“Vaksindən imtina edən şəxslər koronavirusa yoluxarsa, öz xərcləri hesabına müalicə olunsun”
Son günlər Azərbaycanda koronavirusa (COVİD-19) yoluxanların sayında kəskin artım qeydə alınır. Yoluxmalar xüsusilə orta məktəb müəllimləri və şagirdləri arasında çoxluq təşkil edir. Nəticədə ölkədə bir neçə məktəb tamamilə bağlanıb, bir çoxunda isə siniflər distant təhsilə keçib. Həmçinin universietlərdə də yoluxma hallarına görə qruplar onlayn dərslərə keçməli olub. Bəs görəsən, belə bir situasiyada Operativ Qərargah hansı qərarlar qəbul edə bilər? "AzerTaym.az" bildirir ki, mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin deputatı Qüdrət Həsənquliyev cavablandırıb. O bildirib ki, yoluxmanın sayının artdığı təqdirdə müəyyən məhdudiyyətlərə getmək lazımdır: “Burada insan həyatından söhbət gedir. Bundan başqa vaksinasiya prosesini sürətləndirmək lazımdır. Təklif edirəm ki, vaksindən imtina edən şəxslər koronavirusa yoluxarsa, onlar öz xərcləri hesabına müalicə olunsun. Dövlət onların müalicəsini öz üzərinə götürməməlidir. Bu da təqribən 3 min manata yaxın vəsait deməkdir. Yaxın günlərdə parlamentin iclaslarında bununla bağlı məsələ qaldıracam. Bununla bağlı qanunvericilik səviyəsində, yaxud Nazirlər Kabineti tərəfindən belə bir qərar verilə bilər. Vaksinasiya prosesini sürətləndirmək üçün bu vacibdir”. Deputat bildirib ki, yoluxma sayı daha da artarsa, müəyyən məhdudiyətlərin tətbiq edilə bilər: “Biz gözləyə bilmərik ki, günlük yoluxma statistikası 4-5 mini ötsün. Lazım gələrsə, məktəblər və universitetlər də bağlana bilər. Qonşu ölkə Rusiyada 8 günlük tətil elan edilib. Çində hansısa ərazidə 20-25 yoluxma olduğu halda həmin ərazinin tam qapanması ilə bağlı qərar veriilir. Bizdə isə günlük yolxuma sayı 2 mini keçir. Hesab edirəm ki, hökumət bu məsələdə həssas davranmalıdır. Məhdudiyyətlərin tətbiq olunması barədə düşünmək lazımdır”.