YANACAĞIN BAHALAŞMASININ GÖZLƏNİLƏN NƏTİCƏLƏRİ... - Ekspertlərin rəyləri fərqlidir
Tarif Şurası yanvarın 5-dən Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətini qaldırıb. Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat (11,1 faiz bahalaşma), dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik (33,3 faiz bahalaşma) müəyyən edilib. Beləliklə, postmüharibə dövrünə və yeni ilə benzinin qiymətlərinin qalxması ilə girdik. Bəzi siyasi, iqtisadçı ekspertlər hesab edir ki, bu addım Qarabağı qurtaran, Şuşanı qaytaran bir dövlətə, neqativ reytinq gətirir. Hökumətyönümlü təhlilçilər isə bu qiymət artımında bəzi pozitivləri artıq sistemləşdiriblər. Onlarla tanış olaq. Yanacağın artımına görə gözlənilən nəticələr: - Aİ-92 markalı avtomobil benzini əsasən şəxsi minik avtomobillərində istifadə olunduğundan istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq. Misal üçün, bir avtomobil çəninin orta benzin tutumu 50 litr götürülərsə, avtomobil sahibi bir çənin tam doldurulması üçün əlavə 5 manat, dizellə işləyən avtomobil sahibi isə əlavə olaraq 10 manat ödəyəcəkdir. - Aİ-92 markalı avtomobil benzini üzrə qiymət tənzimlənməsi ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaq; - Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yonəldiləcəkdir. - Tarif dəyişikliyi nəticəsində yaranan əlavə vəsaitdən büdcədən maliyyələşən sahələrin xərclərinin balanslaşdırılmasına da sərf oluna bilər. - Tarif artımı çox deyil və vətəndaşların ailə büdcəsinə ciddi bir təsir etməyəcək. - Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcəkdir. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaqdır. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarıf dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır. - Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaq. - Qiymət dəyişikliklərinin digər sahələrə təsirinin minimallaşdırılması üçün müvafiq tədbirlər görüləcək. - Alternativ yanacaqdan istifadənin genişləndirilməsi üçün dövlət-özəl tərəfdaşlığı müstəvisində imkanlar yaradılacaq. - Tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımınına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcək. Lakin heç də hamı belə düşünmür. Məsələn, iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, benzinin, əsas da dizel yanacağının qiymətinin birdən-birə 34 faizə yaxın bahalaşması bütün sahələrə az və ya çox dərəcədə təsir edəcək. Çünki daşımaçılıqda, logistikada istifadə olunan əsas yanacaq dizeldir. Maya dəyərinin formalaşmasında daşıma, logistika xərcləri ciddi rol oynayır. Ona görə də yanacağın qiymətinin qalxması bütün məhsulların qiymətinin maya dəyərinin artmasında tətikləyici rol oynayacaq: “Yanacağın bahalaşmasının ən əsas təsir edəcəyi sektor aqrar sektor olacaq. Kənd təsərrüfatı məhsullarının tarladan süfrəyə qədər gəlib çatmasında maya dəyərinin təqribən 30 faizini dizel yanacağı təşkil edir. Bu kifayət qədər böyük rəqəmdir. Bu baxımdan dizel yanacağının 34 faiz bahalaşması o deməkdir ki, kənd təsərrüfatı məhsullarının maya dəyərinin ciddi şəkildə yüksəlməsi qaçılmaz olacaq. Maya dəyərinin yüksəlməsi kifayət qədər ciddi rəqəm olduğu üçün kənd təsərrüfatı məhsullarına daha böyük təsir göstərəcək. Düzdür, hökumət elan etdi ki, fermerlərə müəyyən kompensasiyalar ödəniləcək. Amma mən düşünmürəm ki, bu kompensasiyalar itkiləri tam qarşılasın. Qarşılaması da mümkün deyil. Çünki zəncirin müxtəlif elementləri var. Daşımaçılıq şirkətləri də var ki, onlar fermer deyillər və onlara kompensasiya nəzərdə tutulmayıb. Ona görə də yanacağın qiymətinin artmasının ilk növbədə logistika və kənd təsərrüfatına ciddi təsir göstərəcəyi məlumdur. Məhsulların və xidmətlərin qiymətinin artımını müşahidə edəcəyik. Əsasən də mart ayından bu daha sürətlənə bilər. Amma günü bu gündən artıq market şəbəkələrində logistik xidmətlərin maya dəyərinin artması müxtəlif məhsul növlərinə bir neçə qəpik də olsa təsir edib. Təsir imkanları get-gedə artacaq”. Sərnişindaşımaya təsirinə gəlincə, ekspert qeyd etdi ki, sərnişindaşıma dövlət tərəfindən tənzimlənir və dövlətin bu məsələdə hansı qərar verəcəyi bilinmir: “Amma ümumilikdə, taksi xidmətləri özəl olduğundan yanacağın qiymətinin artması taksi xidmətlərinə mütləq təsir göstərəcək. Həm benzinlə, həm də dizellə işləyən avtomobillərin gediş haqqına təsirləri olacaq”. İqtisadçı ekspert Rövşən Ağayev isə Modern.az-a bildirib ki, yanacağın bahalaşmasından əldə olunan əlavə gəlirlər hesabına ölkəyə elektromobillərin və hibrid maşınların gətirilməsinə subsidiya verilsin: “Dizel yanacağının qiymətini daha çox artırmaq ekologiyaya qayğı ilə əlaqələndirilirsə, hökumət ekologiyaya sədaqətini başqa yolla da sübut edə bilər. Yanacağın qiymətinin artırılmasında əldə olunan əlavə gəlirlər hesabına ölkəyə elektromobillərin və hibrid maşınlaırn gətirilməsinə subsidiya verilsin. Məsələn, dəyəri 20 000 USD-ə qədər olan maşınlara idxal qiymətinin 25%-i, 20000-30000 USD intervalında olanlara isə 20%-i qədər subsidiya ödənsin. Əlavə olaraq, həm hibrid, həm də elektromobillər 0% rüsum və vergisiz idxal edilsin".