“8 gündə ona 44 adda dərman verildi! Bu nə deməkdir?” – Alimin ölümündə GİZLİ MƏQAMLAR...
Bu il martın 3-də vəfat edən AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi mərhum Dilavər Əzimlinin həyat yoldaşı, jurnalist Arzu Qaziyeva Respublika Prokurorluğuna müraciət edib. Arzu Qazıyeva ərinin xəstəxanadakı ölümü ilə bağlı apardığı təhlili baş prokuror Kamran Əliyevə təqdim edərək, ölüm faktı ilə bağlı məsələnin araşdırılmasını və onun ölümündə təqsirli olan şəxslərin müəyyənləşdirilərək, cinayət məsuliyyətinə cəlb olunması barədə tədbirlər görülməsini istəyib. “Mən ədalətin baş tutmasına köklənmişəm və həkimlərdən fərqli olaraq sonadək getməyi qərarlaşdırmışam”, - deyə jurnalist bildirib. Xatırladaq ki, Dilavər Əzimli 2 aydan çox müddətdə Fövqəladə Hallar Nazirliyinin Zığdakı modul tipli xəstəxanasında müalicə olunmuş, vəziyyəti ağırlaşandan sonra onu Ekstrakorporal Membran Oksigenlənmə Cihazına (EMOC) qoşmuşdular. Ancaq tarixçi alim həyatla həmişəlik vidalaşmışdı. Ailəsi onun ölümünü həkimlərin məsuliyyətsizliyinə bağlayaraq, faktla bağlı araşdırma aparıb. Həyat yoldaşı Arzu Qazıyeva bildirib ki, Dilavər Əzimlinin 472 səhifəlik xəstəlik tarixçəsini əldə edib. Arzu Qazıyevanın sözlərinə görə, epikrizdə ərinin xəstəliyinin diaqnozu “İkitərəfli viral sətəlcəm”, ölümünün səbəbi olaraq “Ağciyər funksiyasının korreksiya olunmaması, sepsisemiya, disseminasiya olunmuş intravenoz koaqulopatiya (DIC), hepatorenal-renokardial sindrom, ürək qan dövranı çatmazlığı” göstərilib. O bildirib ki, xəstəxanada müalicənin ilk günlərində qızıl vaxt itirildiyindən xəstənin periferik qan göstəriciləri pisləşərək normadan kəskin artması və normadan azalması baş verib. “Əzimli Dilavər Mirzəkişi oğlunun müalicə prosesinin adekvat olmaması, damardaxili trombozların inkişafının qarşısının vaxtında alınmaması, həmçinin femoral venopunksiya zamanı baş verən yatrogen hal orqanizmdə viremiyanın artmasına, DIC inkişafına, həyati vacib orqanlarda geridönməz proseslərin yaranmasına və nəticədə ölümə gətirib çıxarmışdır”, - jurnalist deyib. “Bu nə deməkdir? Bu anormallıqdır! Bir insana bu qədər dərman vermək olar?” Arzu Qazıyeva “Yeni Müsavat”a deyib ki, mütəxəssislərlə birgə həyat yoldaşının ölümü ilə bağlı apardığı araşdırma onun COVİD-19-la mübarizədə lazımı müalicə almadığını ortaya qoyub: "COVİD-19-un qanda tramboz yaradır və trambozlaşmanın qarşısı vaxtında alınmasa sürətli şəkildə qana yayılır. Qanla da digər orqanlara yayılır və onları sıradan çıxarır. Və həmin zaman xəstəyə istənilən qədər oksigen dəstəyi verilsə belə, xeyri olmur. Dilavər müəllimdə də belə olub. Ona COVİD-19-un özü ilə mübarizədə onun qarşısını almaq, səngitmək istiqamətində zəruri tədbirlər görülməyib, qan durulaşdırıcılar verilməyib. İntoksikasiya əleyhinə qana preparatlar köçürməli idi, onlar olmayıb, vitaminlər olmalı idi, olmayıb! Birbaşa virus əleyhinə həb, dünya üzrə protokolda 5 gün verilməli idi, cəmi 3 gün verilib. Araşdırmada üzə çıxdı ki, 8 gün müddətində, həm palata, həm də reanimasiya dövründə ona 44 adda dərman verilib! Bu nə deməkdir? Bu anormallıqdır! Bir insana bu qədər dərman vermək olar? Bu dərmanların heç biri xəstənin yaxşılaşmasına xidmət etmirsə, əksinə, səhhətini pisləşdirirsə, deməli, o dərman preparatlarının ya özü səhvdir, səhv