100-dən çox yaşayış məntəqəsinin elektrik şəbəkəsi yenidən qurulacaq - VİDEO
“Azərişıq” ASC yeni ildən etibarən regionlarda yeni layihəyə start verib. Qurumun mətbuat xidmətindən "AzerTaym.az"-a verilən məlumatda bildirilir ki, bu il ərzində ümumilikdə, müxtəlif regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq. Bu layihə çərçivəsində Sabirabadın 3 kəndinin elektrik şəbəkəsi yenidən qurulur. Rayonunun Əliləmbəyli, Ağasən və Çöl Ağammədli kəndlərinin elektrik şəbəkələrində yenidənqurma işlərinə başlanılıb. Bu kəndlərdə 1970-ci illərdən istismarda olan köhnəlmiş transformator məntəqələri, elektrik naqilləri, ağac dayaqlar və sayğaclar yeniləri ilə əvəz olunur. İşlərə başlanıldıqdan qısa müddət sonra Əliləmbəyli kəndində 210 evi qidalandıran, müxtəlif gücdə 5 ədəd kompleks transformator məntəqəsi quraşdırılıb. 22 km-ə yaxın 0,4 kV-luq elektrik xətti yenilənib. Ağasən və Çöl Ağammədli kəndlərində isə 7 ədəd müasir tipli kompleks transformator məntəqəsinin quraşdırılması planlaşdırılıb. Onlardan 3-ü artıq hazır vəziyyətə gətirilib. Görülən işlər çərçivəsində hər 3 kəndin ərazisində 1600 ədəd dayaq basdırılıb, 39 km-ə yaxın 0,4 kV-luq elektrik xətti çəkilib. Həmçinin, abonentlərin sayğacları yenilənir. Layihənin icrası tam başa çatdıqdan sonra Əliləmbəyli, Ağasən və Çöl Ağammədli kəndlərində 369 abonentin elektrik enerjisi təchizatı yaxşılaşdıracaq.