Deputat keçmiş nazirin universitetini tənqid etdi: “Feodallıqdan kənara çıxmayıb”
“Dünyanın heç bir yerində təhsil adı ilə imitasiyalara yol verilmir. Təəssüflər olsun ki, bu, bizdə adi hal alıb”. “Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili, təhsil eksperti Etibar Əliyev deyib. O, bildirib ki, Qərbi Kaspi Universitetinin adı yaxşı Ali təhsil verən Universitet kimi hallanır. Lakin deputat əldə etdiyi məlumatların bunun əksini göstərdiyini qeyd edir: “Universitetin elektron resurslarından bəzi məlumatlar diqqətimi çəkdi. Sən demə, bu Ali məktəbdə 8 Məktəb fəaliyyət göstərir. Bu məktəblərin Akademik Heyətinə baxanda məni təəccüb bürüdü. Bu cür akademik heyətlə necə keyfiyyətli təhsil vermək olar? Məsələn, Tətbiqi və Təbiət Elmləri Məktəbi və İqtisadiyyat məktəbinə diqqət edək: Yazırlar ki, Tətbiqi və Təbiət Elmləri Məktəbi Qərbi Kaspi Universitetinin qabaqcıl məktəblərindən biridir. Məktəbin nəzdində Təbiət Elmləri kafedrası, Ekologiya və ətraf mühit kürsüləri fəaliyyət göstərir. Məktəb fizika, tətbiqi riyaziyyat, biologiya, kimya və fizika sahələrində yüksək səviyyəli mütəxəssislər hazırlayır. Məktəb ən son laboratoriya avadanlığından istifadə edərək fiziki, fizikokimyəvi profillərinin müvafiq fənləri üzrə dərslər keçirir. Məktəbin intellektual, maddi və texnoloji resurslarının hazırkı vəziyyəti, tədqiqatların aparılması və elmi inkişafına imkan yaradır. AKADEMİK HEYƏTDƏ 13 MÜƏLLİM TƏMSİL OLUNUR: Bunların 4 nəfəri kimya üzrə fəlsəfə doktoru; 4 nəfəri biologiya üzrə fəlsəfə doktoru 4 nəfərin elmi dərəcəsi yoxdur; 1 nəfərin adının qarşısına professor elmi adı yazılıb, lakin elm sahəsi göstərilməyib. İqtisadiyyat Məktəbi haqqında yazılır: Qərbi Kaspi Universiteti yarandığı gündən fəaliyyət göstərir. Məktəbimiz tələbələrə yüksək səviyyəli təhsil verməklə, respublikamızın maraqlarını təmin edə biləcək mütəxəssislər yetişdirməklə Azərbaycanın iqtisadi, sosial və siyasi inkişafına dəstək məqsədi güdür. Tələbələr üçün yüksək keyfiyyətli tədris və təlim mühiti yaradır. İqtisadiyyat məktəbi-universitetin ən aparıcı fakültəsi kimi mövqeyini hər keçən gün gücləndirir və ölkədə nüfuzunu artırır. Şəxsi və peşəkar sahədə yüksək standartlara nail olmaq üçün tam təminatlı iş qabiliyyətinə malik məzunlar yetişdirir. AKADEMİK HEYƏTƏ CƏMİ 4 MÜƏLLİM DAXİLDİR: 1 nəfər-riyaziyyat üzrə fəlsəfə doktoru; 1 nəfər-doktorant 2 nəfəri isə elmi dərəcəsi yoxdur. Bu cür müəllim heyəti və aşağı bal toplayan tələbə ordusu ilə necə yüksək ixtisaslı mütəxəssis hazırlamaq olar? Bu Universitetdə fəaliyyət göstərən digər məktəblərdə də müəllim heyəti analoji xarakter daşıyır. Əlindəki imkanlardan istifadə edib öz Universitetini təbliğ etmək, gözə kül üfürmək, varlanmaq məqsədilə tələbə toplamaq, oliqarx olmaq üçün cəmiyyəti ələ salmaq lazım deyil. Mən bu Universitetin də ailə, qohum-əqrəba universiteti olması məsələsinə toxunmadım. Danışanda dünyəvi dəyərlərdən danışırlar, təfəkkür isə feodallıqdan kənara çıxmayıb”. Qeyd edək ki, Qərbi Kaspi Universiteti Azərbaycanın keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırova məxsusdur.