Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - FOTOLAR
Ötən ay koronavirus infeksyasından dünyasını dəyişən Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı məktəbin direktoru Hüsnay Mövlayevanın qızı anasının həkim laqeydliyindən öldüyünü iddia edir. Bizimyol.info saytına bildirilib ki, anası Hüsnay Mövlayeva mart ayının 19-da koronavirus infeksiyası ilə bağlı test verib, testin cavabı pozitiv olduğu üçün ona evdə 3 gün sistem vurulub. Hüsnay Mövlayevanın qızı deyir: “Daha sonra hər ehtimala qarşı Gəncə “DNK” klinikasında çalışan Eldar Zeynalov adlı həkimə müraciət etdi. Həkim ona: “Sən ayaqüstəsən, gəzirən, sistemə ehtiyac yoxdur” dedi. Anama 5 həb yazdı. Anam bu dərmanarı 5-6 gün içdikdən sonra təzyiqi qalxdı və qaytarmağa (ishal -red.) başladı. Biz həkimə zəng etdik, mesajlar yazdıq, lakin cavab ala bilmədik. Bu zaman mən Türkiyədəki tanış həkimlə məsləhətləşdim. O bizə sistemlər yazdı və bildirdi ki, bu sistemlər köçürülsün, sağalacaq. Səhər yenə Eldar həkimlə əlaqə saxladıq, dedik, xəstə qusur. Eldar həkim xəstənin sabah gətirilməsini tövsiyyə etdi.Və qeyd etdi ki, onun müalicəsinə başqa müalicə qatmayaq. Səhər xəstəni xəstəxanaya apardıq. Eldar həkim həyacanla qışqırdı ki, təcili araba gətirin, xəstənin saturasiyası 70-ə düşüb”. Qısacası həkimin məsələhəti ilə xəstə Gəncədə modul tipli xəstəxanaya gətirilir. Xəstəxanada H. Mövlayevaya oksigen verilir və stasionarda qalmasının vacib oluğu bildirilir. Hüsnay Mövlayevanın qızının sözlərinə görə, anasının əlavə xəstəliklərinin olmamasına baxmayaraq, bir gündən sonra onun vəziyyəti ağırlaşır və telefonla belə danışa bilmir. “Biz Bakı ilə danışdıq. Gömrük Xəstəxanasından razılıq almışdıq. Ancaq anamın həkimi Elçin Məmmədov bizə icazə arayışı vermədi və bildirdi ki, burada yaxşı olacaq. Başladılar sistem köçürməyə və dedilər ki, vəziyyəti ağır olduğuna görə süni nəfəs aparatına qoşulmalı və reanimasiyada yatırılmalıdır. Razılaşdıq. Reanimasiya şöbəsində məlum oldu ki, xəstənin şəkəri 400-ə qalxdığı üçün vəziyyəti ağırlaşıb. İynə vurulacaq və düzələcək. Ertəsi gün isə 15.30 radələrində anam dünyasını dəyişib. Bacımgilə anamın öldüyünü 17.30 da deyiblər. İki saat bacımgilin telefonuna cavab verməyiblər. Anam tək ölüb otaqda. İnanın çox pərişanıq. Qəbul edə bilmirik anamın ölümünü. Ən azı bizə deyə bilərdilər: "Bacara bilmirik, başqa yerə aparın". Onu da demədilər. Öldürdülər anamı”- deyə Hüsnay Mövlayevanın qızı bildirib. Onun sözlərinə görə, anası ölən günü TƏBİB sədri Ramin Bayramlı xəstəxanaya zəng vuraraq, xəstənin saturasiyasının qaldırılmasını və Bakıya nəql edilməsini tələb edir. Həmin gün Hüsnay Mövlayevanın saturasiyası 80-ə yüksəlir, ancaq yenə Bakıya göndərilməsinə icazə verilmir. Hüsnay Mövlayevanın qızı anasının ölümü ilə barışa bilmir və anasını həkimlərin öldürdüyünü bildirir. O bununla bağlı ölkə Prezidentinə və Birinci vitse-prezidentə şikayət məktubu ünvanlayıb. Hüsnay Mövlayevanın qızı: "Prezidentə və birinci vitse-prezidentə müraciət etmişik"