Naziri bu açıqlamasına görə “Nostradamus” adlandırdılar
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin orta ömürlə bağlı açıqlaması sosial şəbəkələrdə yumorla qarşılanıb. “Yeni Sabah” xəbər verir ki, nazirin 14 ilə Azərbaycanda orta ömürün 78 yaşa çatacağı haqda fikirəri kəskin tənqid olunub. Nazir mövzu haqda danışarkən bu qənaətə hesablamalar əsasında gəldiyini bildirsə də, həmin hesablamaların nədən ibarət olduğuna toxunmayıb. Belə olduqda isə sosial şəbəkələrdə S. Babayevi “Nostradamus”, “Vanqa” ilə müqayisə edib, onun öncəgörmələrə “əsaslanaraq” açıqlama verdiyi qeyd edilib. Xatırladaq ki, S. Babayev həmin açıqlamasında deyib: “Pandemiya dövründə bizim gənclərimizin, yaşlılarımızın ölməsi bizdə orta ömür uzunluğunu kəskin aşağı saldı. Ancaq 1 ilə biz pandemiyadan əvvəlki orta ömrə qayıdacağıq. Bizim hesablarımız göstərir ki, 2035-ci ildə Azərbaycanda orta ömür uzunluğu 78 yaşa çatacaq”. Onu da qeyd edək ki, yaxın keçmişdə Azərbaycanda orta ömür heç vaxt nazirin dediyi həddə olmayıb. Pandemiyadan əvvəlki vaxtın məlumatlarına görə Azərbaycanda orta ömür uzunluğu 75 yaş olub. Qadınlarda 78, kişilərdə 73 yaş.