Xətai Sənət Mərkəzində “Mədəniyyətimizin incisi Şuşa” adlı rəsm sərgisi keçirildi...
Xətai Sənət Mərkəzində Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Mədəniyyətimizin incisi Şuşa” adlı rəsm sərgisi keçirilib.
Sərginin keçirilməsində məqsəd, Azərbaycan Ordusunun Vətən müharibəsindəki zəfər yürüşünü, şanlı qələbəsini, işğaldan azad olunmuş şəhərlərini, kəndlərini uşaqlara və gənc nəsilə tanıtmaq, həmçinin onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, istedadlarını üzə çıxarmaqdan ibarətdir.
Mərkəzin “Gənc tərtibatçı rəssamlar” dərnəyinin üzvlərinin 2022-ci ilin “Şuşa ili” elan olunması ilə əlaqədar, “Mədəniyyətimizin incisi Şuşa” devizi altında çəkdikləri 60-a yaxın rəsm işi sərgidə nümayiş etdirilib.
Öncə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə və Mərkəzin direktoru Əminə xanım Musayeva Vətən müharibəsi dövründə təşkil olunmuş sərgi və müsabiqələrdə fəal iştirak edərək müxtəlif nailiyyətlər əldə edən dərnək üzvlərinin çəkdikləri rəsmlərlə yaxından sonra tanış oldular və ölkəmizin qazandığı qələbəni rəsmə çevirən uşaq və yeniyetmələrə uğurlar arzuladılar.
Daha sonra Vüqar Rəhimzadə Əminə xanım Musayevaya “Mədəniyyətimizin incisi Şuşa” rəsm sərgisinin təşklində fəal iştirakına görə rayon təşkilatının Fəxri fərmanını təqdim edib.
Sərgidə "Vokal" qrupu "Mən fəxr edirəm ki, azərbaycanlıyam” mahnısı ilə "Təbəssüm" rəqs qrupu isə “Qarabağım” və “Sarı gəlin” rəqsləriylə çıxış edərək qonaqların böyük marağına səbəb oldu.
Sonda “Gənc tərtibatçı rəssamlar” dərnəyinin üzvləri Vətən müharibəsi dövründə təşkil olunmuş sərgi və müsabiqələrdə fəal iştirak etdiklərinə görə Təşəkkürnamə ilə mükafatlandırıldılar.