“MAHMUDOV ÖLKƏNİN TƏHLÜKƏSİZLİYİNƏ AĞIR ZƏRBƏ VURUB”- Keçmiş MTN-çidən ŞOK açıqlamalar
“Hal-hazırda xəbər portallarında ən önəmli yer tutan Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad olunmasıdır. Xəbər yayılan andan müxtəlif media və saytlarda bununla bağlı ən fantastik versiyalar hallandırılır, ən ağlasığmaz fantaziyalar öz əksini tapır. Təbii ki, xəbərin gözlənilməzliyinin də burda öz təsiri var. Amma bu tip məlumatların Eldar Mahmudovun hələ MTN-də qalan komandası tərəfindən dövriyyəyə buraxılması da istisna deyil.” AzPolitika.info-nun məlumatına görə, bunları keçmiş MTN əməkdaşı, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Eldar Mahmudovun vəzifəsindən azad olunmasına münasibət bildirərkən deyib. Ə.Oruclunun fikrincə, Eldar Mahmudovun daha yüksək vəzifəyə təyin olunacağı haqda xəbərlər onun komandası tərəfindən yayıla bilər, lakin belə bir ehtimal yoxdur. “Səbəb də bəllidir – indi hər kəs bu illər ərzində törətdiyi əməllərini xatırlayıb, özünü, müqəddəratını düşünür və ona görə də həmin müddətdə cəmiyyətdə yaradılmış “MTN xofunu” maksimum yaşatmaq kimi bir “saman çöpündən” yapışır. Burda bir haşiyə də çıxım ki, Eldar Mahmudovun vəzifədən çıxarılması bizim üçün sürpriz olmadı, bizim mərkəzdə bu barədə məlumatlar və ehtimallar hələ 2 ay əvvəl vardı və bir xeyli jurnalist, redaktor dostlarımızla da bunu bölüşmüşdük. Amma hətta ən fantastik versiyalar reallaşsa və birdən Eldar Mahmudov Azərbaycan Respublikasının növbəti Baş naziri olsa (bu versiyanı biz tam olaraq istisna edirik), o, istənilən halda əvvəlki səlahiyyətlərə və imkanlara malik olmayacaq.” Ekspert Eldar Mahmudovun MTN-ə rəhbərliyi dövrünü sərt tənqid edib: “Təəssüflə bunu da qeyd etməliyəm ki, nazir olduğu müddətdə E. Mahmudov və onun əsasən polis orqanlarından gətirilmiş komandası ölkənin milli təhlükəsizlik sisteminə çox ağır zərbə vurdu. Dünyanın aparıcı ölkələrində anti-terror, mütəşəkkil cinayətkarlığın müxtəlif formaları ilə mübarizə sahəsində qabaqcıl təcrübələrə yiyələnmiş yüzlərlə peşəkar MTN əməkdaşı təhlükəsizlik orqanlarından kənarlaşdrıldı, onların yerini isə polis orqanlarından gətirilmiş, tapşırıqla, xahişlə və digər vasitələrlə işə qəbul olunmuş yeni əməkdaşlar ordusu tutdu. Belə praktika milli təhlükəsizlik orqanlarının peşəkarlıq və mənəvi səviyyəsinin sürətlə aşağı düşməsinə gətirib çıxardı ki, bu da ölkənin mühüm dayaqlarından olan bir qurum üçün yolverilməz hal idi. Amma bunlar baş verdi və ümid edək ki, indi keçmiş nazirin 11 illik fəaliyyətinin acınacaqlı nəticələrinin aradan qaldırılması üçün zəruri addımlar atılacaq və bu addımların da ən təxirəsalınmazı MTN-nin ona yad olan zümrələrdən təmizlənməsi olacaq.”