“Camaatın vəziyyəti ağırdır, gərək xalqla ayaqlaşasan“ - Əməkdar artist...

“Camaatın vəziyyəti ağırdır, gərək xalqla ayaqlaşasan“ - Əməkdar artist

"AzerTaym.az" əməkdar artist Yusif Mustafayevin yenisabah.az-a müsahibəsini təqdim edir:

- Yusif müəllim, toy şənliklərinə icazə verilməsi ilə bağlı qərarı necə qiymətləndirirsiniz?

- Bu qərara çox sevindim. Hər bir sənətçi kimi mən də bunu çoxdan gözləyirdim. Bütün xalqımız toylara icazə verilməsini gözləyirdi. Bu qərarın qəbul edilməsində rolu olan hər bir kəsə təşəkkür edirik. Allah canlarını sağ eləsin.

- Toylarla bağlı müəyyən qaydalar var: 50-150 nəfər qonaq iştirak edə bilər, COVİD pasportu tələb olunur və s. Sizcə, bu qaydalar münasibdirmi?

- Mən şəxsən bu qaydaların qoyulmasının tərəfdarıyam və bunu alqışlayıram. Bu qaydalar hamısı vətəndaşların sağlamlığının qorunması üçün qoyulub.

- Amma çoxları bu qaydalara qarşı çıxırlar. Onların fikrincə, Azərbaycan kimi ölkədə 150 nəfərlə toy etmək mümkün deyil...

- 150 nəfərlə toy lap əladır. Nəyə lazımdır 700-1000  nəfəri bir araya yığmaq. Mən də vaxtilə oğluma 1000 nəfərlik toy etmişəm, amma nəyə lazımdır? Aləm dəyir bir-birinə, gələn qonaqlara da vaxt ayırıb qulluğunda dura bilmirsən. İndiki halda da bunun yolları var, çox adam çağırmaq istəyirsənsə, 3 gün toy et, kimi istəyirsən çağır. Qanun  qanundur. Qanun hər zaman şah olub, hamımız da ona tabe olmalıyıq. Bu mövczuda dövlətimizi dəstəkləməliyik, onlar da bunu bizi qorumaq üçün edirlər. Mənim də subaylarım var, toy etmək istəyirik, ona görə bu qərarı alqışlayıram.

-Qonaq sayının az olduğunu əsas gətirərək restoranlar qiymətlərin qaldırılacağının anonsunu verdilər. Sizcə, pandemiyada vəziyyəti ağır olan xalqı belə bir “sürpriz”lə sınağa çəkmək doğrudurmu?

- Yox, bu yolverilməzdir. Şadlıq sarayları bu addımı atmamalıdırlar. Xalqın maddi vəziyyətini mütləq nəzərə almaq, hətta qiymətləri bir qədər də endirmək lazımdır. Camaatda imkan yoxdur, gərək xalqla ayaqlaşasan. Düzdür, ola bilər ki, indiki qaydalar şadlıq evlərinə sərf etmir. Əvvəllər 500 adam çağrılırdı və onların müəyyən xərcləri var idi. İndi əvvəlki ilə müqayisədə görün nə qədər ziyana işləyirlər. Buna baxmayaraq, ümid edirəm ki, şadlıq evləri bu addımı atmayacaq.

- Bəzi həmkarlarınız da toy qiymətlərini qaldıracaqlarını deyirlər. Sizdə vəziyyət necə olacaq? Qiymətləri qaldırmağı düşünmürsünüz?

-  Xeyr, əksinə aşağı olacaq. Şəxsən mən öz sənətim üçün belə plan qurmuşam ki, qiymətləri aşağı salam. Artıq dünəndən toy üçün müraciətlər olub və əvvəl getdiyim qiymətdən xeyli aşağı qiymət demişəm. İnsanların vəziyyətini nəzərə almalıyıq.

- Toylarla bağlı qərar çıxdıqdan sonra məclislərin açıq havada keçirilməsinin tərəfdarı olanlar da az deyil. Bunun sizin üçün bir fərqi varmı?

- Vallah, bunun fərqi yoxdur. İstər açıq hava olsun, istərsə də qapalı məkan. İnsanların sayı az olduqdan, ara məsafə qorunduqdan sonra qəti fərqi olmayacaq. Əlbəttə ki, şadlıq sarayında olan toy tamam başqadır. Bu mənim şəxsi fikrimdir. Bu toylar daha səliqəli olur, hər şey qaydasında, rahat olur.






Fikirlər