Qaziyə yaxşılıq elə, minnət qoyma!.. - HƏQİQƏTƏN DƏ...

Teleaparıcı Azər İsmayılovun (Azər Zahid) Qarabağ qazisini təhqir eləməsi ciddi rezonans yaratdı. Az sonra o, özünə haqq qazandırmağa çalışaraq dedi ki, sözləri kontekstdən çıxarılıb. Ancaq çıxarılsa da, çıxarılmasa da, bütün hallarda gözü görməyən qaziyə ünvanlı bu ifadə (“sən onsuz da pulu saya bilməyəcəksən”) təhqiramiz deyilmi?

Heç qazi olmasın, istənilən insanın fiziki qüsurunu ona xatırlatmaq, üstəlik, ən azı, qeyri-etikdir. İkinci yandan, Azər Zahid deyir ki, üç qaziyə cibindən 1600 manat pul verib. Lap yaxşı. Daha bunu niyə reklam edirsən? Axı “sağ əlinin verdiyini sol əl bilməməlidir”. “Balığı at dəryaya, balıq bilməsə də, Xaliq bilir”. Harada qaldı bəs mənəvi-əxlaqi dəyərlərmiz?

Jurnalistin ünvanına qeyri-etik ifadə işlətdiyi qazi Amil Əliyev isə bildirib: “Qoy üzr istəsin və həmin videonu paylaşsın, camaat da görsün ki, səhvini düzəltdi”.

Düzdür, aparıcı üzrxahlıq etdi. Amma üzrü qəbahətindən betər oldu. Bu dəfə də sosial şəbəkədə insanlar onun üzr istməsəini müzakirəyə çıxardılar. “Üzrü elə istədi ki, min minnətlə” deyə aparıcını sərt tənqid etdilər.

Ümumiyyətlə, xeyirxahlığın reklam edilməsinə dinimiz, adətimiz necə baxır? Belə fikir də var ki, müəyyən mənada başqalarını da xeyirxah əməllərə təşviq etmək üçün reklam da lazımdır. Ancaq “dozasında”, ağını çıxarmadan, bunu özünü reklama çevirmədən, yaxşılıq edilən insanın heysiyatına toxunmadan... ilahiyyat üzrə ekspert Rəsul Mirhəşimli mövzunu “Yeni Müsavat”a belə şərh etdi: “Allah insanı yaratdıqlarının içərisində ən şərəflisi olaraq xəlq edib və yeri üzünə xəlifə təyin edib. İnsanın fiziki qüsurlu olması Allah qatında şərəfli olmaq keyfiyyətini qətiyyən azaltmır. Əgər bir insan bədən əzalarının bir qismini Vətən uğrunda savaşda itiribsə, bu onun mənəvi dəyərini daha da artırır. Çünki Allah yolunda Vətən uğrunda savaşmaq İslamda dinin vacib əməllərindədir. Bu səbəbdən də fiziki qüsuru olan insanlara həssas davranmaq hər şeydən öncə etik mənəviyyat nümayişidir.

Vurğulamaq lazımdır ki, toplumlar və mədəniyyətlər baxımından fərdin əxlaq, ictimai həssaslıq və məsuliyyətinin ölçüsü yetimlərə, qocalara, əlillərə, ətraf mühitə münasibətdir. Bu mənada həyatın bütün sahələrində təqvanı yeganə dəyər kimi təyin edən ali dinimiz İslam da əlillərə münasibətdə ədaləti və həssaslığı əmr edir. Peyğəmbərimiz (s) əlillərə dəstək olanları tərif edib, əlilləri imkan və qabiliyyətlərinə uyğun vəzifələrdə işlədib, onlara dəyər verib, fiziki qüsurlu olduqları üçün səbirlə həyata bağlanmağa çalışanları Allah qatında mükafatlarla və Cənnətlə müjdələyib. İnsanlar fiziki qüsuru olanlara yardım edəndə bu işi xüsusi həssaslıqla yerinə yetirməlidir".

