Tələbələr dilemma qarşısında: Bakıya gəlsinlər, yoxsa rayonda qalsınlar?..
Artıq iki ildir pandemiya səbəbindən bütün dünya onlayn təhsil siteminə keçib. Bu sistemdən razı qalanlar da var, qalmayanlar da. Bir müddət öncə Azərbaycanda yoluxma sayının azalması hər kəsdə bir ümid yaradıb ki, artıq ənənəvi təhsilə qayıdırıq. Lakin hələ də Təhsil Nazirliyi tərəfindən bir qərar verilməyib. Təhsillə bağlı qərarın verilməməsi əsasən bölgələrdə yaşayan tələbələri düşündürür. Bir sözlə, rayonlarda yaşayan, lakin burada oxuyan tələbələr çıxılmaz vəziyyətdə qalıb. Pandemiyadan öncə tələbələr universitetlərin açılmasına müəyyən bir müddət qalanda Bakıya gəlirdilər və bütün problemlərini həll edib təhsilə başlayırdılar. Hazırda tədris ilinin başlamasına cəmi iki həftə vaxt qalıb. Ənənəvi tədrislə bağlı qərarın verilməsi bir az da geciksə, həmin tələbələr nə edəcək? Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov mövzu haqqında Yenisabah.az-a danışıb. O, tələbələrə səbrli olub, nazirliyin qərarını gözləməyi məsləhət görüb: “Çox arzuolunmaz bir situasiya yaşayırıq. Bütün dünyanı ağuşuna alan bir bəlanın içərisindəyik. Lakin nə çətinlik olursa-olsun, təhsil ön planda olmalıdır. Güman edirəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargah təhsillə bağlı qərar verəcək. Təhsil Nazirliyidə hazırda çox çalışır ki, ənənəvi təhsilə geri dönək. Həm təhsil, həm də sağlamlığımız dəyərlidir. Təhsil ciddi düşünülmüş qərarlar nəticəsində planlanmalıdır. Hər kəsi nəzərə alaraq doğru qərarlar veriləcəyinə şübhəm yoxdur”.