) maddəsi ilə ittiham olunub və 3 il şərti cəza alıb. Belə ki, Şahin Hüseynlinin doğma bibisi oğlu, atası Rabil Hüseynovun böyüdüb boya-başa çatdırdığı Yaşar Məlikov (hazırda “Neolit” restoranının sahibidir) dayısı Rabil Hüseynovun etibarından sui-istifadə edərək, onlardan oğurladığı pullar ilə “Neolit” restoranını tikdirərək, saxta sənədlərlə öz adına keçirib. Bu haqsızlığa dözməyən Şahin Hüseynli Yaşar Məlikovanın yanına gedərək onunla danışmaq istədikdə, Yaşar Məlikov əlli nəfər idmançını Şahinin üstünə göndərib, özü isə qaçmışdı. Həmin hadisədə tək olan Şahin Hüseynli özünü müdafiə məqsədi ilə avtomobilinin yük yerindən götürdüyü silahla havaya bir dəfə atəş açıb. Bu hadisədən dərhal sonra Şahin Hüseynli Nizami RPİ–nin əməkdaşlarına təslim olub və məsələyə Nizami Rayon Məhkəməsi tərəfindən hüquqi qiymət verilib”./azpolitika.info/