Gözəgörünməz qatillə savaş mövsümü başlayır... - XƏBƏRDARLIQ...

Gözəgörünməz qatillə savaş mövsümü başlayır... - XƏBƏRDARLIQ

"AzerTaym.az" moderator.az-a istinadən qış mövsümünün yaxınlaşmasını nəzərə alaraq dəm qazı ilə bağlı aktual yazını oxuculara təqdim edir:
 
Dəm qazını gizli qatil adlandırırlar: o, gözəgörünməzdir, dadsız və qoxusuzdur. Hər il yüzdən çox insan dəm qazından həyatını itirir və 2000-ə yaxın insan zəhərlənir.
 
Dəm qazı necə yaranır və nəyə görə təhlükəlidir?
 
Dəm qazı nasaz və ya düzgün istifadə edilməyən qızdırıcı cihazlar və bacalardan yaranır. Bu, çox zəhərli qazdır, rəngsiz və iysizdir, havadan yüngüldür, bu o deməkdir ki, dəm qazı hava ilə asanlıqla qarışıb, onunla birlikdə yayılır. Dəm qazı bir çox yanacaq növləri, o cümlədən oduncağın, neftin, qazın, bezinin, kerosinin, propanın, kömürün və s. oksigenin çatışmazlığı səbəbindən natamam yanması nəticəsində əmələ gəlir. Bu, yanma qurğusuna kənardan təmiz havanın daxil olmaması, qaz qızdırıcısının köhnəlməsi və ya qaz qızdırıcısının pis tənzimlənməsi, habelə sobanın və ya mətbəx sobasının vaxtından əvvəl qapadılması ilə bağlı ola bilər.
 
Zəhərlənmə necə baş verir?
 
Dəm qazı insan orqanizminə tənəffüs sistemi vasitəsilə daxil olur, sonra qan axınına keçir. Tənəffüs sistemində karbon-oksid, yəni dəm qazı hemoqlobinlə oksigendən daha tez birləşərək, oksigenin orqanizmə daxil olmasını bloklayır. Bu, insanın sağlamlığı və həyatı üçün ciddi təhlükə yaradır, çünki oksigenin qanda düzgün paylanmasına mane olur və beyinə, digər daxili orqanlara ziyan vurur.
 
Kəskin zəhərlənmə mərkəzi sinir sisteminin geriyədönməz zədələnməsinə, koronar çatışmazlığa, ürək tutmasına və hətta ölümə gətirib çıxara bilər.
 
Dəm qazından zəhərlənmənin əlamətləri
 
Təngnəfəslik, baş ağrısı, baş gicəllənməsi, ürəkbulanması, zəiflik, ürək döyünməsinin və tənəffüsün tezləşməsi,  yuxululuq, tənəffüsün çətinləşməsi-bunlar həyəcanlı simptomlardır dəm qazı ilə zəhərlənmənin əlamətləri ola bilər.
 
Zəhərlənmiş insan özünü zəif və yorğun hiss edir. Oriyentasiyanın pozulması və yaranmış təhlükəni qiymətləndirmək bacarığının olmaması ona gətirib çıxarır ki, insanlar passiv olur, zəhərin tollandığı yerləri tərk etmir və huşunu itirir. Kimsə köməyə gəlməsə, insan ölə bilər.
 
Dəm qazı ilə zəhərlənmiş insana necə yardım etmək olar?
 
Zərərçəkəni imkan daxilində dərhal təhlükəsiz yerə aparın, bunu açıq havada etmək daha yaxşı olardı, çünki oksigen axınını təmin edərdi.
 
Zərəçəkənin soyundurmaq lazım deyil, yalnız yaxasını açmaq və geyimini yüngülləşdirmək kifayətdir.
 
Qəza xidmətini (təcili tibbi yardım, FHN) çağırın.
 
Əgər zərərçəkəni təmiz havaya çıxardıqdan sonra o, nəfəs almırsa, dərhal süni tənəffüsə və ürəyin masaj edilməsinə başlamaq lazımdır.
 
Dəm qazından zəhərlənmədən necə qorunmalı?
 
Bir neçə qaydanı yadda saxlamaq lazımdır:
 
İldə bir dəfədən az olmayaraq çoxmənzilli və təkailəli binalarda qaz, ventilyasiya və baca borularının vəziyyətini yoxlamaq.
 
Əgər kömürdən və odundan istifadə ediriksə, bu cür yoxlamaları 3 ayda bir dəfədən az olmayaraq aparmaq lazımdır. Əgər təbii qazdan və ya mazutdan istifadə ediriksə, 6 ayda bir dəfədən az olmayaraq yoxlama aparılmalıdır.
 
Sobaya (qaz sobası, qaz plitəsi, kömür plitəsi) daimi olaraq təmiz havanın daxil olması və işlənmiş qazın sərbəst çıxması təmin edilməlidir. Ventilyasiya barmaqlıqları və havanın daxil olması üçün deşiklər qapadılmamalıdır.
 
Qaz plitəsi tüstü qaz boruları ilə sıx birləşməli, tüstü qaz boruları isə hermetik və maneəsiz olmalıdır.
 
Əgər pəncərələri yenisi ilə əvəz edirsinizsə, ventilyasıyanın düzgünlüyünü yoxlamaq lazımdır, çünki yeni pəncərələt binada əvvəllər istifadə olunanlardan adətən daha çox hermetikdir və ventilyasıyanı pisləşdirə bilər.
 
Hava soranın gücünü müntəzəm olaraq yoxlamaq lazımdır, məsələn, deşiyə və ya ventilyasiya barmaqlığına kağız parçası yerləşdirmək olar. Əgər ventilyasiya pozulmayıbsa, kağız parçası həmin deşiyə və ya barmaqlığa sıxılacaqdır. Dəm qazı üçün, xüsusilə evin yataq hissəsində sensorlar quraşdırmaq lazımdır.






Fikirlər