“Azərişığ”ın Kommunikasiya Strategiyası hazırlandı - FOTO
“Azərişıq” ASC pandemiya dövründə hərəkət məhdudiyyəti zamanı sahibkarların online qaydada Elektron Müraciətlərin İdarə Olunması Sistemi vasitəsi ilə müraciət etmək imkanlarının olması üçün onların enerji təchizatı şəbəkəsinə qoşulmasını asanlaşdırıb. "Azərişıq" ASC-nin mətbuat xidmətindən "AzerTaym.az"-a verilən məlumata görə, vətəndaşlar E-GOV (elektron hökümət portalı), e-service.azerishiq.az saytından onlayn qaydada müraciət etməklə obyektini elektrik enerjisi ilə təmin edə bilər. Eyni zamanda Azərişıq ASC Elektron Hökumət Portalına “Əhali istehlakçılarının ad dəyişdirilməsi”, “Borcun olmaması haqqında arayışın verilməsi” və sairə kimi xidmətləri inteqrasiya etmiş və yaxın zamanlarda bir çox xidmətlərin də inteqrasiyası nəzərdə tutulub. Azərişıq ASC-nin də təmsil olunduğu Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Elektrik Təchizatı Şəbəkəsinə Qoşulma” üzrə İşçi qrupunun əsas məqsədi ölkədə effektiv biznes mühitini formalaşdırmaq, beynəlxalq reytinqlərdə və enerji əlçatanlığında onun mövqeyini yüksəltməkdir. Bu məqsədlə İşçi qrupu tərəfindən 2022-2025-ci illəri əhatə edən Kommunikasiya Strategiyasının hazırlanması qərara alınıb. Həmin qərarın icrası ilə əlaqədar olaraq Azərişıq ASC beynəlxalq reytinqə sahib olan Deloitte şirkəti ilə əməkdaşlıq edərək elektrik təchizatı şəbəkələri üzrə sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılmasına xidmət edən Kommunikasiya Strategiyası tərtib edib. Azərişıq ASC-nin Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyası maraqlı tərəflərlə əlaqələrin qurulması, internet resurslarının və sosial media hesablarının idarə edilməsi, müsbət imicin formalaşdırılması, Cəmiyyət tərəfindən həyata keçirilən yeniliklər ilə bağlı vətəndaşların maarifləndirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, təbliğat işinin effektiv şəkildə aparılması və kommunikasiya fəaliyyətinin strateji planlaşdırılmasını nəzərdə tutur. Eyni zamanda 199 Çağrı Mərkəzində vətəndaş problemlərinin şəffaf şəkildə həll olunması ardıcıllığının təmin olunması məqsədi ilə ticketing sistemi yaradılıb. Buda vətəndaş müraciətlərinin aidiyyəti üzrə şöbələrə yönləndirilərək səmərəli şəkildə cavablandırılmasına köməklik göstərir.