“Hələ də düşməni məhv etmək hissi ilə yaşayıram” -Albert Aqarunova bənzədilən tankçı

“Hələ də düşməni məhv etmək hissi ilə yaşayıram”-Albert Aqarunova bənzədilən tankçı

Bir il əvvəl bu gün əks hücum əməliyyatına başlayıb, düşmənin ordusunu darmadağın etdik. Təbii ki, Ali Baş Komandanımız, cənab prezidentimiz İlham Əliyevin dəstəyi, müzəffər ordumuzun gücü ilə. Müharibədə zərrə qədər də olsa əməyim keçibsə nə xoş mənə. Biz bu döyüşlərdə həqiqətən də birlik nümayiş etdirdik. Bütün dünya, hətta ən öndə gedən ölkələr belə bu gün bizim ordumuzun gücündən, prezidentimizin siyasətindən danışır. Hamıya möcüzə kimi gəlir ki, 30 ildir işğalda olan torpaqlarımız 44 gün ərzində necə azad olundu?! Düzdü, şəhidlərimiz və qazilərimiz oldu, amma torpağımızı işğaldan azad etdik. Biz bu gün də xidmətdəyik, yay-qış demədən hər an vətənin müdafiəsindəyik. Hələ də torpağıma göz dikən düşməni məhv etmək hissi ilə yaşayıram. Bütün şəhidlərimizin ruhu şad, məkanı cənnət olsun. Biz də onları bir dəqiqəlik sükutla yad edəcəyik”
 
Bunu Moderator.az-a açıqlamasında 2-ci Qarabağ müharibəsində tankçı kimi fəaliyyət göstərən Turab Quliyev deyib. O daha sonra əlavə edib.
“2-ci Qarabağ müharibəsində mən müddətdən artıq hərbi qulluqçu olaraq tankçı kimi faəliyyət göstərirdim. Müharibənin ilk günlərində biz Talış kəndi istiqamətində irəliləməyə başladıq, amma 10-a yaxın tankımız minaya düşdü. Düşməndən qisas almaq hissimiz bizim qarşımızı kəsə bilmədi. Öz-özlərinə “keçilməz Ohanyan səddi” adlandırdıqları səddi 20 dəqiqə olmadı ki, yarıb keçdik. Döyüşlərdən birində BMP-nin altında partlayan mina komandirimiz Rəşad Atakişiyevin üzünə sıçradı, tez onu döyüş bölgəsindən çıxardıq. Talış kəndini ələ keçirib, düşmən mövqelərini darmadağın etdik. Lakin Barambat istiqamətində irəliləyəndə mühasirəyə düşdük, 7 gün mühasirədə qaldıq. Ağır döyüşlərdən üzüağ çıxdıq, təbii ki, müharibə itkisiz olmur. “Qrad” mərmisi tankın qabağına düşəndə döyüşçü yoldaşım Qədimov Yaşar məni götürüb kənara çırpdı. Bu hadisə necə olubsa yadımda deyil, daha sonra uşaqlar mənə danışdılar. Bu günki gündə həyatda yaşamağımın səbəbkarı həmin dostumdur. Ağdərə istiqamətində də döyüşlərimiz çox oldu. Hətta bu döyüşlərdən birində düşmənin açdığı atəş nəticəsində tankımız yandı, özümüz yenə də mühasirəyə düşdük. Tankı torpaqla birtəhər söndürüb, özümüzü ələ aldıq. 4 günlük mühasirədən də özümüz çıxdıq, istəmədik ki, başqa yoldaşlarımız köməyə gəlsin. Çünki kim gəlsəydi mühasirəyə düşəcəkdi. Məni bir şəkildə Milli qəhrəman Albert Aqarunova bənzətmişdilər. Bu mənim üçün böyük şərəfdir. Çünki onların 1993-cü ildə etdiyini, 2020-ci ildə biz etdik. Albert Aqarunov da ermənidən texnika gətirmişdi, biz də” deyə döyüşçü bildirib.
 
Turab Quliyev qazi və şəhid ailələrinə dövlət dəstəyindən də danışıb.
 
“Bizim xalqımız çoxdur, Ali Baş Komandanımız isə təkdir. O hamının problemi ilə maraqlana bilməz. Hissə-hissə maraqlanırlar. Şükür bu günümüzə. Qazilərimiz, şəhidlərimiz, yaralılarımız çoxdur. Hələ ki, ilk növbədə şəhid ailələri, qazilərimizdir. İnşallah ki, bizə də növbə çatar. Nəinki dövlət orqanlarından mülki şəxslərdən də çox dəyər, yardım görürük. Övladımın səhhətində problem yaranmışdı, sağ olsun imkanlı bir şəxs onun müayinəsini də, müalicəsini də, dərman xərclərini də öz üzərinə götürdü. Hamıya təşəkkürümü bildirirəm” deyə o bildirib.






Fikirlər