İlahiyyatçı onu da əlavə edib ki, dinimizə görə, bir insan etdiyi yaxşılığı unutmayınca Allah onu savaba yazmaz: “Bu hikmətə söykənsək, edilən yaxşılıqlar sosial şəbəkələrdə reklam obyektinə çevrilirsə, bu, yardımlaşmadan daha çox özünü göstərmə, təkəbbür sərgiləmək anlamına gəlir. Allah da təkəbbürlü olanı sevməz. Əgər insan yaxşılıq edib, bu yaxşılıq və yardımlaşmanın cəmiyyətin daha böyük kəsimini əhatə etmək istəyirsə, xeyirxahlıq üçün çağırışlar edə bilər. Yardıma möhtac insanları çəkib sosial şəbəkələrdə paylaşmaq ilk növbədə həmin insanların qürurunu əzir. Yardımlaşma isə kiminsə qüruruna toxunmadan onun ehtiyacını gözəl şəkildə ödəməkdir. İslam alimləri buyurur ki, Allah-Təalının sizinlə necə rəftar etməyini istəyirsinizsə, Onun bəndələrinə də elə rəftar edin”. Dia.az-ın məlumatına görə, Ağ Partiya başqanının ideoloji məsələlər üzrə müşaviri, siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Ümumiyyətlə, postmodern cəmiyyət davranışlarımıza ciddi bir şəkildə təsir edir. Bu mövzuların hər ikisi həssasdır. Qazilər və yaxşılıq etmək. Qazilər bizim baş tacımız, fəxrimizdir. Onlara qarşı maksimum həssas və duyarlı, incə davranışlı olmalıyıq. Çünki bu insanlar bizim üçün fədakarlıq edibdir. İkinci məsələyə gəldikdə isə bunu şəxslər üzərindən deyil, qaydalar üzərindən dəyərləndirmək lazımdır. Dinimizə görə, minnətli sədəqədən minnətsiz təbəssüm gözəldir. Sədəqəni gizli vermək daha gözəldir. Amma insanları təşviq etmək üçün açıq da vermək olar. Fəqət, bu zaman qəlblər incidilməməlidir. Buna hamımız əməl etməliyik. Fərq etməz hansı statusdayıq. Bir də son olaraq biz də yanlış edənlərə nəsihəti onları islah etmək üçün etməliyik. Nəsihət də trend halını almamalıdır”. Dia.az-ın məlumatına görə, BDU-nun professoru, teletənqidçi Qulu Məhərrəmli də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirdi: “Son dövrlər aparıcılarımızla bağlı bu qədər şikayət, narazılıq var. Etik qaydaların pozulması ilə bağlı tamaşaçılar çox narazılıq edirlər. Televiziya müəyyən mənada dəbdir. İnsanlar öz davranışlarında bunu bəzən təkrarlayırlar. Amma etik qaydaları pozmaq, qarşındakı insana hörmətsiz, sayğısız yanaşmaq kimi halların çoxalması adamı məyus edir.

İndi guya bunlar efirdə sərbəst davranmaq istəyirlər, amma bunların nə səmimiyyətə, nə də sərbəstliyə heç bir aidiyyəti yoxdur. Bəzən elə davranışlar olur ki, bunun adı tərbiyəsizlikdir. Kameranı, ətrafı sanki hiss etmirlər. Etik qaydalarını, nəzakət qaydalarını gözləmirlər. Konkret olaraq Azər İsmayılovun davranışı ilə bağlı məsələyə gəlincə, o, düzdür, üzr istəməyə çalışdı, görmə qüsuru olan insanı dəvət eləmişdi, səmimi danışmağa çalışırdı. Amma yenə üzr istəməsi günahın özündən də pis göründü.

Məncə, televiziya rəhbərləri, rejissorlar, prodüserlər bütün bunlara diqqət etməlidirlər. Əvəzolunmaz aparıcı yoxdur. Bəzən reklama görə, guya o aparıcının populyarlığına görə güzəştə gedirlər. Amma bu güzəştlərin sayca çoxalması efirin, verilişin keyfiyyətinə çox ciddi təsir edir. Hesab edirəm ki, bunların hamısı nəticə etibarilə peşəkarlıq, məsuliyyət məsələlərinə, etik qaydalara dayanır. Etik kodeks var, onu aparıcılar birinci növbədə gözləməlidirlər. Başa düşülməlidir ki, tamaşaçı qarşısında, televiziya qarşısında məsuliyyət daşıyır".

“Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat katibi Rey Kərimoğlu da mediaya açıqlamasında hadisə ilə bağlı narazılığını bildirib: “Belə hallara qarşı ”Qarabağ Qaziləri" İctimai Birliyi hər zaman öz etirazını bildirib, yenə də etirazımızı bildiririk. Ümumiyyətlə, müəyyən insanlar var ki, şəhid ailələri və qazilərlə davranışda çox kobud hallara yol verirlər. Bu cür davranış həm o insanların özünü, həm ailə üzvlərini, həm də bizi narahat edir. Bu hal yolverilməzdir. Biz bunun qarşısını almaq üçün dəfələrlə çıxışlar, müraciətlər etmişik. Bunun yeganə yolu qanunvericilikdə bu kimi hallara qarşı cəzanın tətbiqidir. Türkiyədə şəhidə, qaziyə dil uzatmaq, onları aşağılamaq, təzyiq göstərmək dövlətə qarşı qiymətləndirilir və qanunda belə qəbul edilir. Yəni bir adam hər hansı şəhidə, qaziyə qarşı xoş olmayan nə hərəkət etsə, dövlətə qarşı qiymətləndirilir, o cür də cəzalandırılır. Biz arzu edirik ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dövlətimiz, himnimiz, gerbimiz, o cümlədən, şəhidlərimiz və qazilərimiz, onların ailələrinin maraqları, manafeyi, ləyaqəti qanunla qorunsun. Yoxsa hər yerdən ötən şəhidimizə, qazimizə dil atır, bu, yolverilməzdir.

Biz həmişə qazilərimizin yanındayıq. Vətən uğrunda döyüşən, sağlamlığını itirən heç bir oğlan gedib kiminsə qapısını döyüb “mənə pul ver” deməz. Amma bunlar özləri təşəbbüs edib qazilərə dəstək göstərirlər. Təəssüflər olsun ki, o zaman belə hallar baş verir. Azərbaycan dövləti bu gün qazi və şəhid ailələri üçün kifayət qədər dəstək olur, onların problemlərinin həlli üçün mümkün olan hər şeyi edir. Bütün bunlara baxmayaraq, diqqətdən kənar qalan, haqsızlıqla üzləşən qazilərimiz də olur. Bu, bizi də narahat edir. Arzu edirik ki, dövlətin müvafiq strukturları bu məsələlərdə diqqətli olsunlar ki, qazilər kiminsə əlinə baxmasın".






Fikirlər