verilib, ya orada müalicə kompleks, ardıcıl şəkildə aparılmayıb. Qanda trombozların sürətli şəkildə yaranması və yayılması xəstənin digər orqanlarını da sıradan çıxarır. Bu, təkcə ağciyərə aid olan məsələ olmayıb”. Həyat yoldaşı deyir ki, Dilavər Əzimli xəstəxanaya yan xəstəlikləri olmadan gedib: “Xəstəxanada digər orqanları da sıradan çıxdı. Reanimasiyada isə venaya katettenapunksiya edilərkən həkim venaya yerləşdirə bilməyib. Bu, tibdə yatrogen hal sayılır. Yəni həkimin xəstəyə vurduğu ziyan sayılır. Əgər əvvəl söhbət səhlənkarlıqdan gedirdisə, 2-ci hal artıq vurulan ziyandır. Bu, həkimin bacarıqsızlığı və səriştəsizliyi deməkdir. Bunu pokurorluq araşdırmalıdır”. Arzu Qazıyeva ölüm işində qəsd amilinin ola biləcəyi ilə bağlı fikir bildirməyib. Deyib ki, bu ehtimalı da prokurorluq araşdırmalıdır: “Adam xəstəxanaya düşdüyü gündən 3 gün müddətində onun analizləri aparılmayıb. Bunun səbəbini bilmirik, yəni bunu yəqin ki, prokurorluq araşdırar. Biz həkimlərin özünü istintaq edə bilmədik. Amma işlə bağlı əgər istintaq açılsa, yəqin ki, həkimlər orada öz səbəblərini deyəcəklər. Nəyə görə səhlənkarlıq ediblər və nəyə görə protokol qaydalarından qırağa çıxaraq xəstəyə ilkin mərhələdə o müalicəni etməyiblər. Xəstəxanada niyə o qızıl vaxt itirilib, bilinmir! Ağırlaşandan sonra isə reanimasiyaya qoyaraq bu formada başlarından ediblər. Reanimasiyada düzgün müalicə olunmaması, səhlənkarlıq, səhlənkarlıqdan başqa sənədləşmədə saxtalaşdırmalara da rast gəlmişik. Yəni bəzi məlumatların, ümumiyyətlə, gizlədilməsi baş verib”. Arzu Qazıyeva deyir ki, həyat yoldaşı 96 faiz saturasiya ilə xəstəxanaya gedib: “Xəstəxanaya öz ayağı ilə, gülə-gülə getdi. Qızdırması qalxmışdı. ”İstanbul NS" klinikasında KT müayinəsi olundu. Həkim pulmanoloq dərman təyinatı yazdı və eyni zamanda qətiyyətli şəkildə tövsiyə etdi ki, xəstəxanaya qoyulsun. Dedi ki, bu elə bir xəstəlikdir ki, evdə ağırlaşa bilər və biz onun öhdəsindən gələ bilmərik. Axşam dərmanlarını verdim, sistem köçürtdüm. Sadəcə, səhəri günü Dilavər müəllim özü qərara gəldi ki, xəstəxanaya getsin. Yəni pisləşməmiş, vaxtında getsin müalicə alsın. Həkimlərə daha çox etibar etdi. Və biz onu 96 faiz saturasiya ilə, normal nəfəs ala-ala, boğulması yox, təngnəfəsliyi yox, dad bilmə, iy bilmə yerində olaraq, sadəcə, 38,5 hərarətlə xəstəxanaya yerləşdirdik. 5 gün müddətində reanimasiyaya düşdü, 3 gün sonra da təcili EMOC-a qoşuldu və ona sepsis saldılar. Sepsisdən sonra heç bir irəliləyiş baş vermədi. Mənə deyirdilər ki, nə qədər EMOC-dadır, ona təhlükə də yoxdur və 90 gün rejiminə keçirmişdilər. 90 gün rejimi bitəndə bir qərar verəcəkdilər ki, nə edəcəklər. Biz sənədlərə, dərman təyinatına, rentgen göstəricilərinə baxdıq, gördük ki, fevral ayından mənfi dinamika izlənib və dərman təyinatı azaldılıb". Arzu Qazıyeva ehtimal edir ki, Dilavər Əzimli EMOC-da olan dövrdə həkimlər, sadəcə olaraq, onun səhhətində irəliləyiş görməyib və ümidsiz xəstələr siyahısına salıb sonadək mübarizə aparmayıblar: “Böyük ehtimalla dərman təyinatını da ona görə azaldıblar”. Arzu Qazıyeva deyir ki, baş prokurora müraciətinə hələ ki cavab verilməyib: “Sentyabrın 1-də onlara müraciət etmişəm. Hələ ki bir cavab yoxdur. Mənə heç nə deyilməyib. Gözləyirəm ki, prokurorluq mənim müraciətimə münasibət göstərəcək”.